Adilə Nəzər- Nə səsimdə həyat var, nə də ki, sözlərimdə.

Ədəbiyyat 12:34 / 08.08.2025 Baxış sayı: 2230

***

Nə səsimdə həyat var, nə də ki, sözlərimdə.

Özümə gələmmirəm gör bir nə vaxtdan bəri.

Qoşulub buludlara yenə də gözlərimdə,

Ürəyim çözələyir köhnə xatirələri.

 

Yorulub ümidlərim, taqətdən düşüb dizim,

Xəyallar arasında ləngər vurur bir gəmi...

Bilmirəm sənin ömrün necə keçdi, əzizim,

Mənimki başdan-başa ayrılıqların cəmi..

 

Kəsilib ayaq səsi bomboş boz küçələrdən,

Uçub çiynimə qonmur quşlar qabaqkı kimi.

Ölüm havası gəlir qaranlıq gecələrdən,

Qalmayıbdı gözümdə Bakı da, Bakı kimi.

 

Qanlı-qadalı keçdi mübarək illərim də,

Zaman boyda bir ağrı yüklənib kürəyimə.

Kövrək təbəssümlərim donub şəkillərimdə.

Dəli yağışlar yağır hər gecə ürəyimə.

 

Özü boyda kədərdi ömrümün ili, ayı,

Dünya, elə sənin də dərdli anan mən oldum.

Dili kösövlülərin artdı günbəgün sayı,

Hey içinə qapanan, qəlbi yanan mən oldum.

 

Qurtaracaq yer üzü nə vaxtsa tənhalıqdan,

Bu kədərli misralar yoxa çıxıb itəcək.

Lap çoxdan ürəyimdə gizlicə bir inam var,

Mənim də qorxularım nə zamansa bitəcək.

08.08.2020