Adilə Nəzər : - Ölüm – insanın həyat yolundakı ən dərin, ən sirli dayanacaqdır.

MƏDƏNİYYƏT 10:35 / 02.08.2025 Baxış sayı: 3150

Ölüm – insanın həyat yolundakı ən dərin, ən sirli dayanacaqdır. Onu izah etməyə çalışan minlərlə cümlə var, amma ölüm, əslində, bir sükutdur – sözün və cismin dayandığı yerdə ruhun davam etmə ehtimalıdır.

Muğam – özü-özlüyündə bir ruhi yolçuluqdur. Arif Babayevin ifasında muğam başlayır dünya sevgisi ilə, sonra keçir həsrətə, tənhalığa, fəna duyğusuna və sonda ölümlə barışa aparır. Yəni, "Segah"ında – bir dərdin qaranlığı, kədərli ölümün naləsi, "Bayatı Şiraz"ında – qəlbin gileyli səsi, "Rast"ında – tale ilə razılaşma, "Şur"unda – sevgi ilə vidalaşma var...

Arif Babayevdə ölüm – bir muğamın son qərar hissəsi kimidir - kədərli, ahəngli, sonlu və eyni zamanda başlanğıclı...

Elə keçən axşam bu məkanda - Muğam Mərkəzində, 9-cu Muğam Müsabiqəsində Mənsum İbrahimov sağlığına dua etmişdi, zalda əyləşənlərlə birgə. Amma... demək ki, Sənətkar artıq "Çahargah"da ölümə üsyanda, ya da onunla mübarizədə imiş. Sonuncu muğam isə - səssizlik...

Amma biz onun səsini dinlədikcə "yaşadığını" duyacağıq.

Ruhu şad olsun Sənətkarın.