AYB MİNGƏÇEVİR BÖLMƏSİNİN YENİ İLDƏ İLK YARADICILIQ GÜNÜ

MƏDƏNİYYƏT 17:35 / 15.01.2025 Baxış sayı: 2019

 

(REPORTAJ)

Bu gün ( 15.01.2024) saat on bir ərəfəsində əvvəlki Yaradıcılıq Günlərində olduğu kimi AYB-nin Mingəçevir bölməsinin yazarları onlara doğma olan otağın qapısın ərklə açaraq içəri keçir, bölmə rəhbəriylə görüşəndən sonra qışın şaxtalı-soyuq havasını ilıq təbəssümləriylə unutdurmağa çalışırlar. Bölmənin rəhbəri İsmayıl İmanzadə həmkarlarını salamlayıb, Ötən ay ölümüylə çoxlarını qəmə-qüssəyə qərq edən yazıçı-publisist Eyyub Cabbaroğlunun və üç gün qabaq dünyadan vaxtsız gedişiylə mənsub olduğu Əziovlar ailəsini və dost-doğmalarını yandırıb-yaxan, tanınmış şair Elşən Əzimin qardaşı Gündüz Əzimovun vəfat etmələriylə bağlı hüzn dolu kəlmələri dilinə gətirəndən sonra hər iki mərhuma Allahdan qəni-qəni rəhmət diləyir.

Bir neçə anlıq sükutdan sonra isə yeni ildə görülməsi nəzərd tutulan işləri bir-bir sadalamaqla həmkarlarını nikbin notlar üstə kökləyir. Və adətən həmişə olduğu kimi ötüb-keçən anları “hesablayan” saatın əqrəbləri istiqamətində əyləşən yazarlar qələmə aldıqları yazılarını oxumağa hazırlaşırlar. İlk olaraq şair Mikayıl Yusif həmkarlarına yeni il arzularını ünvanlayandan sonra oxuduğu bir neçə şeiri ilə hamını məmnun edir. Növbə bölmə rəhbərinin “ahıl və cahıl şair dostumuz” adlandırdığı Ağabala Salahlıya çatanda, Rəşid Rəsulovbu dəfə də zarafatından qalmır: “Lələ, qəddini bir az şax tut, yoxsa elçiliyinə gedəcəyimiz sevdiyin qadın səni bəyənməz ha!..-deyəndə, Ağabala kişinin cavabı gecikmir: “Narahat olma, yaşlansam da, yüz cavana dəyərəm!”-deyərək məhəbbət mövzusunda oxuduğu bir şeiriylə diqqəti bir daha özünə çəkir.

Tanınmış hüqüqşünas-şair Bəhman Gülövşəli yazdığı üç yığcam şeiriylə hamıya təbəssüm dolu anlar bəxş edir. Tədbirə qonaq qismində qatılan Orxan Əzizov mərhum şair atası Fəxrəddin Əzizin iki şeirini oxuyur və sonda hamı tərəfindən mərhum şair atasına rəhmət qazandırır.

MDU-nin müəllimi, şair Əbülfət Həsənoğlu həmkarlarına yönəlik xeyir-dualarını dilinə gətirəndən sonra, Mahir Musa yurdumuzun gözəlliklərini vəsf edən bir şeiri ilə söz məclisini nikbin notlar bəxş edir.

Tanınmış şair, qoşma və gəraylı janrlarının mahir bilicisi Əhməd Əfsun bu dəfə də oxuduğu şeiriylə poeziyanın ən dərin poetik qatlarından soraq verir. Gənc şair-dramaturq, nasir, AYB-nin üzvü Elçin Məhərrəmin, cavan yazar Şamil Həsənin təqdim etdikləri hekayələr, gənc şair Nicat Hunalpın müasir poeziyanın tələbləriylə birgə səsləşən lirik şeir hamı tərəfindən bəyənilir. Satira ustası, zəmanəmizin kəm-kəsirlərini poetik dillə “qamçılamaqla” yanaşı, xalqımızın firavan gələcəyini arzulayan Eldəniz Cəfəroğlu bu dəfə də oxuduğu iki şeirlə yüksək vəzifələrdə işləsələr də, etimadı doğrultmayan bəzi rüşvətxor məmurların bəd əməllərini “faş” edir...

Sonda bölmə rəhbəri şair-publisist İsmayıl İmanzadə də üç yığcam-lakonik şeiriylə həmkarlarını məmnun edir və yazar dostlarına xeyir-dualarını ünvanlayır. AYB Mingəçevir bölməsinin könül xoşluğuyla başlayıb, ürək açıqlığıyla sonuclanan növbəti Yaradıcılıq Günü də şirin xatirələrin düzümündə layiqli yerini tutur...

Şamil Həsən

AYB Mingəçevir bölməsinin mətbuat xidmətinin rəhbəri

15.01.2025