Arifə Əliyeva : - Hər kəsə qismət olmayan 85

MƏDƏNİYYƏT 09:20 / 12.01.2025 Baxış sayı: 739

85 nadir yubileylərdəndir, hər kəsə qismət olmaz. 85-i haxlamısansa, hələ ayaq üstəsənsə, ağlın kəsirsə, gözlərin görürsə, kiməsə faydan dəyirsə, üstəlik şeir də yaza bilirsənsə, Allahın yadındasan.

2025 Firuzə Məmmədli ili olsun, məncə. Vacib deyil ki, bunun üçün dövlətdən fərman gəlsin, özümüz, şeirsevərlər, Firuzə xanımın xətrini istəyənlər ilboyu elə bu sehrli şəbəkədə Firuzə xanımın şeirlərini paylaşaq, şəxsiyyətindən söz açaq, tanıyanlar ondan danışsın, tanımayanlara tanıtsınlar...

Mevlanənin sözüdür, deyir olduğun kimi görün, gördüyün kimi ol. İnsanların əksəriyyəti göründüyü kimi deyil, bu, müsbət və mənfi mənada ola bilər. Bir insanı uzun illər mələk sanarsan, amma bir gün məlum olar ki, şeytan onun yanında toya getməlidir. Elə insanlar da var ki, göründüklərindən daha yaxşıdırlar, hətta çox-çox yaxşıdırlar. Firuzə xanım bu ikincilərdəndir, yəni nadirlərdən.

Firuzə xanımı tanımaq üçün mənə illər lazım olub. Onu ilk dəfə ötən əsrin 80-ci illərində görmüşəm. Nə üçün gəldiyi yadımda deyil, salamlaşmışıq, ya yox, bilmirəm. Çox gəlib getməzdi, hər dəfə eyni ciddi görkəmdə, soyuq təsir bağışlayırdı. Alışdığım üzügülər qadın şair və yazıçılardan çox fərqlənirdi. Sanki yad yerə gəlirdi, elə bil buraya zorla göndərirdilər. 7-8 il Firuzə xanımla bağlı təəssüratım belə payız havalı olub.

Sovet dövrümüzün parlaq dönəmi başa çatandan sonrakı ilk illərdə, açıq demək lazımdır ki, Yazıçılar Birliyi suyu sovulmuş dəyirmana bənzəyirdi. Təkcə Birliyimizi deyil, ölkəmizi xəzan vurmuşdu. Məhz həmin vaxtda Firuzə xanım Yazıçılar Birliyinə daha tez-tez gəlməyə başladı. Həmkarlar İttifaqımızın adı var, özü yox sədrinin başı maraqlı işlərə qarışdığı üçün Firuzə xanım özünün və bir neçə özü kimi zərərdidənin sənədlərini pişik balasını dişində-dırnağında daşıyan kimi qəzalı evindən Birliyə, Birlikdən geriyə daşıyırdı. Bu barədə vaxtilə yazmışam deyə, təfərrüata varmıram. Qısaca deyim ki, Həmkarların sədri maraqlı işlərin ucbatından ölkədən qaçmalı oldu. Kollektiv Firuzə xanımı Həmkarlar İttifaqının sədri seçdi. Hİ canlandı, yeni sədr əməkdaşları uşaqlı-köşəkli, nəvəli-nəticəli səfalı yerlərə apardı, Masallı sənin, Şəki mənim, televizorda gördüyümüz Nabranın film kimi pansionatlarında 3 gün, iki gecə istirahət etdik. Firuzə xanım bizi Xıdır Zində ziyarətgahına apardı, qurbanı vardı, kəsdirdi, yediyimizi yedik, qalanını payladı. Mir Mövsüm Ağa, Bibi Heybət məscidlərini də onun təklifilə ziyarət etmişik. Tarix muzeyinə, Qala, Atəşgah muzeylərinə getmişik. Unutmayanlar xatırlayırlarsa, Firuzə xanım ən maraqlı xatirələrimizdə ən başdadır. Fəal üzvlərin mükafatlandırılması, yardımlar, sanatoriyaya putyovkalar müqayisəedilməyəcək ölçüdə Firuzə xanımın dövrünə düşür. Yuxarıda dediyim, mənzil arzusunda olan 5-6 zərərdidənin ardınca müraciət edənlərin sayı çoxaldı. Əvvəlki Hİ sədrindən fərqli olaraq, Firuzə xanım sənədləri alıb quyuya atmırdı, hər bir sənədin ardınca İcra Hakimiyyətinə gedirdi. İH-nin qəbul etmədiyi sənədlərin tənəsi Firuzə xamıma dəyirdi, öldürməklə təhdid edən də, müəllimlər müəllimini acı sözlərlə zəhərləyən həmkarlar da vardı. Bəzən məmurlarla dil tapırdı, sənədləri qəbul etdirirdi. Beləliklə, 49 nəfərin sənədi rəsmi dövlət qeydiyyatından keçmişdi. Tikinti şirkətinə ikilikdə, yaxud qrup şəklində yürüşlərimizi xatırlayanda hövsələmizə məətəl qalıram. 34 nəfərin mənzil məsələsi qismən həll ediləndə təşəkkür edənlərin cəmi 3 nəfərdən artıq olmadı. Yaxşı ki, çox olmayıb, quru təşəkkürü də şişirdənlər olub.

Kənardan kiməsə asan görünə bilər, amma bütün bu işlər insandan hünər istəyir, əsəblərini çeynəyir, sağlamlığını əridir. Hərdən qulağımız çalır, Həmkarlar İttifaqı nəyə lazımdır, çox yerdə Həmkarlar İttifaqları bağlanıb. Doğru deyil, Həmkarlar İttifaqının hesabatını vermək üçün günlərlə növbə gözləyirik. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının yığıncaqlarında neçə-neçə məşhur sənətkar sədr qismində iştirak edir. Həmkarlar İttifaqı demokratiyanın atributudur, demokratiyaya barmaqarası baxan, buyursun Həmkarları bağlasın, altdan-altan təxribatdansa, aşkara çıxıb desin ki, təşkilatı kimə görə dağıtmaq istəyir? Demokratiya mədəniyyətdir, anlamaq, anlayış göstərmək, istismar etməmək, əzməmək və ilk növbədə özünü əzdirməmək, ləyaqətini heç kimin və heç nəyin ayaqları altına atmamaqdır.

Firuzə xanım 70 ildir şeir yazır, 50 il dərs deyib, müəllimlərə müəllimlik edib, 30 ildir həmkarların zəhmətini çəkir. Firuzə xanımın ömrünün o 30 ilində yanında olmuşam, o 30 ildə çox həmkarımın da mənim yanımda olduğunu zənn etmişəm. O 30 ildə Firuzə xanımı tanımışam, kəşf etmişəm, sevmişəm. Mən Firuzə xanımı inciyə bənzədirəm, okeanın dərinliyində gizlənmiş sədəfin içindəki inci kimidir. Görünməyə həvəsli deyil, özünü tanıtmağa can atmaz, qüruru həddən artıqdır, klassik Azərbaycan xanımıdır, həyalıdır, göz önündə olmaq istəməz, qısası, cəmiyyətdən yaşınır. Zahirən qaraqabaqdır, tündməcazlığı da var, hövsələsi tez daralır... Firuzə xanımı tanımaq istəyənlər bu tikanlı məftilləri aşmalıdırlar. Bu səddi keçənlər üçün sədəf yavaş-yavaş açılmağa başlayacaq. Görəcəklər ki, bu sərt görkəmli insanın sinəsində şəfqətli, kövrək ürək döyünür. Ömrü kitab oxumaq, kitab yazmaqla keçmiş bu ağıllı insan həm də uşaq kimi məsumdur, safdır. Heç kimin yanında ağlamaz, sarı simə vurmaz, buna şahid olmaq üçün onu sevməyiniz yetməz, o da sizə bağlanmalıdır ki, bu da asan məsələ deyil. Firuzə xanım insanlardan çox çəkib, yaxşılığının müqabilində çox yamanlıq görüb, amma özü dəyişməyib, qəddarlaşmayıb, yenə kiməsə yaxşılıq edər, yenə kiməsə aldanar, yenə peşman olar və yenə başdan başlar. Hərdən deyirəm, Firuzə xanım, elə bil dünyaya dünən gəlmisiniz...

Dünən Birliyimizin rəhbərliyi Firuzə xanımı yubileyi münasibətilə təbrik etdi. Anar müəllimin iş otağında kiçik heyətdə yığışdıq. Firuzə xanımın təmtərağı sevmədiyini bilirlər. Anar müəllim xoş sözlər dedi, Firuzə xanıma " böyük şairisiniz", dedi. Reshad müəllim çox sevincək idi, doğması haqqında danışırmış kimi danışdı. Elçin Hüseynbəyli də ürəkdən danışdı , Qulu Ağsəs, Əsəd Cahangir Firuzə xanımın sənətini təriflədilər, Xatirə Fərəcli, Xəyal Rza şəxsiyyətindən söz açdılar... Çox səmimi ab-hava Firuzə xanımı kövrəltmişdi, bəlkə də bu qədər səmimiyyət gözləmirdi, inanmırdı ki, onu belə yaxından tanıyar və dəyərləndirərlər. İsti münasibətdən istifadə etmək istədi, Anar müəllimi Xaçmaza, yerli yazıçılarla görüşə dəvət etdi. Anar müəllim təklifi məmnuniyyətlə qəbul etdi. Duyğularını büruzə verməyi xoşlamayan Firuzə xanımın uçmağa qanadı yox idi, yəqin ki, bunu bütün məclis əhli hiss edirdi. Firuzə xanımın insanlardan umduğu heç nə yoxdur, amma sevgiyə-sayğıya haqqı çatır. O məclisin istisi sanki buzları əritmişdi. Firuzə xanımın ürəyi açılmışdı, mülayim idi, mehriban idi, olduğu kimi idi, mənim tanıdığım Firuzə xanım idi, elə təbrikə gələnlər də göründükləri kimiydilər, könülsüz söz deyən olmadı, ürəklər danışırdı... Uzun illərin təcrübəsindən bilirəm, ləyaqətli insanların məclisləri səmimi keçir, belə insanların nuru istər-istəməz hamıya sirayət edir, qəlplik yox olur . Onu da deyim ki, Çingiz Abdullayev əvvəlcədən otağımıza gəlib Firuzə xanımı təbrik etmiş, gözəl sözlərlə yubilyarın ürəyini açmışdı.

Unudulmaz günün axşamı Firuzə xanımı bir də ailə üzvlərimlə birgə təbrikə getdim. Firuzə xanımı sevən qızlar sürpriz yapmışdılar, elliklə bizi qarşıladılar. Çoxdan görüşmədiklərimi də, dünən gördüklərimi də elə bil illərlə görməmişdim, hiss etdim ki, bu ovqat üçün darıxmışam. Firuzə xanımın ocağında keçirdiyimiz o tutiyə saatları tez-tez yaşamaq qərarına gəldik. Ayda-rübdə Firuzə xanımın işığına yığışmaq nə gözəl olar... Yorğunluğumuz çıxar, ruhumuz dincələr.

Əzizimiz, firuzəmiz, incimiz, həm anamız, həm balamız Firuzə xanım, sizi tanımaq ürək istər, sizi sevmək qəlb istər, ürəkliləriniz çox olsun, siz də olun həmişə. Daha neçə-neçə yubileylərə...