Zəlimxan Yaqub : - ÇIXIŞ EDİR XƏLİL RZA
Şəhid oğulun yasında şair atanın çıxışı
Xəlil Rzanı sağlığında ölməz elədi. Qanla yazılan
Azərbaycan tarixinin bir parçasına çevirdi.
Əyilmәzlik Ulutürkün әslindәdi, soyundadı,
Palıd kimi qamәtindә, çinar kimi boyundadı.
Elә bil ki, öz oğlunun yasında yox, toyundadı,
Azadlığın, istiqlalın tarixini yaza-yaza,
Çıxış edir Xәlil Rza!
Oğlun ölә, sәn kәdәrin ayağına enmәyәsәn,
Çırağını söndürәlәr, sәn yenә dә sönmәyәsәn,
İlqarından, imanından, mәslәkindәn dönmәyәsәn.
Bu qüdrәtә qıyanlara Allah özü versin cәza,
Çıxış edir Xәlil Rza!
O ağlamır, әvәzindә yer ağlayır, göy ağlayır,
Saz dil deyir, tar oxuyur, kaman yanır, ney ağlayır.
Bu gün ona qulaq asan nә varsa, hәr şey ağlayır,
Ürәyindәn, baxışından qızıl qanlar sıza-sıza,
Çıxış edir Xәlil Rza!
Tәbriz tәkcә onun deyil, bu millәtin balasıdır,
O, tarixin yaddaşında şәhid kimi qalasıdır.
Dünya boyda ata qәlbi dözüm, sәbir qalasıdır,
Dinlәdikcә düşünürәm, gәrәk deyil cәza-fәza,
Çıxış edir Xәlil Rza!
Dedim, bu gün sәsi çıxmaz, gördüm daha gurdu Xәlil,
Şәhidlәrin başı üstә şölәlәnәn nurdu Xәlil.
Bәlkә elә İsrafilin özü çalan surdu Xәlil,
Silkәlәyir yer üzünü qopan tufan, gәlәn qәza,
Çıxış edir Xәlil Rza!
Bir şairin әqidәsi bir millәtә çәlәng olur,
Böyüdükcә gözümüzdә nәhәnglәrdәn nәhәng olur.
Nifrәt ilә, qәzәb ilә doldurulmuş tüfәng olur,
Gözü kora, qәlbi daşa, beyni kütә, ağlı aza,
Çıxış edir Xәlil Rza!
Qollarında el gücü var, xәyanәti boğmaq üçün,
Himә bәnddi düşmәn üstә atәş olub yağmaq üçün.
Günәş kimi baş-başadır dan yerindәn doğmaq üçün,
Ocaq kimi yana-yana, dәmir kimi qıza-qıza,
Çıxış edir Xәlil Rza!
Tәpәsindәn çıxan tüstü burum-burum qalxır göyә,
Hәmi yanır, hәm yandırır Azәrbaycan deyә-deyә.
Qara dağlar yıxılsa da, çәtin şair boyun әyә,
Kölәliyin, xәyanәtin mәzarını qaza-qaza,
Çıxış edir Xәlil Rza!
Əyri düzü, pis yaxşını, nahaq haqqı yıxa bilmәz,
Şәr xeyiri sona kimi sıxışdırıb sıxa bilmәz.
Əqidәsi olan kәsin axırına çıxa bilmәz,
Heç bir zindan, heç bir mәhbәs, heç bir ölüm, heç bir qәza,
Çıxış edir Xәlil Rza!
Şәhid oğul, şair ata, hәr ikisi zәrif, hәssas,
Toyu dünәn elәmişdik, nә tez düşdü, tez gәldi yas.
Ana torpaq, şәhidini sevgilәrlә bağrına bas,
Yenә üzü baharadı, yenә yolu qışdan yaza,
Çıxış edir Xәlil Rza!
Qoy dinlәsin qoca dünya,
Çıxış edir Xәlil Rza!
Qoy inlәsin qoca dünya,
Çıxış edir Xәlil Rza!!!