Zemfira Məhərrəmli : - Ailə sənin məbədindir
Hekayə
Boş yerə qəlb küsdürənləri, kimisə gözgörəsi aşağılayıb təhqir edənləri, hərzə-hərzə danışıb qan qaraldanları, yerli-yersiz dava-dalaş salanları ağlı kəsəndən heç sevməzdi. Qulaqbatırıcı səs-küy, ədəbsiz adamların yığnağı ona büsbütün yad idi.
Məktəb illərindən hafizəsində ilişib qalan bir əhvalatı heç unutmur. Onunla həmyaş olan oğlanla dostluğa təzəcə başlasa da, bu xoş münasibətin ömrü çox az çəkmişdi. Futbol oyununu axırda cəng-cidaya çevirən uşaqları ayırmaq, barışıq yaratmaq əvəzinə, aranı daha da qızışdıran, söyüş söyərək onları bir-birini əzişdirməyə çağıran yaşıdından təəssüflənmədən uzaqlaşmışdı. Yeniyetməlik çağlarından həmişə kimsəsizin, zəifin, köməksizin yanındaydı. Haqsız yerə incidilənə, təklənib darda qalana qahmar çıxardı.
İnsana gümharlıq gətirən idmanı həyatının ayrılmaz parçası sayırdı. İdman onun üçün həm də güc, qüvvə rəmziydi. Bəzən aciz oğlanları görəndə onlara acıyar, yazığı gələrdi. Bacarıqlı, üzügülər, nikbin idi. Atası məhz zirəkliyinə görə onu “oğul balam” deyə çağırar, o isə bu dəyərdən ləzzət alar, öyünərdi.
***
Neçə çətin sınaqdan üzüağ çıxmış, idman institutuna daxil olmuşdu. Tələbəlik həyatı daha maraqlıydı. Kənddəki evlərindən şəhərdə kirələdiyi mənzilə köçmüşdü. Üç-dörd gün idi ki yeni ünvanda yaşayırdı. Basketbol yarışından evə yorğun-arğın dönüb bir az dincəlmişdi. Sabahkı dərsləri ilə bağlı oxuyacağı ədəbiyyatı, dərslikləri əl altına düzürdü. Birdən hardasa lap yaxından zarıltı, inilti səsi eşitdi. Eyvana çıxıb ətrafa göz gəzdirdi, aşağı boylandı, yenidən otağa döndü. Bu dəfə qəzəblə çığıran kişinin qulaqbatırıcı səsi hönkür-hönkür ağlayan qadının səsini üstələmişdi. Qadına ünvanlanan nalayiq sözlər açıq-aşkar eşidilirdi. Biədəb söyüşlər bir deyil, iki deyildi. Qırılıb yerə tökülən qab-qacağın cingiltisi, döşəməyə çırpılan ağır əşyaların taqqıltısı divarın o üzündəki “dava meydanı”ndan xəbər verirdi.
‒ Vurma, ağrıdır axı! Yaxın durma, körpəni əzərsən, ‒ deyib yalvaran anaya isə rəhm eləyən, onun naləsini eşidən kimsə yox idi. Deyəsən kötəkdən balacalara da pay düşmüşdü. Çiynini ata-ata, zülüm-zülüm ağlaşan uşaqlardan biri hıçqıra-hıçqıra:
‒ Ata, nolar, bizi döymə, anamı vurma, ‒ deyərək imdad diləyirdi:
Vəhşiləşmiş atanın söyüşləri yenə bir-birinə calanmışdı. Sanki hirs dağarcığıydı, qəzəb, nifrin püskürürdü.
Xeyli uzun çəkən bu dava-dalaşın hələ də təsiri altındaydı. Az qalırdı ki, həmin dəqiqələrdə əzab içində qıvrılanların pasibanı olsun, onları qorusun. Sonra düşündü ki, bəlkə yad ailənin işinə heç qarışmasın, özləri yola gələrlər.
***
Bayaqdan otaqda var-gəl edir, heç cür aram olmurdu. Əslində heç vaxt, heç nə onu ruhdan salmazdı. Təkcə ədalətsizliyə, kiminsə haqqının tapdanmasına dözə bilmirdi. Fikrini məşğul edən, içini göynədən bu üzüntülü olay barədə düşünürdü.
Çox yorulmuşdu. Yazı masasının arxasına keçdi. Başını əlləri arasına alıb sakitcə fikrə daldı. İşıq yaxşı düşsün deyə üstü kitab-dəftərlə dolu masanı pəncərənin önünə çəkmişdi. Handan-hana başını qaldırıb üzünü pəncərəyə sarı çevirdi. Saat xeyli irəliləmişdi. Şərqovuşan vaxt idi. Axşamın alatoranlığında başlayan şıdırğı yağış daha da şiddətlənmişdi. Şimşək çaxır, göyün üzü gah qaralır, gah da bozarırdı. Soyuq payız leysanının yaratdığı ovqat bir az öncə şiddətə məruz qalan ananın və körpə balaların haləti ilə üst-üstə düşmüşdü. Sanki ana təbiət də haqsızlığa etiraz edərək üsyana qalxmışdı. Öz-özünə düşündü: “İlahi, buludların fəryadı nə yaman olurmuş!” Bu leysan yağışı ürəyi dolub qubar bağlayan ananın sel kimi axıtdığı acı göz yaşlarına bənzəyirdi.
Ertəsi gün dərsdən sonra yaxınlıqdakı marketdən çörək alıb evə gedərkən qonşuluqda yaşayan ahıl kişiylə liftin qabağında qarşılaşdı. Ayaq saxlayıb, təzəcə tanıdığı, ilk baxışdan xoş təəssürat oyadan ağsaqqala dünənki olayı danışdı. Qonşu qalın, çal qaşlarını çataraq:
‒ Sən binamızda təzəsən, oğul, bu, hələ harasıdır ki... Biz hər gün bu qırğın-mərəkənin içindəyik, bilmirik səs-küydən başımızı götürüb hara gedək. Kişi gənc olsa da, əyyaşın biridir, içib zəhərlənmədiyi gün yoxdur. Sərxoş olanda əjdahaya dönür. Sonra da düşür yazıq arvadın canına. Binəva qadını da, gül kimi balalarını da salır təpiyin altına, vur ki vurasan.
‒ Görəsən, bu dava-dalaşın bir çarəsi var? Başdan-ayağa zülmdür axı...
‒ Deyirlər, yad ailə qaranlıq meşə kimidir. Heç kəs göz-gözü görməyən, əlçatmaz məkana baş vurmaq istəmir.
‒ Amma, məncə, elə deyil. Hər şeyin bir sonu gərək. Günahsız yerə döyülüb-söyülənin haqqını qoruyan kimsə olmalıdır axı...
‒ Hə, elədir, bala, amma neyləyə bilərik. Yəqin heç kəs ağrımaz başına dəsmal bağlamaq istəmir ‒ deyib liftə mindi.
Sonra da ucadan:
‒ Sən idmançı balasan, yəqin ki pilləkənlə qalxacaqsan...
***
Pillələri qalxıb mənzilə təzəcə çatmışdı ki, ağlaşma, qışqırıq, yalvarış səsinin yenə də binanı başına götürdüyünün şahidi oldu. Elə bil damarında qanı dondu. Bir an nə edəcəyini bilmədi. “Bu zillət nə vaxt bitəcək”, ‒ deyə dodaqaltı mızıldandı.
Həyat təcrübəsi az olsa da, ömrün mizansız olaylarından təndürüst baş açmasa da, hələ bərkiməyən yumruğu ilə dünyanı sahmana salacağına inanırdı. Hüzur dolu, müsbət yüklü sözlərlə ünsiyyət qurmaq, xeyirxah ruhlu ovqat, xoş aura yaratmaq ən böyük arzusuydu. Onun fikrincə, qara ünsürlərdən təmizlənmiş həyat necə gözəl olardı, məhz onda dünyanı gözəllik xilas edərdi.
Heyhat! Qonşu mənzildə dörd divar arasındakı ruhi əzab və üzüntülərsə bitib-tükənən deyildi. İşgəncə, dərd, iztirab yuvasıydı qapısını fələk vuran, kilidi açılmayan bu mənzil.
Artıq özünü saxlaya bilmədi. Bir də gördü ki, çığırtı, qışqırıq səsi bürümüş qapının ağzındadır. Əvvəlcə yavaş, sonra yumruqla bərk-bərk döyəcləsə də, lənətlənmiş qapını açan yox idi. Birdən sanki möcüzə baş verdi. Qapı yavaşca açıldı. Saçı-başı pırtlaşıq, gözünün yaşı burnunun suyuna qarışmış oğlancığaz ürkək nəzərlərlə qapının arxasında gizlənmişdi. İçini çəkərək ağlayırdı. Otaqda vaqe olanlar isə olduqca qorxunc idi. Hər şey dağınıq vəziyyətdəydi. Boş araq şüşələri çarpayının altına səpələnmişdi. Əlindəki qayışla qarşısında diz çöküb yumağa dönən qadını döyərək, başına-gözünə zərbələr endirən üzü tüklü eybəcər varlığın görkəmi dəhşət saçırdı. Sanki başqalarına əzab, işgəncə vermək üçün doğulmuşdu. Döşəmədə sürünüb göz yaşı tökən, anasına can atan körpə qızcığazın burnundan qan süzülürdü.
Bu ürək dağlayan mənzərəni görəndə artıq dözə bilmədi. Özünü “qəhrəman” sayan, əzazil vücuda sarı şığıdı. Köynəyinin yaxalığından yapışıb zərblə özünə sarı çəkdi. Qəfil hərəkətdən müvazinətini itirən kefli kişi qolunu kəlbətintək sıxan biləyin gücünü duymuş, gözləri qorxudan böyümüşdü. O, evinə girmiş şəxsə qıyqacı nəzərlə baxıb:
‒ Sən kimsən? ‒ deyə donquldandı.
‒ “Meydana girən kötəkdən qorxmaz” ‒ deyib atalarımız. Niyə anlamırsan ki, ailə insanın məbədidir. Yaramazlığından əl çəkməsən, bundan sonra qarşında məni görəcəksən, ‒ deyərək qapını çırpıb çıxdı.