Əli Kərim : - METRONUN  YAYLI QAPILARI

Ədəbiyyat 08:55 / 15.01.2025 Baxış sayı: 113

 

Adam var bu qapıları açar,

Bir az

saxlayar, deyər:

"Birdən,

Arxadan gələnə dəyər".

Bəzən

heç dönüb baxmaz da

Heç özü bilməz də

Kimdir: dostdur,

yoxsa düşmən.

Qapını yavaş-yavaş

buraxar əlindən.

Eləsi də olur ki,

Tələsik özünü içəri soxur,

Elə bil

Heç arxada adam yoxdur.

Kimliyi yazılmayıb ki,

insanların alnına.

Qapılar

Açılır, örtülür,

Gah sürətlə,

gah asta;

Gah bu geniş dünyaya,

gah da yerin altına.