Əbülfət Mədətoğlu  Çingiz Əlioğlunun    ÜRƏK  xəbərdarlığından  yazdı 

YAZARLAR 10:19 / 15.08.2023 Baxış sayı: 65460

Bunun nədənini yazını oxuyanda  biləcəksiniz...

 

Bəri başdan deyim ki, bugünkü Azərbaycan ədəbi camiyəsinə bələd olduğum ilk gündən tanıdığım, oxuyub izlədiyim və həm də özümə böyük dost, doğma qardaş bildiyim imza sahibləri də var. Onların yaradıcılıqları kimi, şəxsiyyətləri də bütövdür. Yəni bu adamlar təkcə şair, nasir yox, həm də Azərbaycan İNSANI kimi də həmişə mənim üçün maraqlı olublar və onu da etiraf edim ki, hələ gəncliyimdə, tələbəlik illərimdə onların hər kəs tərəfindən görünən hərəkətlərini, jestlərini özümünküləşdirməyə, özümə köçürtməyə də çalışmışam. Bu gün onlardan biri, özümün, ailəmin doğması olan Çingiz Əlioğlundan danışmaq istəyirəm.

Çingiz Əlioğlu yaradıcılığı mənim üçün ədəbiyyatımızda ayrıca bir səhifədi. Bu yaradıcılıqda bir ağayanalıq, bir özünəməxsusluq, bir kişi köynöylüyü, yəni sözü olduğu kim təqdim etmək məharəti var. Çingiz müəllim hər bir şeirində öz kübarlığını, öz zənginliyini ifadə etməyi bacaran Azərbaycan şairidi və mən də onunla olan dostluq münasibətindən ailəvi bağlılıqdan həmişə qürur duymuşam. Elə bu yazını yazmağa başlayanda ilk ağlıma gələn uzaq gəncliyimin gözəl xatirələri. Rəhmətlik Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı və Çingiz Əlioğlu «üçlüyü» oldu. Necə deyərlər, həyatın mükəmməl bir dostluq nümunəsi... Nə isə.

Bəli, Çingiz müəllimin bütün kitabları mənim üçün maraqlıdı, əzizdi və mən də o kitabların hər biri ilə təmasda olanda nəsə öyrənmirəm, nəsə görüb götürürəm. Bu dəfə də «Ömür ağacı» ilə həmsöhbət oldum. Şeirləri oxuduqca yaranan mənzərənin içərisində bir anlıq dayandım. Nəfəs dərmək üçün...Özümü toparlamaq üçün. Çünki söhbət ürəkdən gedirdi. Yəni Çingiz Əlioğlunun «Ürəyim» şeirindən. O şeirdə Çingiz müəllim yazır ki:

 

Sevdalı ürəyim, aşiq ürəyim,

Nə çağlayıb, nə coşursan yenə də?

A darda dayağım, bərkdə gərəyim,

Qanad açıb, pərvazlanma sinədə.

 

Yəqin ki, siz də bu məqamı, bu halı yaşamısız, ürəyinizlə söhbət etmisiz, onu dilə tutmağa, ondan sirr almağa, onu ovutmağa, onu yönəltməyə çalışmısınız. Xüsusilə ürəyin dəliqanlığı yerə-göyə sığmayan vaxtlarında siz də onu qapı ağzında dayanıb gözləmisiz... Mən bu sözləri, bu fikirləri həqiqi mənada yaşamış biri kimi bilgisayara diktə edirəm və bilirəm ki, ürəyin yaman şey olduğunu deyən nasirimiz də yanılmayıbdı. Ona görə də Çingiz müəllimin sevdalı, aşiq ürəyinə üz tutmasını məhz həmin o yaşamlarla əlaqələndirirəm. Bu məqamda da mən də ürəyimin pəncərəsini döyüb onun səsini sözə çevirmək istəyirəm və bu istəyimin təbii olduğunu da qəbul edəcəyinizə inanıram. Ürəyimə deyirəm ki: 

 

Bu yol uzaq, həm yaxın

Qəm gəlir axın-axın.

Seyrəlir solun, sağın –

Təklənirsən, ürəyim.

                                                        

Hə, qəmin axın-axın gəldiyi, solun-sağın boşaldığı bir zamanda ürəyin təklənməsi üzücüdü. Bunu hər kəs bilir. Elə mən də bildiyimə görə həmin o yaşadığımı misralara köçürmüşəm. Çalışmışam ki, qəmin axın-axın gəldiyi bir zamanda təklənmiş ürəyimə dayaq durum. Çünki Çingiz müəllim də ürəyi ilə danışanda vurğulayıb ki, «Darda dayağım, bərkdə gərəyim»sən! Belə olan halda təklənmək yəqin ki, dözüləndi. Lakin bunun nə qədər səmimi olduğunu deməyi bir kənara qoyub, həm də sadəlövhlük olduğunu da hiss edirəm. Həmin o hiss etmə məqamı da ustadım Çingiz Əlioğludan gəlir. Çünki ürəyi ilə danışan Çingiz müəllim şeirinin ardını belə davam etdirir:

 

Sadəlövh ürəyim, uşaq ürəyim,

Hər sevincə havalanıb ucalma.

Ünvan gəzir hələ neçə diləyim,

Sən indidən tez xərclənib qocalma.

 

Bəli, burda artıq sadəlövh, uşaq ürəyin necə şıltaq olduğunu hiss etmək mümkündü. Çünki o, öz sahibinə qəribə məqamlar yaşadır. Gah sevincdən coşur, ucalır, gah özünü oda-közə, sağa-sola çırpıb xərcləyir və deməli, həm də özünü tükəndirir, qocalığa yaxınlaşdırır. Bu da ürək sahibini rahatsız edir, onu dilə gətirir. Bax, bu da artıq Çingiz müəllimin yumşaq bir şəkildə ürəyinə həm xatırlatmasıdı, həm də onu özünə toparlamağa dəvət etməsidir. Mən də təklənən ürəyimin halını düşünə-düşünə içimin sızıltısını, iç dünyamın təlaşını sakitləşdirməyə, ona təsəlli verməyə cəhd edirəm. Bu cəhdin də təbii ki, şeirdə özünü ehtiva edir:

 

Qaşıq qanım sovrulur,

Yanır, canım qovrulur.

İçində dərd qıvrılır –

Səksənirsən, ürəyim.

 

Ağrıdan qıvrılan, gününü, anını, istəklərini bir qaşıq qan kim sovuran ürək həm də bir səksəkə yaşayır, bir təlaşa imza atır.  Bu da həyatın ona zaman-zaman vurduğu zərbələrin qarşısında açılan yeni mənzərələrin təpkisidir. Çünki arzuladığı, uğrunda çarpışdığı gerçəkliklər ona ağrı-acı və səksəkə hesabına başa gəlir. O özünü nə qədər məşəl etsə də, işığı, daha doğrusu o məşəlin nuru bütün istəklərə qovuşmağa yetmir. Axı o təkdi. Deməli, bu məqamda da Çingiz Əlioğlunun sözünə, şeirə ehtiyac yaranır. Mən bir oxucu kimi onun ürəyi ilə etdiyi söhbətin sonuna şahid olmağa can atıram. Çingiz Əlioğlu da yazır ki:

 

A məşəl ürəyim, işıq ürəyim,

Demirəm ki, bir tonqal ol – qoru yox.

Deyirəm, gəl sakit yaşa, ürəyim,

Özümüzü qələbəyçün qoruyaq.

 

Hə, görün şair, dostum məşəl etdiyi ürək üçün sonda hansı diləyi kağıza köçürür, hansı istəyimi bəyan edir. Axı məşəl, işıq olan ürək özünü nə qədər yandırıb-yaxsa da, hər şeyə nail ola bilməyəcək. Ona görə də bir az təmkinli, bir az səbirli, bir az sakit tərzdə baş verənlərə dəyər verərsən, onda ən azından uğurunda mücadilə edilən qələbəni görə bilər, ona qovuşa bilər. Bunu da şeirin sonunda Çingiz Əlioğlu həm ürəyinə deyir, həm də oxucularına. Mən də zamanın yaşatdıqlarını, həyatın təpkilərini bir daha götür-qoy edib anlayıram ki, nə qədər bu həyat var, nə qədər ürək döyünürsə, deməli təklənmək də, səksəkə içərisində olmaq da ürəyimin alın yazısıdı və deməli bu naxışları olan ürəyin hərdən özünə də, ətrafa da şəklənməsi də təbiidir. Mən də bununla barışıb yazıram:

 

Bozarır üzü yazın...

Höküm etdin düzün yazım.

Dağa dirənir ağzım –

Şəklənirsən, ürəyim...

 

Gördüyünüz kimi, divara, dağa gedib dirənmək artıq son. Bu sona qədər də döyünən ürəyin yanında olmaq, onu qorumaq təkcə özümüz üçün yox, həm də çevrəmiz üçün gərəklidir. Xüsusilə millətə fayda verən, onu təmsil edən, onun üçün yazıb-yaradan, vurub ucaldan şərtlər üçün... Və Çingiz Əlioğlunun ürəyi ilə olan söhbətində mən bir daha inandım ki, ürəyi qələbə üçün qorumaq vacib şərtdi. Kaş ki, biz bunu bacara bilək.