Rəfail Tağızadə : -
Buludlar qaralır, indi hardasa,
sular axarından çıxacaq yenə.
Bu dünya təzədən düzələn deyil,
həsrət ürəyimi sıxacaq yenə.
Ayın ötən gündən görünmür üzü,
görünmür torpaqda bir insan izi.
Gündüz dəniz üstə gəzən buludun
yenə də qəfildən dolacaq gözü.
Daha bu torpaq da dözmür, sürüşür,
otağım dünəndən bir quş yuvası.
Daha olanlar da əriyib gedir
çözülmür ölümlə-qalım davası.
Titrəyir üzülən xəlbir əllərim,
əlimə gələnlər əlimdə qalmır.
Nə qədər yeriyim özgə önündə,
önümə aldığım önümdə qalmır.
Küləyə qoşulub gedəydim gərək,
üstümə tufanlar yürüyür indi.
Ötən günlərimi xəzan qarışıq
kor fələk qapıdan kürüyür indi.