Yarım qalmış məhəbbət – GÜLARƏ İNCİNİN HEKAYƏSİ
Nərminə artıq buraxılış imtahanlarını verməyə hazırlaşırdı. Amma çox həyəcanlı idi. Orta məktəbdə həmişə əla qiymətlərlə oxumaqla yanaşı, nümunəvi davranışı ilə də bütün şagirdlərdən seçilmişdi. O, çox düşüncəli, təmkinli, böyük-kiçik yerini bilən, müəllimlərini canı qədər sevən bir qız idi. Nə qədər yaxşı oxusa da, imtahan qorxusu hamı kimi onu da həyəcanlandırırdı. O, həkim olmaq arzusunda idi. Seçdiyi peşənin çətin və məsuliyyətli olduğunu yaxşı bilirdi. İmtahanlardan yüksək bal toplamalıydı ki, Tibb Universitetinə qəbul olunsun.
Günlər bir-birini əvəz edir, qəbul imtahanları yaxınlaşırdı. Nərminə ilə eyni sinifdə oxuyan Fərid də qəbul imtahanına hazırlaşırdı. O, arxeoloq olmağı arzulayırdı. Yerin təkində nə kimi sirlər yatır, onu öyrənmək istəyi Fəridi bu sahəni seçməyə sövq etmişdi.
…Artıq imtahan günləri geridə qalmışdı. Nərminə və Fərid arzularına çatmışdılar. Nərminə Tibb Universitetinə, Fərid Bakı Dövlət Universitetinə qəbul olunaraq tələbə adını qazanmışdılar.
Universitetdə oxuduqları müddətdə bir-birilə əlaqə saxlayar, boş vaxtlarında sakit bir məkanda görüşüb arzuları haqda söhbət edərdilər. Fərid Nərminəyə həmişə ağıllı məsləhətlər verərdi. Nərminə isə onun verdiyi məsləhətlərə qulaq asar, saf-çürük edər özünə nəticə çıxarardı. Onların dostluğu hər birinin qəlbində məhəbbət ocağını alovlandırmışdı.
…Günlər ötüb keçdi. Nərminə əla təhsili ilə universitetin nümunəvi tələbələrindən biri oldu.Yaxşı oxuduğuna görə ona fakültənin bütün daxili işlərini yerinə yetirmək tapşırılmışdı. Bir sözlə, universitetdə yaxşı tələbə kimi ad çıxarmış, bütün professor- müəllim və tələbələrin sevimlisinə çevrilmişdi.
Nərminə universitetdə qrup yoldaşı Sevda ilə rəfiqəlik edirdi. Lakin Sevda Nərminənin paxıllığını çəkirdi. Fərid də hərdən Nərminəni görmək üçün Tibb Universitetinə gələr, bəzən də vaxt tapıb onunla sakit bir guşəyə çəkilib söhbət edərdilər. Bəzən elə olurdu ki, bir-birini görməyəndə darıxırdılar. Aralarında olan məhəbbət telləri möhkəmlənirdi. Sevda bunu hiss etmişdi. Hər dəfə Nərminənin hara getdiyini, hardan gəldiyini soruşurdu. Bir gün Sevda Nərminəyə dedi:
-Elə özün tək gedib, gəlirsən. Bir dəfə də olsun məni özünlə aparmırsan.
Nərminənin heç kimə sirr verməklə arası yox idi. Çünki “dostuna sirr vermə dostunun da dostu var” atalar sözü onu həmişə düşündürürdü. Bu gün sirrini öyrənər, sabah onu hamıya car edər. Amma bəzən adama elə gəlir ki, kiməsə nəsə danışmaq, dərd-sərini onunla bölüşmək istəyirsən. Nərminə də Sevdaya Fəridlə görüşəcəyini deyərək onu da özü ilə aparır.
Fərid ucaboy, pəhləvan cüssəli, gülərüzlü, qaraqaş, qaragöz, zarafatcıl bir oğlan idi. Sevda Fəridi gördükdən sonra qəlbindəki qısqanclıq hissi daha da alovlanır. İnsaf naminə Sevda Nərminədən də daha ürəyəyatımlı qız idi. Amma onların fərqi onda idi ki, Nərminə çox ağıllı, savadlı, tərbiyəli qız idi. Sevda isə dərslərini Nərminə qədər yaxşı oxumurdu. Qəlbi də Nərminə qədər təmiz deyildi. Fəridi görən gündən Sevda bir dəqiqə də olsa onu xəyalından çıxara bilmirdi.
Bir gün Fərid Nərminəyə zəng edib onunla görüşmək istədiyini və ona vacib sözü olduğunu deyir.
Onlar vaxt tapıb görüşürlər. Bir xeyli söhbətdən sonra Fərid:
-Ay Nərminə, artıq universiteti bitirməyimə qısa vaxt qalıb, bilmirəm təyinatımı haraya verəcəklər. İstəyirəm bu qədər dostluq bəsdi, gəl səninlə əhd - peyman bağlayaq. Anamgili sizə göndərmək istəyirəm. Əgər valideynlərin icazə versə səni bizə aparmaq istəyirəm.
Düzü, bu təklif Nərminənin ürəyincə idi. Amma bilmirdi evdəkilər razı olacaq ya yox. Lakin Nərminənin uçmağa qanadı yox idi. O, sevincini bölməyə adam axtarırdı. Nərminə evə çatan kimi Sevdaya zəng edir, ona deyəcəkləri olduğunu və onlara gəlməsini xahiş edir. Sevdasa son zamanlar Nərminədən uzaqlaşmışdı. Onun dəvətinə də biganə yanaşaraq getmək istəmədi. Lakin könülsüz də olsa Nərminəgilə gəldi. Tanıdığı müddətdə Sevda Nərminəni belə şən görməmişdi.
-Nə olub, ay qız? Üzündə güllər açıb. Mən səni heç belə şən görməmişəm.
-Bilirsən, bu gün Fərid mənə evlənmək təklif etdi.
-Hə, lap yaxşı. Böyük iş zad-olmayıb ki! Oğlan qıza çox elə təkliflər edər. Sən də razı oldun hə? Aaz o sənin tayındı? Heç bilirsən, arxeoloqların vətəni olmur. Bir gün burda, bir gün orda yer eşələyib, qurd-quş axtarmaqdan başqa işləri olmur. Sən də özünə oğlan tapmısan.
Nərminənin sevinci qursağında qalır. Elə bil başına qaynar su tökdülər.
-Yaxşı daa, olan olub. Fəridin telefon nömrəsini ver mən də təbrik edim. Hər halda baldız sayılıram.
Nərminə istər-istəməz nömrəni verdi.
-Başqa sözün yoxdursa mən gedim, - deyib Sevda getdi. Evə çatan kimi Fəridə zəng vurdu. Fəridin səsi eşidən Sevda:
-Ay gözəl oğlan, təzə-təzə xəbərlər eşitmişəm. Evlənmək xəyalına düşmüsən. Yenə istədiyin qız sənə layiq olsa kimə dərd. O sənin tayındı? Köstəbəyə oxşayır. Özü də səninlə gəzir, görüşür sonra sənə xəyanət edir.
Fəridin dünya başına fırlandı.
-Ay qız, bu nə sözdü? Mən gör neçə ildi Nərminəni tanıyıram. Biz orta məktəbdə də bir sinifdə oxumuşuq. Onun əxlaqına söz ola bilməz.
-O tülkü kimi hiyləgərdi, səni də əlində saxlayır, o biri oğlanı da. Sənin belə şeylərdən başın çıxmaz. Necə də saf oğlansan.
Fərid deməyə söz tapmadı.
-Hə, istəyirsən bir gün görüşək. Hələ sənin bilmədiyin nə qədər işlər var hamısını sənə söyləyim.
Fəridin ürəyini şübhələr yeyib dağıdırdı. Onun inamına marağı üstün gəlir və Sevda ilə görüşməyə razı olur.
-Nə vaxt istəsən mən gələrəm, oturub söhbət edərik.
Fərid o qədər sarsılmışdı ki, nə edəcəyini bilmirdi. Bilmirdi Sevdaya inansın yoxsa uşaqlıqdan tanıdığı və sevdiyi Nərminəyə. Çox götür-qoydan sonra zəng edib Sevdanı çağırdı. Onlar Fəridlə Nərminənin görüşdüyü məkanda görüşdülər.
-Ay Sevda, sən zəng edəndən mən yerimi-göyümü bilmirəm. Yəni deyirsən Nərminə mənə doğrudan xəyanət edir? Məni aldadır? Yox inana bilmirəm. Necə mən onu tanımamışam?
Sevda oğlanı görüb özünü itirmişdi. Bilmirdi onu özünə necə ram eləsin.
-Ay Fərid, sənin kimi boylu-buxunlu, yaraşıqlı oğlanı kim bəyənməz. Sevda uzunboylu, cazibədar açıq-saçıq danışan, özünü hamıya sevdirməyi bacaran bir qız idi. Fəridlə elə danışırdı ki, elə bil yüz ildi bir-birini tanıyır, görüşürdülər.
-Ay qız, gəl otur görüm nə bilirsən?
-Nə deyim? Əvvəlcə onu deyim ki, o sənə yaraşmır. Boyu boyuna, özü özünə uyğun gəlmir. İkinci də o, bizimlə oxuyan Nihat adlı oğlanla görüşür. Sən də ona pirə inanan kimi inanırsan. Nə qədər sadəlövhsən. Sənə qız qəhət deyil ki, ondan da gözəl, boylu-buxunlu qızlar var. Hansına yaxınlaşsan sənə yox deməz. İxtisasın da əsl kişi ixtisası. Hələ tələsmə.
-Yox!. Mən onu gözümlə görməsəm inanmaram.
-Gözünlə görmək istəyirsən? Lap yaxşı izləsən görərsən.
Nərminə həmişəki kimi divar qəzetini hazırladığı vaxtda dünyadan bixəbər idi. Sevda isə etdiyi xəyanəti sona yetirmək, Fəridi Nərminənin xəyanətinə inandırmaq üçün ona zəng edir, deyir ki, görmək istədiyin mənzərəni, gəl, öz gözlərinlə gör. Özü isə bir-iki kökə alıb Nihata verir ki, bunu aparıb versin Nərminəyə. Nihat kökələri Nərminəyə verən vaxt Fərid qapını açıb içəri girir və bağırır:
-Bu kimdir? Mənə deyirdilər mən inanmırdım. Sən nə qədər hiyləgər qızsan!!
Nərminə özünü itirmiş halda Fəridə baxdı. Axı o, bura tez-tez gələn deyildi. Nə baş verib, bu nə sözdü? O məni tanımır? Mən nə etmişəm axı? kimi suallar beynində dolaşır, onlara cavab tapa bilmirdi. Nihat da nə qədər Fəridi sakitləşdirməyə çalışdısa da, onu razı sala bilmirdi. Fərid daha orda dayanmayıb çıxıb getdi. Nərminənin dünyası başına yıxılmışdı. Heç nə başa düşmürdü. Fərid isə at cilovunu gəmirən kimi dodaqlarını gəmirirdi. Yol gedə-gedə zəng vurub Sevdanı çağırdı. Sevdaya da elə bu lazım idi. Tələsik geyinib görüşdükləri yerə gəldi. Sevdanı görən Fərid:
-Ay qız, sən nə yaxşı bunu mənə vaxtında dedin. Yoxsa buna elə inanmışdım ki, şeyx cəddinə inanan kimi. Ziyanın yarısından qayıtmaq da xeyirdi.
Sevda öz şirin dilini işə salıb:
-Mən səni görən gündən öz-özümə fikirləşməkdən ölürdüm. Görəsən, bunu Fəridə deyim, deməyim. O cür ağıllı, savadlı, outruşunu, duruşunu bilən, yaraşıqlı oğlana xəyanət etmək olar? Amma bunu sənə deməyə cürət etmirdim. Sonra dedim, yox, deməsəm olmaz. Göz görə-görə Fəridin belə qızla evlənməyinə razı ola bilmərəm.
-Çox sağ ol, ay Sevda, əgər sən məni ayıltmasaydın sabah anamgili elçiliyə göndərəcəkdim.
…Onlar xeyli söhbət etdilər. Sevda elə hey Fəridə təriflər yağdırır, Nərminəni isə tənqid atəşinə tuturdu. Bir xeyli söhbət etdikdən sonra ayrıldılar. Sevda artıq istədiyinə nail olmuşdu. Bircə qalırdı özünü Fəridə sevdirmək. Fərid isə yol gedə-gedə öz-özünə fikirləşirdi ki, elə Nərminənin acığına bu qıza elçi göndərəcəyəm, qoy acığından partlasın. Nərminə isə dəli olmaq dərəcəsinə çatmışdı. Elə hey düşünürdü. Fərid niyə belə etdi? Mən nə pis iş görmüşəm? Adamdan soruşmazlar ki, bu oğlan kimdi? Sən burada nə iş görürsən? Yoxsa içəri girən kimi ağzına gələni dedi. Nihatın yanında utandığımdan yer yarılsaydı yerə girərdim. Bu niyə məni belə utandırdı? Bu düşüncələrlə Nərminə Fəridə zəng etdi. Fərid əvvəlcə dəstəyi qaldırmaq istəmədi. Sonra nə fikirləşirsə dəstəyi qaldırdı. Nərminənin səsini eşitcək:
-Hə nə var, nə istəyirsən? Mənə nə üzlə zəng vurmusan? Etdiyin işdən heç xəcalət çəkirsən? Mən səni bu vaxta qədər niyə tanımamışam? Səninlə bizimki qurtardı. Sənə ki oğlan qəhət deyil, bu işdə sərrafsan. Məni burada aldadırsan, orada Nihatla eşq yaşayırsan. Bir də mənə zəng etmə.
Nərminə bir söz demədən qulaq asırdı. Heç söz deməyə imkanı yox idi. Fərid dayanmadan danışırdı. Nə qədər, ay Fərid, imkan ver mən də bir söz deyim desə də Fərid ona qulaq asmırdı. O, ürəyindəkiləri Nərminəyə dedikdən sonra dəstəyi yerindən asdı. Nərminə sudan çıxmış balıq kimi çabalayırdı. Buna nə olub? Elə bil oğlanı mənə qarşı qaldırıblar. Məni eşitmək belə istəmir. Aranı vuran elə vurmuşdu ki, artıq heç bir çarə yox idi. Nərminə isə öz-özünə söz verdi ki, bir də Fəridin nömrəsini yığmayacaq. . Əgər Fərid onu axtarmasa o da onu axtarmayacaq. İşin mahiyyətini bilməmiş məndən üz döndərən adam mənə lazım deyil.
Sevdanın isə əlinə fürsət düşmüşdü. O, hər gün Fəridə zəng edir, saatlarla onunla danışır, bəzən də vaxt tapan kimi görüşürdülər. Fərid artıq qəti qərara gəlmişdi ki, Sevdaya elçi göndərsin. Elə Sevdanın da istədiyi bu idi. Fərid Sevdagilə elçi göndərib onunla nişanlandı.
Nərminə çox ağırtəbiətli qız idi və öz-özünə fikirləşir ki, “zorla gözəllik olmaz”. O məni istəmir, mən onu dünəndən istəmirəm. Amma nə qədər özünə söz versə də, on beş ilin sevgisini ürəyindən çıxara bilmirdi. Bir də ki, günahsız yerə tufana düşmüşdü.
Artıq bütün imtahanlar qurtarmışdı. Hərə bir tərəfə təyinat almışdı. Nərminəni isə universitetin kafedrasına işə götürmüşdülər. Çünki o, universiteti qırmızı diplomla qurtarmaqla bərabər, tələbəlik illərindəki ictimai fəallığı rəhbərliyin diqqətindən yayınmamışdı.
Fərid isə gah bu rayonda, gah o rayonda arxeologiya ilə məşğul olurdu. Bir sözlə, yeri vətəni bilinmirdi. Sevda isə xəstəxanada göz həkimi kimi işə başlamışdı. Bir neçə aydan sonra Fərid toy edib Sevdanı evinə gəlin gətirdi. Lakin bu ona Nərminəni unutmağa kömək etmədi. Çünki Nərminədə olan gözəl xüsusiyyətlərin heç biri Sevdada yox idi. Sevda nə qədər özünü yaxşı göstərmək istəsə də, Nərminə kimi ola bilmirdi. Nərminə ağlı ilə, Sevda isə ürəyi ilə hərəkət edirdi.
Toydan on beş gün sonra Fəridi rayona ezam etdilər. Sevda evdə tək qaldı. İşə gedir, qayıdanda isə iş yoldaşını özü ilə evə gətirir, yeyib - içir, deyib-gülür, vaxtını keçirirdi.
Nərminə həm kafedrada çalışır, həm də “Qadın və kişi sonsuzluğu” haqqında elmi iş yazırdı. Bütün həyatını elmə həsr edən Nərminə bir neçə ildən sonra dissertasiyasını müdafiə edib tibb elmləri namizədi alimlik dərəcəsi qazandı.
Fəridgilin evləndikləri bir neçə il olmağına baxmayaraq övladları olmurdu. Bir dəfə Fərid ezamiyyətdən qayıdanda Sevda onu həkimə getmək üçün dilə tutur. Deyir ki, eşitmişəm bir həkim var “Kişi və qadın sonsuzluğu” üzrə mütəxəssisdir. Gedək, bir müayinə olunaq. Fərid razılaşır. Onlar ünvanı öyrənib həmin həkimin qəbuluna yazılırlar. Qapıda o qədər növbə var idi ki, iynə atsan yerə düşməzdi. Həkim otaqdakı kameradan Fəridlə Sevdanı görmüşdü. Yanındakı tibb bacısına onları göstərib növbədən kənar çağırmağı tapşırdı. Fəridlə Sevda içəri girəndə donub qaldılar. Həkim hələ də Fəridin unuda bilmədiyi Nərminə idi. Bilmədilər geri qayıtsınlar, yoxsa içəri girsinlər. Lakin daha geriyə yol yox idi. Nərminə heç nə olmamış kimi, - deyin görək, şikayətiniz nədəndi? – deyə soruşdu. Sevda bəd əməlindən heç vaxt utanmamışdı. Bu gün də heç nə olmayıbmış kimi hələ bir az da utanmaz bir hərəkətlə sanki təqsir Nərminədəymiş kimi:
-Vallah, bilsəydik həkim sənsən, heç gəlməzdik. Bizim neçə ildi övladımız olmur. Bunun səbəbini öyrənmək üçün gəlmişik. – dedi.
Nərminə təmkinliklə onları dinləyir, digər xəstələrdən fərq qoymurdu. Əlindən gələni edəcəyinə söz verib analiz vermək üçün təyinat verir. Müayinə nəticəsində məlim olur ki, Sevdanın heç vaxt övladı olmayacaq. Fərid kor - peşiman evə qayıdır. Sevdanın ağlamaqdan gözləri qan çanağına dönmüşdü. Həmin gündən onların arasında soyuq münasibət başlayır. Onsuz da həmişə ezamiyyətdə olan Fərid daha evə gəlmir. Nərminəni görəndən sonra köhnə dostluqları, aralarında olan isti münasibətin sevgi-məhəbbətə çevrilməsi, oturub saatlarla dərdləşdiklərini xəyalında canlandırır, özünü danlayırdı. O da gec də olsa başa düşmüşdü ki, bu Sevdanın onu ələ keçirmək üçün qurduğu tələymiş.
…İllər keçmişdi. Ezamiyyətdən evə qayıdan Fərid nə görsə yaxşıdır? Sevda bir-neçə iş yoldaşıyla eyş-işrət məclisi qurub yeyib-içir, qumar oynayır. Fəridi görən Sevda çaşıb qalır. Nə cavab verəcəyini bilmir. Məclisdəkilər də çox pis vəziyyətdə qalaraq durub dağılışırlar. Fərid həmin gecə evdən çıxıb dostunun evində gecələyir. Səhər işdə ona başqa ölkəyə ezam olunduğunu bildirirlər. Bu isə evinə getmək istəməyən Fərid üçün əla fürsət idi. Zəng edib Sevdaya:- Mən başqa ölkəyə ezam olunmuşam, gedirəm. Daha məni gözləmə, - deyir. Onsuz da övladının olmayacağını bilən gündən Sevda: -Yaxşı yol. Mən belə də bilirdim. Sən Nərminəni görən gündən özündə deyildin. – deyə bildi.
Sevda qazdığı quyuya özü düşdü.
Nərminə alimlik dərəcəsini almışdı. O, gec də olsa ailə qurmuşdu. Özü ilə işləyən Fərəc adlı bir oğlanın təkidi ilə bu izdivaca razılıq vermişdi. Onun bu nikahdan bir qızı və bir oğlu olmuşdu. O, oğlunun adını Fərid, qızının adını Fəridə qoymuşdu. Fərəc Nərminəyə çox nəvaziş göstərir, onun bir dediyini iki etmirdi. Çox mehriban və nümunəvi ailələri var idi. Nərminə bir çox övlad həsrətində olan ailələrə Allahdan sonra vasitəçilik edib övlad bəxş etmişdi. Onun adı ölkə hüdudlarını aşıb keçmişdi. Gecə-gündüz yeni axtarışlar edir, xarici ölkələrə simpoziumlara gedirdi. İllər bir-birini əvəz edir, Nərminənin övladları artıq universitetdə oxuyurdular. Fərid ata və anası kimi Tibb Universitetində, Fəridə isə İngilis dili müəllimi olmaq üçün Dillər Universitetində təhsil alırdı.
Universiteti bitirən kimi təcrübə keçmək üçün Fərid qardaş Türkiyəyə göndərilmişdi. O, beş il orada təcrübə keçdikdən sonar Azərbaycana qayıdır. Təyyarədə bir nəfərlə yan-yana oturmuşdular. Söhbət əsnasında oğlanın adının Fərid olduğunu və anasının adının Nərminə, atasının adının Fərəc olduğu məlum olur. Anası haqqında ağızdolusu danışan Fərid anasının alim olduğunu və övladı olmayan ailələrə yardımçı olduğunu , onların hörmətini qazandığını vurğulayaraq anasını çox sevdiyini və onunla fəxr etdiyini ürəkdolusu müsahibinə söyləyirdi.
Fərid illərin qəminə batmışdı. Fikirləşir ki, indi bu oğlan onun övladı ola bilərdi. Sevdanın hiyləgərliyinin qurbanı olduğunu və özünü bədbəxt etdiyini düşünə-düşünə nə vaxt vətənə çatdığından xəbəri olmadı.
Ayrılanda Fərid Nərminənin oğluna dedi:
- Oğlum, anana məndən salam söyləyərsən. Deyərsən, uşaqlıq dostun Fərid sənə salam göndərib…..