Fidan Nizaməddin qızı , filologiya üzrə fəlsəfə doktoru, dosent:- 2O YANVAR ŞƏHİDLƏRİ ŞAHMAR ƏKBƏRZADƏNİN PUBLİSİSTİKASINDA
Tarixin təcrübəsi göstərir ki, zorakılığa, müstəmləkəçiliyə qarşı ən optimal, və kütləvi mübarizə vasitələrindən biri mətbuatdır. Ümummilli lider Heydər Əliyev Azərbaycanda mətbuatı inkişaf etdirmək məqsədi ilə 1998-ci il 6 avqust tarixində Azərbaycanda senzuranın ləğv olunması haqqında sərəncam imzalamışdı ki, bu sərəncam sayəsində ölkədə publisistika özünün yüksəliş mərhələsini yaşadı. Milli mətbuatın inkişafı üçün ondan artıq sərəncam imzalayan ulu öndər Heydər Əliyev: “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və mətbuat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir” publisistikanı yüksək qiymətləndirirdi. “...Şərəfli tarixə və zəngin ənənələrə malik milli mətbuatımız Azərbaycan ictimai fikrinin inkişafında, xalqımızın mədəni-mənəvi təkamülündə mühüm rol oynamışdır. Milli azadlıq hərərkatının daim ön sıralarında getmiş Azərbaycan jurnalistikası cəmiyyət qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi və həlli işinə əhəmiyyətli töhfələr vermişdir. Mətbuat və söz azadlığı şəraitində fəaliyyət göstərən Azərbaycan jurnalistləri bu çətin və şərəfli vəzifələri ləyaqətlə yerinə yetirməklə yanaşı, beynəlxalq aləmdə dövlətimizin demokratik imicinin formalaşmasına da xidmət edirlər”.
Ötən əsrin son iyirmi ilini müasir publisistikamızın başlanğıc mərhələsi kimi adlandırmaq olar. Qarabağda baş verən təxribatlar, ölkənin ictimai siyasi həyatındakı daxili problemlər, eyni zamanda müstəqillik uğrunda mübarizə mətbuat azadlığına şərait yaradaraq, publisistik yazılara marağı artırdı. Həmin illərdə vətənin dar günündə müdafiəyə olan tələbdən minlərlə publisistik əsərlər yarandı. Yaşanan Qarabağ problemi şairlərlərimizin misralarında poetik anlam qazandığı kimi publisistik sözdə də öz növbəsində dəqiq, qərəzsiz və aktiv şəkildə mətbuatımızın səhifələrində yer alırdı. Bəxtiyar Vahabzadənin, Sabir Rüstəmxanlının, Hidayət Orucun, Səbahəddin Eloğlunun, Bayram Bayramovun, Hamlet Qocanın, Nemət Veysəllinin, Sara Nəzirovanın, Ələkbər Salahzadənin, Teymur Əhmədovun, Famil Mehdinin, Mustafa Çəmənlinin, Sabir Azərinin, Məmməd Aslanın, Şahmar Əkbərzadənin, Elçın Mehrəliyevin, Almaz Bünyadzadənin və onlarla yazarların yaradıcılığında bədii publisistika vətəndaş cəsarəti ilə böyük önəm – Vətən! anlamını daşıyırdı. Məhz bu dövrdə Qarabağ mövzusunu işıqlandırmaq, dünyaya xalqın səsini çatdırmaq, mənfur düşmənin qəddarlığını, Azərbaycan xalqının öz doğma torpaqlarından ədalətsizcəsinə ayrı düşməsi məsələləri publisistikasının əsas ana mövzusuna çevrilmişdir.
Ötən əsrin 20 Yanvar hadisələri və Qarabağ torpaqlarının işğalçılıq siyasəti ilə zəbt edilməsi və haqsızlıqar publisistikasının ana xəttini təşkil edir. 1990-cı il yanvar ayının 19-da saat 19:00-da on bir minlik ordu ilə bütün insan haqlarını pozaraq Bakının müharibə meydanına çevirilməsi, dinc əhalinin güllə-baran edilməsi əslində çox faciələrdən xəbər verirdi. Bu həmin vaxt idi ki, Azərbaycan xalqı yenicə müstəqilliyinə qovuşmuşdu, müdafiəsiz vəziyyətdə olan xalq öz qüruru ilə üz-üzə qalmışdı.
Təsadüfi deyil ki, müharibə və milli mübarizə dövrlərində poeziya və publisistika daha çevik mövqe alır. Müstəqillik illərindən başlayaraq bütün şairlərin qürur yeri olan Qarabağ mövzusu Şahmar Əkbərzadə poeziyasına Vətən həsrəti yükləyərək onu publisistikaya yönəltdi. “İnsan azadlığa olan əzəli sevgisi sayəsində ölümsüzdü” (Folkner). Azərbaycan xalqının milli kədəri olan Qarabağ dərdi şairin paramparça ürəyinin qan yaddaşından damla-damla sətirlərinə süzülürdü.
Bir arzum da şəhid oldu,
Qovruluram yana-yana
Başsağlığı verir mənə
Çinar qorlana-qorlana.
(Qorlana-qorlana)
“Haqqı tapdanan bir millətin dərdini çəkmək, içəridən yanmaq hər kəsin işi deyil. O, bu dərdi, min düyündən keçən dərdi özü çəkirdi” (Məmməd Araz. Şahmar dünyası, “Təhsil”, 2002). Şahmar Əkbərzadə istənilən dövrdə sözünü, mövqeyini mərd və qətiyyətlə bəyan edə bilirdi. Onun “Allah hara, Allahverdiyan hara?” başlıqlı publisistik yazısında, ermənilərə münasibəti bütün tamlığı ilə təcəssüm olunur. Məqalənin adından da göründüyü kimi ermənilərin insanlığa yaraşmayan hərəkətləri, onların dinsiz-imansız olduğlarını (əsərlər üzərindən də misallar çəkərək “C.Cabbarlının “1905-ildə” pyesini yada salır) diqqətə çatdırır. (Şahmar Əkbərzadə. “Allah hara, Allahverdiyan hara?”, “Zaman”qəzeti,19 may,1998).
1988-ci ilin mart ayında “Kommunist” qəzetində “Biz tale qonşusuyuq...” adlı otuz ildən artıq Şuşa Beynəlmiləl məktəbində direktor işləmiş A.Xaçaturyana məktubunda Azərbaycan xalqının digər xalqlarla çoxəsrlik dostluq ənənələrindən, müxtəlif millətlərə mənsub insanların özünü yad, mağmun hiss etməməsindən söz açaraq bu günlər üçün olduqca aktual olan məsələlərdən söz açaraq muraciət etmişdi. “...Babalarımızın iradəsi, zəhməti, qanı bahasına yaradılan SSRİ-nin heç bir yerində yaşamağa qoruq-qaytaq yoxdur. Lakin torpaq namusumuzdur. Namusun keşiyini çəkərlər, bölməzlər”. (Şahmar Əkbərzadə. “Kommunist” qəzeti, 6 Mart, 1988). Qarabağlıların, xüsusilə, doğma yurdunda uşaqlıqdan şahidi olduğu hadisələrin – Ağdamın Mahrızlı kəndinin camaatının səfalət içində yaşayan ermənilərlə son tikələrini bölüşdürməsindən, muharibədən sonrakı illərdə Qarabağ dağlarında qıtlıq və quraqlıq vaxtı səfil həyat yaşayanda Ağdam rayonundakı Orconikidze adına kolxozun üzvləri Stepanakerd rayonunun Telman adına kolxozuna maşın-maşın taxıl aparmasından və ağdamlıların daha neçə-neçə yetim erməniyə, rusa yiyə durmasını xatırlamışdı. İnanırıq ki, bütün qarabağlıların xatirələrində yüzlərlə belə hadisələr mövcuddur.
Şahmar Əkbərzadənin çıxışlarında da, yazıları kimi bütövlük hiss olunur. Yazılarının bütün fikirləri xarakterindən güc alır və xalqın marağından kənarda qalmırdı. Respublika sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş mərasimdə ziyalıların çıxışı çox böyük əhəmiyyət kəsb edirdi. Bəxtiyar Vahabzadənin, Məzahir Süleymanzadənin, Yusif Kərimiovun, Şahmar Əkbərzadənin və onlarca Azərbaycan ziyalılarının çıxışlarında, 20 Yanvar hadisələrində müstəqilliyimiz uğrunda şəhid olmuş igidlərimiz, Qarabağ hadisələrinə münasibət, şəhid oğullarımızın şücaəti diqqət mərkəzində dayanırdı. Şahmar Əkbərzadə çıxışında 20 Yanvar hadisələrini xatırlayaraq belə bir günün müqəddəsliyindən bəhs edir və deyirdi: “20 Yanvar 1990-cı il tariximizin ən təzadlı günüdür. Paradoksa baxın: bu gün həm müsibətimizin, həm də milli iftixarımızın eyni vaxtda əbədiyyət qazandığı gündür. Qanlı Yanvarımızın, Şanlı Yanvara dönən günüdür. Əsarət bayrağının Hürrüyyət bayrağına çevrildiyi gündür. Mənə elə gəlir ki, bu gün ağlamağa, sızlamağa heç birimizin haqqı yoxdur” (Şahmar Əkbərzadə. “Respublika” qəzeti, 20 yanvar, 2000 ci il).
Müəllif buradakı çıxışında da unutqanlıq məsələlərini yada salaraq bu gün artıq uzun illərdən sonra səhvlərimizdən nəticə çıxardığımızı alqışlayır. Belə görünür ki, 1988-ci ildən üzü bəri ədəbiyyatımızın publisistikanın üstünlük təşkil etməsi xalqın ayılmasına, məsələlərə dəqiq münasibət bildirməsində təsirsiz ötüşməyib. Elə çıxışının sonunda da müəllif Azərbaycan xalqına çağırış olaraq Şəhidlərimizlə qürür duymaqla yanaşı unutqan olamamağı tövsiyyə edir. Şahmar Əkbərzadənin çıxışında incə məqamlarla yanaşı dərdlərimiz, problemlərimiz, bu çətin vəziyyətdən çıxış yolu və torpaqarı qaytarmaq üçün yollar aranır. Burada onu narahat edən məsələlərə də toxunur – 20 Yanvar şəhidlərinə qara yaxaraq terrorist adlandıranları söz atəşinə tutur. Şəhid adını müqəddəs tutan Şahmar Əkbərzadə: “...onların gördüyü iş unudulmamalı, şəhid adı hər zaman uca məqamda olub, yenə də uca olmalıdır” deyirdi. Çıxışında 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin ismini çəkən müəllif onun kimilərin minlərcə olduğunu qeyd edərək deyir: “Mən şəhidlərə böhtan deyənlərə bir misal çəkmək istəyirəm. Onlar gənc istiqlal şairi, bizim balamız tələbə Ülvü Bünyadzadənin bir misrasından utanmalıdırlar: “Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik”. Sözün ilahiliyinə, böyüklüyünə baxın! O, tanklarla üzbəüz olmadan üç saat əvvəl bizə vəsiyyət yazıb qoyub gedibdir. O andda deyilir ki, mən özüm xalqımın yolunda ölümə gedirəm. Amma görün şəhidlərə, xalq hərakatına nə böhtanlar atılır. Bəli, belə oğlu olan xalq xoşbəxtdir. Belə balası olan xalqdan xoşbəxti ola bilərmi?! Niyə mən qürur, iftixar hissi keçirməyim ki, Ülvi kimi balamın hesabına Azərbaycanım daha da əzizləşir. Onun ruhu, onun qanı Azərbaycanı bir daha müqəddəsləşdirir”. Bu sətirləri oxuyarkən odlu bir publisist gözlərimiz önünə gəlir. Şəhidi ilə qürur duyan, fəxarət hissi keçirən vicdanlı, dürüst bir ziyalı vaxtı ilə xalqımıza müqəddəs bir yol göstərdiyi bu çıxışlardan bizə daha dəqiq məlum olur. Şahmar Əkbərzadənin çıxışında Azərbaycan ailələrinin 20 Yanvar hadisələrində böyüklüyü, sevgisi diqqətə çatdırılır. Müəllifin şəhidə verdiyi dəyər və qiymət çıxışın sonunda daha aydın şəkildə təcəssüm edilir.
Ə.Salahzadə “Astana”, “Şəhidlər, şahidlər...” adlı publisistik yazılarında, (“Ulduz” jurnalı, 1-2 sayı, 1993-cü il) şəhidliyin müqəddəsliyini Tanrı dərgahına ucaldaraq yazırdı: “Şəhidlik qəhrəmanlıqdır, əlçatmazlıqdır, ucalıqdır, Allaha yaxınlıqdır. Şahidlik daha ağırdır: şahidliyin hardasa qınaq üzü, tənə yükü var. Biz niyə şəhid ola bilmədik!” yaxud – “Bu torpaq şəhidlərindir, bu hava şəhidlərindir, bu gün işığı şəhidlərindir”.
Bu ideyada şəhid kimdir? Sualına çox düzgün cavab tapılır. Şahmar Əkbərzadə şəhid haqqında yazır: “Əslində şəhidlik rəşadət, cəsarət, həm də hər bir millətin mənəvi dəyəridir. Mən İlham və Fərizə Allahverdiyevləri misal çəkmək istəyirəm. Bu salonda çox saylı alimlər, Azərbaycan xalqının ruhunu bilən, kəşf eləyən, yazan insanlar var. Mən elə bir dastanımızı oxumamışam ki, İlhamla Fərizənin ilahi eşqinə bərabər olsun. Onların ilahi eşqi həm də vətənə bağlı idi və nağıl, əfsanə deyildi. Vətən məhəbbəti, Vətən eşqi bu iki gənci ölümə, şəhidliyə apardı. Eşq olsun belə sevgiyə, belə eşqə! Mən İlham və Fərizə dastanını yaza biləcək Füzuli qarşısında bu gün baş əyirəm! Şəhidlərimizin uyuduğu, Azərbaycanımızın güvənc yeri olan Şəhidlər Xiyabanını Vətənimizin ən vüqarlı dağı hesab edirəm. Çünkü orada bizim sabahımız, gələcəyimiz, əbədi varlığımız naminə şəhid olanlarımız uyuyur. Şəhidlərimizə, qazilərimizə əbədi eşq olsun!”. Bəli, İlham və Fərizənin şəhidliyi nə nağıl idi nə əfsanə. Gözümüzün önündə baş vermiş eşq, birlik və sonsuz Vətən sevgisi idi. Bu kimi vaxtında yazılan publisistikamız bugünkü qələbəmizə atılan körpü idi. Şəhidlərimizə verilən dəyər və ölçüyə sığmayan qiymət döyüşçülərimizi vətən müdafiəsindən qalib çıxmağa böyük təkan olmuşdu. Milli mübarizə zamanı sözün qüdrəti vacib amildi: “Silahı tutan döyüşçünün əlləri olsa da ona ilham verən, ruhlandıran, mənəvi dəstək olan sözdür”.
Təəssüf ki, 20 Yanvar hadisəsi nə ilk, nə də son faciəmiz oldu. Ən çoxsaylı itkilər 1991-1994-cü illərdə Qarabağda və dövlət sərhədində baş vermiş döyüş əməliyyatlarında (11.557 Azərbaycan hərbçisi), 1992-1994-cü illərdə davam edən hərbi əməliyyatlar zamanı isə Azərbaycan ordusunun itkiləri əsasən Ağdam döyüşlərində (1993) və Kəlbəcəri geri almaq üçün təşkil edilmiş hücum əməliyyatlarında (1994) baş verib. Xocalı faciəsi isə qan yaddaşımıza çökdü. Nə susa bildik, nə də bu faciələri ifadə etməyə söz tapa bildik...
Axıb Arazlandı qızıl qanımız,
Zorla qürbətləndi xanimanımız.
Yada ətir saçdı gülüstanımız
Mən həsrət qoxladım çiçək yerinə.
(Həsrət qoxladım çiçək yerinə)
Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Şahmar Əkbərzadə bu gün Azərbaycan xalqının düşmən üzərindəki qələbəsini görmədi. Lakin onun Şəhidlik mövzusunda yazıları və çıxışları öz kəsəri və cəsarəti ilə Azərbaycan bədii publisistikasında özünə məxsusluğu ilə tarixə düşdü.
Fidan Nizaməddin qızı
filologiya üzrə fəlsəfə doktoru, dosent.