YAŞIL ÜZLÜ ANA TƏBİƏTİ VƏSF EDƏN POEZİYA BUKETİ
Bir neçə saatdan sonra “əlvida” deyibən vidalaşacağımız 2024-cü ilin dekabr ayının əvvəllərində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin xəttiylə təbiət mövzusunda uzaq yüzilliklərdən üzü bəri yazılmış ən yaxşı şeirlərdən ibarət “Yaşılım, yaşılım, hara gedirsən” adlı şeirlər toplusu nəşr edilmişdir.
Nəşrin ideya müəllifi AYB sədrinin müavini Rəşad Məcid, tərtibçisi AYB-də multikultural məsələlər üzrə məsul şəxs Xatirə Fərəcli, redaktoru Əməkdar mədəniyyət işçisi görkəmli şair-publisist Vaqif Bəhmənlidir.
“Kitabi-Dədə Qorqud”dan başlamış müasir Azərbaycan şairlərinin yaradıcılığına qədər böyük bir dövrü əhatə edən, təbiətə həsr olunmuş poetik əsərlərdən nümunələr toplanmış nəşrin adı mərhum şair Eldar Baxışın şerindən götürülüb.
“Yaşılım, yaşılım, hara gedirsən” kitabı bədii zövq qaynağı olmaqdan əlavə, təbiəti və ədəbiyyatı sevən oxucular üçün zəngin-sanballı ədəbi mənbə və dəyərli söz töhfəsidir.
Toplunun 386-387-ci səhifələrində mənim də təbiət mövzusunda illər öncəsi qələmə aldığım “Qış nağılı”, “Meşə ləhcəsi” və “İnciyər” adlı üç şeirim dərc olunmuşdur.
“Yaşılım, yaşılım, hara gedirsən” kitabını araya-ərsəyə gətirənlərə təşəkkürümü bildirir, topluda əsərləri təqdim edilənlərə,- ayrı-ayrı zaman kəsimlərində dünyalarını dəyişmiş qələm sahiblərinə Allahdan rəhmət diləyir, indiki günlərimizdə yaradıcılıqlarını davam etdirən müəllifləri təbrik edirəm!
P.S. Xalqımızın dəyərli övladlarını 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İlin gəlişi münasibətiylə təbrik edir, ana Vətənimizdən uzaqlarda yaşayan soydaşlarımıza cansağlığı, əməli fəaliyyətlərində uğurlar arzulayıram!
İsmayıl Mərcanlı İmanzadə
AYB-nin Mingəçevir bölməsinin sədri