Kəramət : - DÜŞÜNCƏ VƏ İNAM

YAZARLAR 13:59 / 25.07.2024 Baxış sayı: 1549

 

DE Kİ, MƏNİ SEVİRSƏN,

HƏLƏ Kİ DÜNYA DAĞILMAYIB

İnam niyəsi olmayan bütdü. Hamı buna hörmət etməli, ona görə ki, hər kəsin inamı var. Sual verə biləndə düşüncə hərəkətə Keçir, ona görə hər kəs öz inancının yuvasında, hinində, mağarasında, ərazisində məmnundu, ona toxunmaq olmaz. İnam müqəddəsdi, düşüncə sorğulayandı, inam əzbərdi, düşüncə əvvəlini-axırını, digərlərini işin içinə qatıb sorğulayır və araşdırır İnandığının NƏ , KİM olduğunu öyrənmək istəyəndə inamın, müqəddəsliyin sərhədlərini pozursan. İnanc da öz daxilində özü-özünü sorğulayır, yenisini yaradı, ancaq sərhəd qoyur, qırmızı işıqda keçmək olmaz. Düşüncənin , elmin qırmızı işığı, qadağa zonası yoxdur. Böyüdükcə uşaqların uşaqlığını əlindən alırıq, ona deyirik ki, bax bu sorğulanmaz. Halbuki bəşəriyyət uşaqlığıyla -ətrafı sorğulamasıyla, sual dolu baxışlarıyla "niyə"siylə varoluşdur. Yoxsa, elə dünyada bircə din, bircə tapınaq olardı. Deməli bəşər axtarır, amma axtarış ərazisindən kənara çıxa bilmir, qapanmış dairə daha yeni heç nə öyrətmir. Elm, ağıl öyrədicidi, tükənməzdi, açıldıqca açılır, o qədər ki, özünə də şübhəylə yanaşır, inkar edir. Modernizmin sonu "ağlın sonu" kimi də izah olunur.

TÜKƏNMİŞ, ÖZÜNÜTÜKƏTMİŞ İNANCDAN elm-bilim-modernizm doğdu. Bəsit şəkildə desək. Modernizm sonu liberal, neoliberal münasibətlər , xxüsusilə, puldan pul qazanmaq (istehsalın, əkib-biçməyin aradan qaldırılması), qloballaşma iqtisadi imperializmi müasir, intellektual köləlik yaratdı. Modernizm fərdi, mütəxəssisi önə çıxarırdısa, postmodernizm alqı-satqı vasitəsinə çevirdiyi insanı, əsəri də yaradıcısıyla birgə öz bazarının labirintində azdırmağa çalışır. Amma təkər yerimir, ləyaqətsizlik kütlə-kölə yaradır. Nəticədə iqtisadiyyatda orta təbəqə aradan götürülür. Bəşərin 75 %-i 25 %-ə işləyir, yəni onun köləsidi. Ölkələr sadəcə bazar funksiyasını yerinə yetirməyə məcbur olur, çünki sərmayə iqtidarlara iqtidarlıq edir.

Postmodern düşüncə tam formalaşmasa da yaradılanı "yeməyə, bazarlamağa" hesablanıb, mətnlərarası keçişdən tutun dəyərlərin aşağılanması, ironik yanaşma və s. Yaratmamaq üzrə yaratmaq kimi xarakterizə edə bilərəm, hələlik.

Gəldiyimiz yer burası, mənim baxışımdan, hələlik..çünki düşünürəm, bəlkə belə deyil. Ağılsızlıqdan ağla dönmə həmlələri də yox deyil.

Öz dilimizdə əyani vəsait kimi deyə bilərəm ki, son dıvr aparıcı ölkə prezidentləri belə Mikayıl Cabbarovdan ağıllı deyillər.

Bu dağılmadan sonra toparlanma prosesi qaçılmazmış kimi görünür, yoxsa bu başıpozuq dağılma dünyanın da dağılmasını gətirər.

Hələ gec deyil, sevdiyinizə "Səni sevirəm" deyin, "Səni pulnan alaram" deməyin.