Sona Vəliyeva : -  Bu Səs

Ədəbiyyat 18:25 / 17.01.2025 Baxış sayı: 272

 

(Dostlardan biri: “Hər zaman ən çətin

anımda yuxuda məni əzizləyən bir səsə

oynayıram” – dedi...)

Çəməndə güllərin çöhrəsi kimi,

sirri yozulmayan ney səsi kimi,

bir eşqin sevdalı bəlgəsi kimi

bu səsin hikmətin göndərən bilir.

 

Bu səs zirvədə qar, göydə buluddu,

çiçək ləçəyində məni uyutdu.

Quyuda Yusifə haqq duyğusudur

bu səsin hikmətin göndərən bilir.

 

Tövbə qapısında arınıb gəlib,

yeddi qat göylərdən ayrılıb gəlib,

cənnət ağacından nübar gətirib,

bu səsin hikmətin göndərən bilir.

 

Arı pətəyində şan kimi gözəl,

eşqə etirafda an kimi gözəl,

məni əzizləyər: “Oyan, ay gözəl”,

bu səsin hikmətin göndərən bilir.

 

Bənövşə ətrimi, lalə ətrimi,

hardan əziz bilib belə xətrimi?

qeybdən səslənən sirmi, heyrətmi –

bu səsin hikmətin göndərən bilir.

 

Üstə günəş düşən ipəkdi, parlar,

bir az ruhdan düşsəm, anatək danlar,

ən çətin günümdə qolumdan tutar,

bu səsin hikmətin göndərən bilir.

 

Bəzən məni məndən qoruya bilib,

dərdi anlatmamış, tez duya bilib,

dualı eşqimə cavab gətirib,

bu səsin hikmətin göndərən bilir.

 

Musa əsasında haqq möcüzəsi,

İbrahimə odda Rəbbinin səsi,

Peyğəmbər eşidən “oxu” kəlməsi,

bu səsin hikmətin göndərən bilir.

 

Min qəza-bəlaya çəpərə dönər,

bəzən gücüm olar, təpərə dönər,

Tanrı sevgisindən xəbər gətirər,

bu səsin hikmətin göndərən bilir.

 

Ümidi itirsəm, tapar, yetirər,

dağa təcəllası işığa dönər,

yerdən göyə qədər körpü bitirər,

bu səsin hikmətin göndərən bilir.