Adil Şirin- ŞƏHİD GECƏYƏ ELEGİYA

Ədəbiyyat 01:11 / 20.01.2026 Baxış sayı: 1670

 

- 1-

Qara bayraqdı göy üzü,

Qar üstündə qan izi...

Qaranlığı tapdalayır,

Qanlı, yalın ayaqlar.

Ölüm çiçəyi açır,

Cadar-cadar torpaqlar.

Tank tırtılı altında

İnləyir igid gecə.

Çiyin-çiyinə yeridik,

Ölümdən keçə-keçə.

Qara bayraqdı göy üzü,

Qar üstündə qan izi...

Çiyin-çiyinə yeridik,

Ay-ulduzlu bayraqların altında.

Eyni tale yazılmışdı,

Hamımızın alnında...

- 2-

Uçmaq üçün doğulmuşdu,

Bir qanadlı quş olmuşdu.

Qırıldı qolu-qanadı,

Dilində sözü qanadı.

Allah, kimindir bu uşaq?

Qançır-qançırdı dil-dodaq.

Qucaqlayıb nəm torpağı,

Gözləri elə bil oyaq.

Sinəsini deşib süngü,

Açılan lalədir sanki...

Göy üzü qürbətdi ona,

Ruhu canından sürgün.

On dörd, on beş yaşı olar,

Gözümdə göz yaşı olar.

İnnən belə bu dünyada

Mələklərə qardaş olar...

3

Dağ başında Günəş doğur,

Günəş doğur qan qırmızı.

Ana Vətən, Ana Vətən,

Özün sarı yaramızı!

Al qanımız halal olsun,

Bu yurdun hər qarışına.

Şəhidlərimiz qaldırıb

Günəşi dağ başına!