Vaqif Səmədoğlu: "Qadın üçün ölənlərin qarşısında diz çökürəm"

MÜSAHİBƏ 21:04 / 07.06.2024 Baxış sayı: 7656

Xalq şairi Vaqif Səmədoğlunun  ölümündən bir il  əvvəl  Lent.az-ın "Ayrı adam" layihəsinə verdiyi müsahibəsini təqdim edirik:

- Vaqif bəy, nədən yorulmusuz?

- Çox şeydən. Arzulardan, ümidlərdən...yorğunluq şair üçün, yazıçı üçün yaxşı şeydi.  Yazıçı , şair əhvalından, durumundan istifadə eləməyi bacarmalıdı. Yorğundusa yorğunluqdan, xəstədisə xəstəliyindən, nədən sevinibsə ondan yazmalıdı. Həyat bəhanədi şeir yazmağa.

- Özünü qoyub başqa şeydən yazmalı deyil anlamında?

- Özünü qoyub bilmədiyindən yazmalı deyil anlamında... Bilmədiyindən yazmaq professionallıq deyil.

- Professionallıq nədi, Vaqif müəllim?

- Professionallıq bildiyin işlə məşğul olmaqdı. Bax, gəlin indi Bakıda çıxaq küçəyə, on adamdan soruşaq, Nizami kimdi? Onundan ən azı səkkizi deyəcək ki, şair. Londonda çıxaq küçəyə Şekspiri soruşaq, on adamdan üçü tanıyacaq. Amma öz işlərini əla bilirlər. Hansısa məsələni həll eləməkdən ötrü əlinin altında gərək düstur olsun. Mənim “bilmək” haqqında düsturum budu: bilmək böyük nemətdi, amma bilməmək səadətdi...

- Bu mənada, sizcə, xalq bilməlidi, yoxsa professional olmalıdı?

- Xalq professional olmalıdı. Böyük filosoflar deyiblər ki, özün olmaq istəyirsənsə, özünü qorumaq istəyirsənsə, gərək az oxuyasan, az biləsən. Məsələn, mən adam tanıyırdım, fəlsəfi biliyi Hegeldən, Kantdan çox idi, amma filosof kimi qala bilmədi. Deyirdi, nə yazıramsa yadıma düşür ki, bu Kantda var, bu Aristoteldə var. Məsələn, Mikayıl Rəfili vardı, deyirlər şeirdən getdi ona görə ki, Stalinə şeirlər həsr eləmişdi. Xeyr. Şeirdən getdi ona görə ki, çox savadlı, çox bilən adam idi. İntellektual deyirik e, intellektual nömrə bir idi yazıçılar arasında. Bir dəfə atama dedi ki, nəsə bir misra yazıram, yadıma düşür ki, bu Rilkedə var. Rəsul Həmzətov isə savadlı adam deyildi, amma elə ürəklə yazırdı... elə içdən yazırdı...

- Bu sərhədi necə müəyyən etmək olar? Çox oxumaqla, heç oxumamaq arasındakı sərhədi...

- Oxuduqlarına gərək ironiya ilə yanaşasan.

- Vaqif müəllim, Səməd Vurğunla bağlı söz-söhbətlərə münasibətiniz necədi?

- Bu söhbətlərin ədəbiyyatla heç bir əlaqəsi yoxdu.

- Necə düşünürsüz hansısa klassik şair, yazar toxunulmazdı, yoxsa müzakirə obyekti ola bilər?

- Əlbəttə, olar. Amma təhqir eləmək olmaz. Bu bilirsiz nəyə bənzəyir? Məsələn, həbsxanada olan insanı heç vaxt həbsxana həyatı görməyən, yaşamayan adam ittiham edir. Bu necə olur? Mən bilirəm bu məsələnin arxasında nə dayanır. Bu artıq siyasi məsələdi. Amma Sərdar Cəlaloğlunun bir cümləsi məni heyrətə gətirdi. “Səməd Vurğunun övladları xalqdan üzr istəməlidi”. Əlim-ayağım əsdi ki, Azərbaycanda belə adamlar yaşayır. Faşist Almaniyasının rəhbərlərini məhkəməyə gətirdilər, Amerika, Avropa, Rusiya onları ittiham edirdi birinin ağlına gəlmədi ki,  övladlarını üzr istətsin. SSRİ repressiyalarının mühəndislərini ittiham elədilər, atadan-anadan üz döndərən nankor Pavlik Morozovlar oldu, əclaf övladlar oldu, amma dövlət tələb eləmədi ki, kimsə onların yerinə üzr istəsin. Stalini öz aləmində ifşa eləmiş Xruşşov Stalinin qızı Svetlanaya, oğlu Vasiliyə şərait yaratdı. Bu deyir, övladları üzr istəsin. Bu artıq mənəvi deqradasiyadı. Adam heyrətə gəlir. Rəsul Rza, Səməd Vurğun, Süleyman Rüstəm o birisi, bu birisi müsavatçılara qarşı çıxış edəndə sənin baban əl çalıb. Milyonlarla adam alqışlayıb. Onda gəl o vaxtın raykom katiblərini də , kolxoz sədrləri də ifşa edək, hamını ittiham edək

- Siz heç vaxt Səməd Vurğunu müdafiə etməmisiz...

- Mən həmişə demişəm ki, Səməd Vurğunun mənim müdafiəmə ehtiyacı yoxdu. Səməd Vurğunu danmaq Azərbaycan dilini, poeziyasını, mədəniyyətini danmaqdı. Səməd Vurğun özü-özünü yaşadır onsuz da. Mən müdafiə elədim-eləmədim. Ya siz elədiz-eləmədiz. Bir əhvalat danışım. Hansısa alman konslagerində bizim əsirləri danlayıblar ki, nə avara-avara oturmusuz, bir işlə məşğul olun. Onlar da oturub yadlarına salıblar “Vaqif” pyesini, bərpa edib dərnək yaradıblar və  pyesi səhnələşdiriblər. Bizim əsirlərdən biri də almanlara yarınmaqçün, bir “buxanka” çörəkçün deyib ki, pyesin müəllifi Səməd Vurğun bolşevikdi. Məmməd Əmin Rəsulzadə həmin vaxt Almaniyada olub. Ondan soruşublar, belədi? Rəsulzadə deyib, mən də indi orda qalsaydım bolşevik, kommunist olacaqdım. Bilirsiz, Müsavat rəhbərliyində olan iyirmi bir nəfərdən üçü atamın əmisi olub. Mustafa Ağa Vəkilov, Rəhimağa Vəkilov, Məmməd Rza ağa Vəkilov. Mustafa ağa Vəkilov son günlərə qədər Rəsulzadənin yanında olub. Kimsə durub məsuliyyətsizcə nəsə danışırsa, mən nə deməliyəm? İndi Məmməd Əminə də yüz söz deyirlər. Ailəsini qoyub getdi, qaçdı... gərək öləydi? Nə bilim, qəribə ağılda adamlar var.

- Ailə üzvlərinizə çox bağlısız?

- Hə, məndən heç kim böyük mənada inciməz, qoymaram. Mən onları əzizləyirəm, sevirəm. Nə bundan öncəki həyat yoldaşlarımla münasibətlərim pozulub, nə onların yaxınları ilə. Cavanlara da həmişə deyirəm, bir az yumşaq olsunlar. Keçən dəfə gəldim evə yemək yedim, nəsə yuxu tutdu məni, nəvəmi çağırdım ki, Ayla, gəl babanı yatır. Qaça-qaça gəldi ki, hə, uzan! Gözlərini yum! Deyirəm, Ayla... qayıdasan ki, kəs, səsini atanın başına daş! Yazıq Səməd Vurğun... Deməli, anası buna nə deyir, bu da mənə deyir. Ata-ana gərək əvvəlcə özünü tərbiyə eləsin. Uşağı tərbiyə eləmək lazım deyil. Uşaqla danışanda gərək səsini qaldırmayasan.

- Deyirsiz cavan yazarların ən böyük bəlası nədi?

- Bir-birinə xoş gəlmək üçün yazırlar. Bir status yazır, yazan kimi qaçır çayxanaya ki, gördüz filankəsi neynədim?

Bu yerdə Vaqif müəllim təkid elədi ki, yemək sifariş verək. Özü də “qiymətlərinə baxmayın”, - dedi. Sonra yenə zarafatından qalmadı: “axırda yazarsan ki, bizə qonaqlıq da verdi”.

Yemək yeyərkən Vaqif müəllim bilirsiz nə dedi? Dedi ki, bax indi yedim, düzdü, amma evə gedib yenə yeyəcəm. Soruşdum, niyə, Vaqif bəy? Dedi, gərək xanımın zəhmətini qiymətləndirəsən. Əziyyət çəkib bişirib axı. Yeri gəlmişkən, yeməklə bağlı kaprizli olmadığını da hiss elədik. Özü də təsdiqlədi.

- Taylanda getmişdik, orda nələr yemədim, nələr...çəyirtkə, nə bilim nə..

- Eksperimentlərə meyllisiz onda

- Çoox... hər şeyə marağım var. Gərək mütləq baxım görüm nədi. Yəqin cazı ona görə sevirəm.

- Kimi sevirsiz cazda?

- Əsas Amerika cazmenlərini. Armstrong, Ray Çarlz... Düzdü, Ray sırf caz deyil, amma bəyənirəm.

- Əzizə Mustafazadənin cazını bəyənirsiz?

- Çox bəyənirəm. Çox istedadlı qızdı. Onunla iki mahnı da işləmişik.

Mən çox rahat şairəm bəstəkarlar üçün. Arif Məlikovun bir kantatası var. Mənə partituranı verib. Yayda oturub doldurmuşam. 

Emin Sabitoğlu çox yazıb mənim şeirlərimə. Rafiq Babayev yazıb.

- Ölümdən çox yazırsız.

- Düzdü. Ölümdən məndən çox yazan Azərbaycan şairi yoxdu. Atamın Stalindən yazdığından çox mən ölümdən yazmışam.

(öldük gülməkdən)

Güney Azərbaycanda görüşdə olanda bir cavan oğlan sual verdi ki, bəs Vaqif bəy, atanızın yaradıcılığında kommunizmin tərənnümü var, sizdə yoxdu. Niyə? Dedim a bala, bir evdən neçə kommunist çıxar? Atamın yazdıqları mənə də bəsdi, nəticələrinə də.

- Siz də ölümü tərənnüm edirsiz?

- Bax, ölümdən qorxmuram deyənlər var e, ən çox ölümdən qorxanlardı. İşığın cazibəsi olduğu kimi zülmətin də cazibəsi var. Tutaq ki, harasa meşəyə getmisən, orda bir qaranlıq mağara görürsən, səni mütləq özünə çəkir, maraqlanırsan görən nə var orda. İşıqda hər şey görünür, qaranlıqda yox. Ona görə qaranlıq mənimçün daha maraqlıdı. Ölümə maraq da belədi. Həm qorxursan, həm də maraqlanırsan.

- Bəxt üzüyündəki Hüseyn Kefli İsgəndərdi?

- Heç ağlıma gəlməyib... Azərbaycan dramaturgiyasında müsbət qəhrəman nəsə uğurlu alınmır. Onlara baxın, özləri kimi məzmunsuz, mənasız, cansıxıcı insanlar yoxdu. Amma mənfi qəhrəmanlar... bəh, bəh...maraqlıdılar, xarizmatikdilər. Təsəvvür elə ki, Kefli İsgəndər içən deyildi. Nə olacaqdı? Olacaqdı sxema, maraqsızın biri.

- O düzdü ki, içkili adam həqiqəti deyər

- Yox, ayıq adam hansı həqiqəti deyirsə, kefli olanda da o həqiqəti deyir.

- Yəni İsgəndər, Hüseyn ayıq olsaydılar da eyni həqiqəti deyəcəkdilər

- Bəlkə də o formada yox, bir az başqa cür, amma yenə də eyni şeyi deyəcəkdilər.

- Ürəyinizdə nə var?

- Qorxu! Qorxu içindəyəm, qızım. Azərbaycanın müstəqilliyinə təhlükə hiss edirəm.

- Bir şeiriniz var – məndən sonra nəyin istisindən qızanlar...

Məndən sonra nəyin istisindən qızanlar

Arzulayacaqlar kölgəmi

     Hansı rəngdə çəkəcəklər

     xəritədə ölkəmi?..

 

Sovet vaxtı yazılıb...

 

- Hələ də ölkədən narahatsız...

- Həmişə narahat olmuşam. O vaxt bu misraya görə mənim başıma it oyunu açdılar, qızım. Bunu vermə. Zəhləm gedir özünü dissident kimi aparanlardan.

- Vəkilovların klassikası sizinlə bitir, yoxsa sizdən sonra gələn var?

- Yox, yazanlar yoxdu. Amma Vəkilovların əsas fəaliyyəti hərbçilik, diplomatiya olub. Hal-hazırda da bizim orduda generallarımız var. Bir də sözsüz ki, poeziya... Molla Pənah Vaqifdən tutmuş Molla Pənah Vaqulyaya qədər. Bizim nəslin kökü diplomatiya sahəsindən başlayır. 16-cı yüzillikdə indiki İraqın şimalından Kosa Mirzalı adında adam gəlib indiki Qazağa, orda birinci İraklidən torpaq alıb. İndiki Qazax mahalı o vaxt Kaxet Çarlığının ərazisinə aid idi. İrakli bunu qəbul edib, söhbət eləyib, görüb ağıllı adamdı, xoşuna gəlib. Göndərib İrana vəkil, yəni səfir. O vaxtdan adı qalıb vəkil. Vəkiloğlular, vəkillilər və nəhayət, Vəkilovlar ordan yaranıb.

- Cəza mexanizminə necə baxırsız?

- Fiziki cinayətə görə cəza verməlisən. Düşüncəyə cəza vermək olmaz axı. Bunu necə müəyyən edəcəksən, harda yazılıb ki, belə düşünmək olmaz?

- Məsələn, Əkrəm Əylisli üçün...

- Mən bunu bir dəfə demişəm. Əkrəm Azərbaycanın tənqidlərinə dözəcək, dözdü də. Amma erməni təriflərinə dözə biləcəkmi? Gördün, artıq kitabı çap olunub. Hər il genosidlə bağlı elə bir konfrans, simpozium olmayacaq ki,  Əkrəm ora ermənilərdən dəvət almasın.

- Gedəcək sizcə?

- Bilmirəm. Getsə uduzacaq. Bu romanın mənəvi qəbahəti siyasi qəbahətə keçə bilər. Və bu, təhlükəlidi. Mənim üçün də, sənin üçün də. Ancaq ad almaq məsələsinə gəldikdə bunu almaq onsuz da mümkün deyil. Ən azı onun haqda yazanda “keçmiş” də olsa “xalq yazıçısı” ifadəsi mütləq qeyd olunacaq. Sartr özü imtina eləmşidi Nobeldən, Pasternak da, amma onlar Nobelçilər kimi qaldılar tarixdə.

- Şəxsi həyatınızda rahatsız?

- Rahat da oluram, narahat vaxtım da olur.

- Kaprizlisiz?

- Hərdən eləə... Vay, vay, vay...

Pulu daha çox nəyə xərcləyirsiz?

- Evə, bazarlığa. Bağa, itlərim var, onlara. İki itim var. Biri çoban itidi, birini küçədən gətirmişəm küçük vaxtı. Bu küçə iti necə qoruyur məni... bir başqa şeydi. Bir dəfə Nüşabə xanımla eyvanda dayanıb söhbət edirdik, Nüşabə xanım zarafatla mənim çiynimdən yüngülcə vurdu. Vay, vay...bu it aşağıdan eyvana necə hoppandısa qorxduq hamımız. Yaxşı ki, eyvana qalxa bilmədi, öldürərdi arvadı.

- Ən sadiq dostunuz kimdi?

- Çoxunu itirmişik. Anardı ən sadiq dostum. Biz heç vaxt görüşəndə ədəbiyyat söhbətləri eləmirik. Bir yerdə böyümüşük az qala. Uşaqlığımızdan danışırıq, xatirələrdən danışırıq.

- Nəsr az yazırsız.

 

- Bizim elə bil Yusiflə aramızda imzalanmamış, sözsüz danışıq olub. Mən nəsrlə, kinoyla məşğul olmuram, o da şeirlə, dramaturgiyayla. Belə alındı. İndi xatirələr yazıram. O yəqin ki, nəsrdi.

- Unutmadığınız sevgi macərası var?

- O qədər...bu ürək var e, bilirsən nə boyda məzarlıqdı? Məhəbbət məzarlığı. Hər birinə baş çəkirəm, üstünə gül qoyuram. Macəra yoxdusa öl də. Ədəbiyyat üçün yaşamaq olar? Ədəbiyyat üçün ölmək olar?

Qadın üçün yaşamalısan, qadın üçün ölməlisən. Millət üçün, vətən üçün ölənlərin qarşısında baş əyirəm, ancaq qadın üçün ölənlərin qarşısında diz çökürəm...

 

 

Aysel Əlizadə