ÇAPA – YUSİF ŞÜKÜRLÜNÜN HEKAYƏSİ

Ədəbiyyat 21:28 / 26.07.2024 Baxış sayı: 5914

 

Çapanın vəziyyəti heç də xoşagələn olmadı. Ev sahibəsi onu sevmir, uşaqlar da ona fikir vermirdilər. Çapa çox istəyirdi və çox çalışırdı ki, həyətdəki uşaqlar ona isinişsinlər, onunla oynasınlar, amma alınmırdı ki, alınmırdı. Onu sahıbsiz görüb çubuqla döyür, ya da daşla vururdular. Capa da ağrıdan yazıq-yazıq vəngildəyir, zingildəyir, onu döyənin gözlərinin içinə baxaraq sanki yalvarırdı ki, axı məni niyə döyürsən, mən sənə nə pislik eləmişəm? Amma bunları Çapa it dilində deyir, başa düşən düşür, düşməyən də onu təkrar vurmaq istəyirdi. Əlacsız qalan Çapa quyruğunu qısıb qaçırdı.

Beləcə bir aya yaxın vaxt keçdi, amma onun sahibi gəlmədi ki, gəlmədi. Artıq ona yemək də vermirdilər. Çapanın bircə qarnını doyurmaqdan başqa heç bir işi, yox idi. Yazıq heyvan it olsa da, başqa həyət itlərinə nisbətən kiçik olan tula cinsi idi. Onun bu dunyada ən çox sevdiyi məşğuliyyət sahibi ilə quş ovuna getmək idi. Bu da ki belə. İndi nə sahibi var idi, nə ov, nə də Çapanı sayıb, axtaran. Bu hələ bir yana, əgər “quş qripi” adlanan şayə olmasaydı bəlkə də Çapanın yaxşı bir quş tulası olduğunu bilən adamlar ona görüm-baxım edərdilər. Heyf ki, quş quşlamağı qadağan etmişdilər və insanlar da xəstəlikdən qorxaraq əllərinə tüfəng alıb, çay sahilinə getmirdilər.

Çapa hər gün bir neçə dəfə quşlar olan həndəvərə getmək istəyirdi. O, bunu edir: bir qədər gedirdi ki, bəlkə bir ovçu ilə rastlaşa - ona qoşula gedə, o da ki, olmurdu. Nə bol idi yol-irizdə sahibsiz veyil-veyil gəzən çöl itləri. Onlar Çapanı görən kimi dalınca cumurdular. Az qalırdı ki, tutub parçalasınlar. Yaxşı ki, bu hələ kənddən çox uzaqda olmurdu və Çapa qaçıb həyətə girir, zorla canını qurtara bilirdi.

Son vaxtlar Çapa qəribə yuxular görməyə başlamışdı. Tərs kimi də bu yuxuları gecələr mürgü vuranda görürdü. Görürdü ki, budur e, sahibi gəlib! Çapa onun yanına qaçır, ayaqlarına suvaşır, böyrü üstə yerə uzanır ki, sahibi onu ayaqqabısının ucu ilə qıdıqlasın, sonra qalxır ora-bura qaçır, atılıb-düşur və sevincindən hürür. Elə hürür ki, öz səsinə oyanır və görür ki, nə sahibi var nə də onu əzizləyib, tumarlayan. Hər dəfə bu yuxugörmə Çapanı elə qəmləndirirdi ki, yazıq heyvan, öz it dilində, ağlaya-ağlaya sahibini çağırmağa – ulamağa, başlayırdı. Sən demə itin ulamasını insanlar sevmirlər və, Çapanın öz dərdi özünə bəs deyilmiş kimi, adamlar əllərinə keçəni bu yazığın olduğu səmtə doğru tolazlayırlar. Bir dəfə də kiminsə atdığı boş şüşə butulka gəlib Capanın yanındakı daşa dəyib partlamışdı və şüşə qırıqları onu yaralamışdı. Bütün bunlara baxmayaraq, yenə Çapa yuxu görür, ayılan kimi, qəmlənir və ulayırdı. O, uladıqca ev sahibəsinin də zəhləsini tökür, onsuz da onu sevməyən sahibə Çapanı başdan eləmək üçün yollar axtarırdı. Əslində sahibə açıq-açığına Çapaya qarşı qəti tədbir görməyə qorxurdu. Çünki Çapanın sahibi gedəndə sahibəyə tapşırmışdı ki, tuladan muğayət olsun, vaxtı-vaxtında onun yemini-yalını versin. Bu da ki, verdi haa… Hələ onu görən kimi üz-gözünü turşudur, ayağını yerə vurub, bərkdən: “paşol!”, deyə qışqırırdı. Sahıbə rus dilində olan bu əmrin hərfi mənasını başa düşməsə də, Çapa bilirdi ki, o, “rədd ol”,- deyir və üzünü sahibədən çevirib, mal tövləsinin yanındakı samanlığa – öz yerinə, gedirdi. Onun sevilməməsi bir yana, qarnı da ac olurdu. Çapa gündüzlər, gecələr olduğu kimi, yuxlaya bilmir, mürgü döyür, ayılıb  qəmindən ulamağa başlayırdı.

Bir gün səhər tezdən sahibə Çapanı səslədi. Çapa səkinin altından çıxıb sahibənin qabağında dayandı və quyruğunu bulaya-bylaya qulaqlarını şəklədi ki, görəsən, sahibə nə deyir? Sahibə yaxınlaşıb əlindəki çörək parçasını ona uzatdı. Çapa itaətlə və ehmalca çörəyi dişləri ilə tutdu, sonra yerə qoyub yenə sahibənin gözlərinə baxdı. Bəlkə də it sahibindən bir xəbər gözləyirdi. Yoxsa, sahibə onu niyə çağırsın axı, niyə ona yemək təklif etsin və öz əli ilə versin? Axı sahibi gedəndən sonra bu qadından “paşol” dan başqa söz eşitməmişdi...

Sahibə Çapaya heç fikir də verməyərək ona sarı əyildı. Çapaya elə gəldi sahibə onu tumarlamaq istəyir. O da şöngüdü və sahibənin tumarını gözlədi. Amma bu tumar olmadı. Sahibəsi Çapanın boynuna ip bağlayırdı. Çapa dartındı, ancaq artıq gec idi. Sahibə ipin o biri ucunu  evin sütununa bağladı və səkidən orta ölçülü çuval gətirib, cuvalı Çapanın arxa tərəfindən geydirməyə başladı. Əvvəllər sahibi özgə maşıni ilə ova gedəndə Çapanı bu çuvala salıb maşına mindirərdi. Çapa elə zənn etdi ki, yəqin onu maşınla sahibinin yanına göndərəcəklər. O, sevincindən zingildədi. Sahibə əlini çuvala salıb, itin boynundan kəndiri açdı. Bəli iş həmin iş idi: doğrudan da onu harasa aparacaqdılar. Çünki sahibə çuvalın ağzını da iplə bağladı və gedib əlüzyuyanda sabunla əllərini yudu.  

Çuvalın içindən həyət bulanıq da olsa, görünürdü. Çapa on, on beş dəqiqə cuvalda sakit yatıb, işin ardını gözləyirdi. Nəhayət, küçə qapısını kimsə döydü. Çapa cüvalın içindən qapıdöyənin qarasına hürdü. Sahibə həyətə düşdü və gedib qapını açdı. İçəriyə, küçədə kiçik mağazası olan- sahibənin qonşusu İkram kişi girdi. O, sahibə ilə nə barədəsə danışdı və ondan pul alaraq gəlib çuvalı götürüb yola apardı.

Bu iş itin heç xoşuna gəlmədi. Çünki, İkram kişidən Çapanın zəhləsi gedirdi və harada, nə vaxt onu görürdüsə, mütləq mırıldayıb, dişlərini qıcayırdı. İkram da deyirdi:

-Bu “sandıq tulasının” bir qarış boyu var, mənə pislik edir. Mən də sahibinin xatirinə onu vurmuram. Ona görə də bu it elə bilir ki, guya mən ondan qorxuram...  Həqiqətdə isə o, Çapadan qorxurdu. Çünki Çapa qorxaqları auralarından tanıyır və hürüb, səs-küyünə basaraq, onlara “xox” gəlirdi.

Daha iş - işdən keçmişdi. Çapa heç cınqırını da çıxarmadı. İkram Çapanı avtomobilinin yük yerinə qoymamışdan əvvəl, onun olduğu çuvalı kiçik bir karton qutuya saldı. Sonra qutunu yük yerinin bir küncünə qoyaraq ətrafına başqa şeylər yığdı və yük yerini doldurub yola düşdü.

Avtomobilə başqa adamlar da minmişdilər. Yük yerində çuval karton qutunun içərisində olduğu üçün Çapanın yeri çox darısqal idi və nəfəs almağa da imkan yox idi. Ona görə heyvan tez mənzilbaşına çatmağı arzulayır, yazıq-yazıq zingildəyir və öz it dilində sahibini köməyə çağırırdı.

Axır ki avtomobil gəlib Çapa üçün naməlum olan bir yerə çatdı. İkram avtomobili dayandırdı və gəlib yük yerinin qapağını qaldırdı. Havasızlıqdan boğulan Çapa zingildədi. O, mümkün qədər tez bu zindandan azad olmaq istəyirdi. İkram kişi elə bil bunu hiss etmişdi və qəsdən Çapanın olduğu karton qutunu yük yerindən götürməyə tələsmir, başqa zənbil və əşyaları boşaldırdı. Çapa etiraz əlaməti olaraq yüksək səslə vəngildədi. İkram Çapanın olduğu karton qutunu götürüb kənara tulladı. Qutu yerə dəydi və Çapa olan çuvalın yarısı qutunun açılmış qapaqlarından bayıra çıxdı. İkram digər işlərini başa çatdırdıqdan sonra avtomobilin yük yerinin qapağını bağladı və çevrilib, yavaş-yavaş çuval olan qutuya yaxınlaşdı. Əyilərək əlindəki bıçaq ilə çuvalın ipini kəsdi. Qutuya toxunmadan, eləcə də qoyub getdi. Çapa çapalayıb başını çuvaldan çıxararaq ətrafa baxdı.

Bura beşmərtəbəli yaşayış evləri ilə əhatə olunmuş həyət idi. Ətrafda çoxlu avtomobillər dayanmışdı. Hər kəs öz işində idi və heç kim Çapanın olduğu çuvalla maraqlanmırdı. Çapa qıc olmuş ayaqlarını tərpətdi, quyruğunu, qulağını hərəkətə gətirib bir xeyli ləhlədi. Susuzluqdan ciyəri yanırdı. O, heç nəyə baxmadan, çuvaldan sürünüb çıxdı və dayanıb, titrəyə-titrəyə - bu tanış olmayan, səsli-küylü həyətə baxdı.

Həyətdə Çapaya ilk yaxınlaşan canlı kiçik bir pişik balası oldu. Pişik balası metal torun yanında bitmiş alaq otlarının arasından çıxıb Çapaya yaxınlaşdı, yavaş səslə miyoldadı və gəlib lap itin ayaqları arasında dayandı. Çapa da pişiyin qulaq-quyruğunu qoxuladı. Pişik balasından birə qoxusu gəlirdi. Çapanın da ki birədən zəhləsi gedirdi. O, pişik balasından aralanıb avtomobillərin arası ilə həyəti gəzməyə başladı.

Yaxınılıqda olan küknarların arasından zəif su səsi gəlirdi. Bərk ürəyi yanan Çapa ora yaxınlaşdı. Doğrudan da, küknarların dibində su kranı vardı və krandan süzülən şəffaf su şirnağı gölməçə əmələ gətirmişdi. Amma ora girmək mümkün deyildi. Bu balaca, sərin olan su gölməçəsinin ətrafı metal tor ilə bağlanmış, balaca qapıya da qıfıl vurulmuşdu.

Çapa küknarların kölgəsinə qoyulmuş qırmızı avtomobilin altına girib ləhləyə-ləhləyə yatdı. Onun bütün diqqəti gölməçənin yanında idi. Bu dəmdə yaxınlıqdakı yoldan keçən bir kişinin apardığı su dolu vedrədən yola su sıçradı. Kişi aralanan kimi Çapa su tökülən yerə yaxınlaşdı. Bu istidə yerdə su necə qala bilərdi, yerə düşüncə toza qarışmışdı.

Yoldan bir qətrə su tapmaq arzusu boşa çıxan Çapa kişinin gəldiyi istiqamətə doğru yönəldi. Heç iyirmi-iyimi beş addım atmamışdı ki, qulağına su səsi gəldi. Gördü ki, buradakı iri və kölgəli tut ağacının aşağı tərəfindəki bağın kənarında su kıranı var.

Kranın lüləyindən dumduru su axırdı. Çapa qaçaraq krana yaxınlaşdı və təbiətin bu gözəl nemətindən doyunca içib, ürəyinin yanğısını söndürdü. Orada yenicə yatıb ləhləməyə başlamışdı ki, binadan bir kişi çıxdı və Çapaya nifrətlə baxıb, yerdən onu vurmağa daş axtardı. Çapa qorxub, yenə yuxarıya – qırmızı avtomobilin altına, qaçdı və yerini rahatlayıb mürgüləməyə başladı.

O, yenicə mürgü döyməyə başlamışdı ki, kimsə avtomobilə yaxınlaşıb, onun sükanı arxasna keçərək  mühərriki işə saldı. Daha dayanmaq olmazdı. Çapa tez avtomobilin altından çıxıb, önünə keçdi. Sürücü mehribancasına Çapaya baxırdı. Çapa belə nəzərləri təkcə sahibində görmüşdü, ancaq bu o zaman olmuşdu ki, Çapa ya bataqlıqdan, ya qamışlıqdan, ya da keçilməz kolluqdan sahibinin vurduğu quşu tapıb gətirmişdi.

Çapa nəzərlərini kənara çəkdi. Sürücü avtomobildən düşərək Çapanı yanına çağırdı. Amma Çapa adamlardan incidiyi üçün bu adama da etibarı yox idi. O, avtomobilin o biri tərəfinə keçdi və bayaq su içdiyi aşağı həyətə doğru qaçdı. Sürücünün onun arxasınca gəlib-gəlmədiyini yoxlamaq üçün çevrilib arxaya baxdı. Sürücünün gəlmədiyini görüb tut ağacının kölgəsində yatdı. Qırmızı avtomobil isə o həyətdən qarşıdakı yola çıxdı və gözdən itdi. Çapa tək qaldığı üçün məyus oldu və yavaş səslə zingildədi.

Aşağı tərəfdə evlər görünürdü. Lap yaxında “avtomobillərin evləri” – qarajlar, qarajların arasında da insanların atacağı daş və ağacdan qorunmağa, yəni adamlardan gizlənməyə inkan var idi. Çapa gələcəkdə bu həyətdə qalmaq qərarına gəldi.

Budur e! Burada böyük bir zibilxana var. Nə qədər desən yemək tapmaq – qarın doydurmaq olar. Burada pişiklər də bol idi. Onlar özlərini zibilxananın sahibləri kimi aparır, heç Çapanı veclərinə də almırdılar. Amma, birdən nə oldusa, pişiklər dağılışdılar və hərə bir tərəfdə gizləndi. Çapa gördü ki, iri bir çoban iti zibilxanaya yaxınlaşır. Çapanın canına qorxu düşdü. Bilirdi ki, belə köpəklər xırda tulaları xoşlamırlar. Tula nə edəcəyini bilmədi. Aşağı-yuxarı, sola-sağa baxdı ki, təhlükə yaransa, hansı səmtə qaçsın. Gördü ki, yuxarı həyətə qaçmaqdan başqa çarə yoxdur.

Köpək gəlib zibilxanaya çatdı. Deyəsən, Çapanın qoxusunu almışdı və  yavaş-yavaş Çapa olan səmtə doğru irəlilədi. Çapa istədi ki, ona yaltaqlanıb canını qurtara, gördü yox – bu işdən qan iyi gəlir, yuxarı həyətə doğru götürüldü. Köpək onun arxasınca iki dəfə hamıldadı. 

Çapa qırmızı avtomobil olan yerə çatıb, geriyə boylandı. Gördü, köpək zibilxanada qarnını doydurur və tula heç onun vecinə də deyil. Amma o, Çapanın vecinə idi və onunla dostluq etmək istəyirdi. Çünki  belə güclü dostu olanın dərdi olmaz: harada istəsə gəzər, nə istəsə edər. Amma hayıf ki, köpəklərin tulalardan zəhlələri gedir!..

Çapa acmışdı. O, aşağıya gedə bilməzdi, ora köpəyin “zonası” idi. Tula özünə bir dalda axtarmağa başladı. O, bayaqkı küknarlı bağın kənarındakı metal torların diblərində bir girəcək yeri axtardı. Pişiklərin qoxusu ilə gedib, qapısı qıfıllı və küknarlı bağa qonşu olan o biri bağa çatdı. Burada metal tor dirəkdən bir az aralanmışdı və pişiklər də bağa buradan keçirmişlər. Çapanın başı o aralıqdan keçdi. Keçid Çapa üçün bir az darısqal idi, amma buradan bağa girib-çıxmaq olardı.

Çapa bağın içərisini gəzdi. Deyəsən, çoxdan bura adam ayağı dəyməmişdi.Alaq otları boy atıb, metal toru belə ötmüşdü.Bağın içi siçovul və pişik cığırları, köhnə əski və zibil ilə dolu idi. Bir küncdə də metaldan hazırlanmış, yanları açıq, üstü isə dəmir lövhə ilə örtülmış köhnə toyuq hini vardı. Hinin içərisınə nə vaxtsa, narın qum tökülmüşdü və bu əclaf pişiklər də  oranı özləri üçün tualet etmişdilər. Çapa dırnağı, burnu və quyruğu ilə orada səliqə-səhman yaratdı və yaxşı bir yuva alındı. Qarnının ac olmasına baxmayaraq o, narın və sərin qumun üstündə sərələnib yatdı, rahatlanıb, dərin yuxuya getdi.

Bir də ayılanda gördü ki, qaş qaralıb, bağın qarşısındakı pilləkənlərin üstündə oturub dincələn qadın və qızlar öz dillərində söhbət edir, zarafatlaşır, arada da şaqqanaq çəkib gülürdülər.Çapa yavaş-yavaş bağın qapısına yaxınlaşdı. İçəri qaranlıq olduğundan heç kim onu görmürdü. O, bir tərəfdən, yeni məskəni üçün sevinir, digər tərəfdən də bu səslər arasında öz sahibəsinin səsinin olmamasına görə kədərlənirdi. Baxmayaraq ki, sahibəsi ona qarşı çox ədalətsiz davranırdı, amma yenə Çapa it idi axı! Axı, itlər adamlardan sədaqətli olur, sahiblərinin onlara qarşı etdikləri pislikləri tez unudurlar. Adamlar bilsələr ki, onların itləri sahiblərindən ötrü özlərini oda atarlar, onda yəqin ki, öz itlərinə pislik eləməzdilər...

Nə isə, aclıq özünü göstərirdi. Çapa bağdan çıxmalı idi. O, yavaş-yavaş bayaq girdiyi küncə yaxınlaşdı, əvvəlcə qabaq ayağının birini, sonra başını o dəlikdən keçirdi. Gördü ona əhəmiyyət verən yoxdur, ürəklənib,bədənini də o tərəfə keçirdi. Çapa həyətə çıxan kimi özünü bir az kənarda dayanmış qırmızı avtomobilin altına verdi. Həyətdəki qızlar onu gördülər və qışqırışıb, qaçdılar. Bir-iki balaca uşaq isə ondan qorxmadı və yaxınlaşıb əyildilər ki, Çapanı görsünlər. Çapa uşaqlara yazıq-yazıq baxdı və onlardan imdad istəyirmiş kimi, zingildədi. Amma uşaqlar əl çəkmədilər. Gedib qarşıdakı yoldan xırda daş yığıb gətirərək Çapanı daşlamağa başladılar. Daşlar Çapadan daha çox avtomobilin altında müxtəlif yerlərə dəyirdi. Dəmirə dəyən daşın səsi qadınların diqqətlərini cəlb etdi və onlardan biri:

-Ey, ay uşaq! Maşına daş vurmayın!, – deyə uşaqlara acıqlandı. Bundan sonra uşaqlar Çapadan əl çəkdilər.

Gecə yarıya qədər evin pilləkənlərinin üstü adamlarla dolu oldu. Hamı isti iyul günündən sonra belə axşam sərinində istirahət edirdi. Onlar nə biləydilər ki, Çapa aclıqdan nələr çəkir... Nəhayət, həyət boşaldı, hamı öz mənzilinə çəkildi. Çapa da sürünə-sürünə avtomobilin altından çıxdı və aşağı həyətə - zibilxanaya doğru yollandı. Amma orada başqa itlər və pişiklər var idi. İri itlər olmasa da, Çapanın bəxtindən, balaca küçüklər və ana it onu görən kimi mırılmandılar və Çapanın üstünə cumdular. Çapa da özünə görə idi axı. Nə qədər də olmasa erkək cinsi idi! O, qaçmadı və var qüvvəsini toplayıb qancığın üstünə cumdu. Bəlkə də Çapadan bu hərəkəti gözləməyən ana itin şəklənmiş qulaqları aşağı sallandı. O, quyruğunu qısaraq, başını oyan-buyana buladı və Çapaya yaltaqlandı. Çapa da boynunu dik tutub, qabaq ayaqlarını bir-birindən bir qarıc aralı qoydu, quyruğunu belinə qatlayıb, ana itin “üzr istəməsini” gözlədi. Amma ana it ona yaxınlaşmadı. Çünki o, küçüklərin əhatəsində idi. Küçüklər də xırda deyildilər haa... Hərəsi Çapanın yarısı boyda olardı.

Çapa daha vəziyyəti mürəkkəbləşdirmədi, özünə yem axtarmağa girişdi. İndi də pişiklər onun zəhləsini tökməyə başladılar. Hara yaxınlaşırdısa, orada bir və ya iki pişik ona mırıldanır, bellərini yuxarı qaldırıb, tüklərini qabardırdılar ki, Çapa o tərəfə keçməsin. Nəhayət, Çapa kiçik bir “sahə” tapdı və oranı eşələməyə başladı. Yenicə bir iki tikə ərzaq qırıntısı tapmışdı ki, zibilxanadan aşağıdakı yoldan bir avtomobil diki qalxıb, zibilxanaya yaxınlaşdı. Avtomobilin faralarının işığı zıbılxana tərəfə yönəldi və Çapanın burnuna tüfəng qoxusu gəldi. O, tula olduğu üçün dəfələrlə gecələr sahibi ilə dovşan ovuna getdiyindən, bu avtomobilin onlara yaxınlaşmasından yaxşı bir şey gözləmədi. Özünü işıq düşməyən tərəfə verdi və o tərəfdən qaçaraq, yuxarı həyətə gəldi. Elə onun qırmızı avtomobilə çatması ilə eyni vaxtda zibilxana tərəfdən tüfəng səsi eşidildi. Bu səsdən sonra Çapa bayaqkı ana itin zingiltisini eşitdi. O, tez özünü avtomobilin altına verdi və zibilxanadan gələn səslərə qulaq asmağa başladı. Avtomobil ilə gələnlər vurduqları iti - elə yaralı-yaralı, avtomobilin yük yerinə ataraq çıxıb getdilər. Zibilxanadan isə analarını axtaran küçüklərin vəngiltisi gəlirdi.

Avtomobilin altında xeyli gözlədikdən sonra Çapa durub yavaş-yavaş, zibilxanaya yaxınlaşdı. Ora yenə murdar pişiklərlə dolu idi. Küçüklər isə görünmürdülər. Çapa ətrafı müşahidə edəndə gördü ki, bir neçə pişik itin yerə tökülmüş qanını yalayır. O, bunlara da əhəmiyyət verməyib bayaq küçüklərin eşələndikləri yerə yaxınlaşdı. Buranı da pişiklər zəbt etmişdilər. Onlardan biri tüklərini qabardıb, Çapaya “xox” gəlmək istəyirdi ki, Çapa hirslə onun üstünə atıldı. Pişiyi pəncəsi ilə vurub zibillərə qarışdırdı. Çapadan bu həmləni gözləməyən pişik sıçrayıb kənara – qapısı elektrik lampası ilə işıqlandırılan qarajın qabağına-asfaltın üstünə, atıldı. O qaçıb canını qurtarmaq istədi. Amma Çapa onun başının üstünü almışdı. Pişik arxası üstə çevrilib, pəncələrini irəli uzatdı və müdafiəyə hazır dayandı. Çapa bir də irəli atıldı və pəncəsi ilə pişiyi quyruq tərəfindən vuraraq çevirdi. Pışik yenə müdafiə vəziyyəti almaq istədi, amma gec idi! Onun boynu Çapanın iti dişlərinə ilişmişdi. Pişik bəkrdən–cığıltılı səslə, miyoldayıb, imdad istədi. Onun tükürpədici səsindən qorxan o biri pişiklərin hamısı qaçıb, zibilxanadan uzaqlaşdılar.

Çapa da zalımlıq etdi. Axı, o da it idi və onun da it xasiyyəti vardı! Tutduğu pişiyi elə silkələdi ki, heyvanın boynu qırıldı, gərilmış pəncələri boşaldı və bir əski parçası kimi Çapanın dişlərindən asılı qaldı. Bundan sonsra Çapa öldürdüyü pişiyi kənara atıb, yenə zibillərin içərisindən özünə yem axtarmağa başladı.Tapmış olduğu ərzaq qalıqları ilə qarnını doyurduqdan sonra, dişində - yenicə köçdüyü yuvanın – köhnə hinin, yanına bir neçə sümük və digər ərzaq qalıqları daşıdı.

Çapa yerini rahatlayıb mürgüləməyə başlayanda artıq səhər idi. O, yenicə mürgüləməyə başlamışdı ki, binanın yuxarı mərtəbəsindən hələ sönməmiş siqaret kötüyü düşdü. Bu kiçik və tüstülənən qırıntıdan elə zəhlətökən qoxu gəlirdi ki, Çapa heç nəfəs ala bilmədi. Durub hindən çıxdı və kənarda yatdı. Buraya siqaret kötüyünün iyi gəlirdi. Çapa siqaret sümürən insanların necə də əlacsız olduqlarını və bu zəhrimarı sümürməyə məcbur olduqlarını biləndə insan olmadığına sevindi. Sevindi ki, o, itdir və belə pis vərdişlər yalnız insanlara aiddir.

Çapa özünün it olması ilə öz-özünə öyünüb qurtarmamışdı ki, sıçrayaraq, odlu gözü ilə yuxarıdakı qaranlığı deşərək onun üstünə şığıyan ikinci siqaret kötüyündən canını zorla qurtardı. Bu xəta da beşinci mərtəbədən gəlirdi. Çapa anlaya bilmədi ki, görəsən, niyə bu insanlar yatmır, siqaret sümürürlər? Nəyə görə, axı, bunlar öz ömürlərini siqaretin odu ilə əridib, qısaldırlar?..

Çapanın it başı siqaret bəlasına düçar olmanın səbəbini ayırd edə bilməzdi. Nə qədər çalışsa da, bu mümkün olan iş deyildi. Bir onu yəqin etdi ki, siqaret sümürən insanlar öz canlarının qədrini itlər qədər  bilmirlər. Hələ bu bir yana, siqaret sümürən insanlar bu vərdişə tutulmayan insanların və başqa canlıların da belə bir üfunət ilə zəhərlənməsinə səbəb olurlar.

Yuxarıdan siqaret kötüyünün onun üstünə düşməsi qorxusu Çapanı yuvaya çəkilməyə məcbur etdi. Xoşbəxtlikdən birinci siqaret kötüyü sonmüşdü, amma yenə pis qoxuyurdu. Çapa başını əks tərəfə çevirib yuvanın bir küncündə gecəni başa vurdu.

Səhər qırmızı avtomobilin yanında dayanmış qara avtomobil bülbül kimi cəh-cəh vurdu. Sonra sahibi şəstlə pilləkənləri enib, avtomobilə yaxınlaşdı və sükanın arxasına keçib oturdu. Avtomobilin mühərriki işə düşdü və bir xeyli belə işləyə-işləyə dayanıb gözlədi. Nəhayət, avtomobil geriyə doğru hərəkət edib, gözdən itdi.

Qara avtomobil gedəndən sonra Çapa qüssələnməyə başladı: kaş ki, onun da sahibi gələydi və onu da belə aparıb gedəydi... Heç özündən asılı olmadı, Çapa sahibinin xiffətindən başını bir az yuxarı qaldırıb bir ağız həzin-həzin uladı. Heyvan hələ ulayıb qurtarmamışdı ki, başı üzərindən - binanın ikinci mərtəbəsindən bir kişi, hələ onun bu vaxta qədər insanlardan eşitmədiyi söyüşlər söyərək, Çapanın olduğu yerə boş butulka atdı. Butulka albalı ağacının budaqlarına dəydi və gəlib Çapadan xeyli aralı - ağacın dibinə düşdü. Çapa susdu və qaçıb hinə girdi. Kişi isə hələ də söyürdü.

İnsanlar itlərin burunlarının müxtəlif yerlərində olan və qoxu qəbul edib, ona müvafiq biocərəyan siqnalları beyinə ötürən reseptorlardan xəbərləri olsa da, hələ bilmirlər ki, Çapa səs və qoxu ilə bu binanın yaxın mərtəbə və mənzillərində baş verən hadisələri asanca hiss edir -  “görə bilirdi”. Dili olsa, Çapa o kişiyə deyərdi:

-A kişi! Mən sənin kim olduğunu yaxşı bilirəm. Heç də sənin vəziyyətin mənimkindən yaxşı deyil. Ona görə hayıfını məndən çıxmaq istəyirsən... Düzdür, sən adamsan. İnsan cəmiyyətində yerin var. Amma niyə unudursan ki, Çapanın da bu həyatda yaşamağa və qəmlənəndə ulamağa haqqı var!.. Mənim ulamağım sənin söyüşlərindən qəbahətli deyil, axı!..

Nə isə, Çapa ikinci mərtəbədəki söyüşkən kişini o zaman unutdu ki, qırmızı avtomobilin sahibi blokun qapısından çıxıb həyətə düşdü. O, ciblərini eşələyib nə isə axtarırdı. Axır ki, tapdı. Açar dəstəsi idi! O, küknarlı bağçanın qapısını açdı. Amma kişi qapını açanda Çapanın gecə bura – ayaq altına daşıdığı sür-sümük, əski və uşaq pampreslərini görüb hirsləndi. Qonşuların dalınca deyinə-deyinə qarajın qapısını açdı. İçəridən iri bir kürək gətirib, görünən zir-zibili bir yerə topladı, sonra onları kürəklə zibilxanaya daşıdı.

Kişi axırıncı zibilləri yığanda gözü Çapanın baxışları ilə rastlaşdı. O, heç nə demədən, kürəyi doldurub apardı. Qayıdıb gələndən sonra Çapanın olduğu bağın qapısına yaxınlaşıb Çapanı səslədi:

-Çap-çap! Yoxsa, bu zibilləri bura sən daşımısan?!

Çapa qulaqlarını şəkləyib dayandı. Sanki demək istəyirdi ki bu kişi onun adını haradan bilir. Arabir sahibi də onu “Çap” deyə səsləyirdi. Çapa sevincindən zingildədi və qalxıb oturdu. İstədi durub, bu kişinin qarşısına yüyürsün, ona yaltaqlansın, amma qorxdu. Qorxdu ki, ona yaxınlaşar və kişi də əlindəki kürəklə onu vurar. Nahaq bu məhləyə gəlmisən rədd ol, get burdan! - deyə qovar Çapanı buradan...Çapa hələ bir qərara gəlməmişdi ki, kişi soruşdu:

-Səni kim azdırıb, tula? Boynunda xalta yeri var! Ayə, sən əməli-başlı tulaya oxşayırsan ki! Sənin adın nədir, Çap?

Hayıf, hayıf ki, Çapa adamca danışa bilmir. Bilsə, deyərdi ki, bəs, elə Çapayam! Sən məni haradan tanıyırsan?... Amma Çapa danışa bilmədiyi üçün zingildədi. Sonra utanırmış kimi, nəzərlərini kişinin üzündən kənara çəkib, yan tərəfə baxdı və bir-iki ağız ləhlədi. Öz-özünü inandırmağa çalışdı ki, bu kişi Çapa ilə dostluq etmək arzusundadır... Amma, amma bilmək olmaz!..Olmaz...Çapa hələ qəti bir qərara gəlməmiş kişi kürəyi qaraja qoydu və həm qarajın, həm də balaca bağın qapısını qıfılla bağlayıb getdi.Onun getməyi Çapanı qüssələndirsə də, ediləcək bir şey qalmadı və Çapa köhnə hin yuvasına girib yatdı.

Həmin kişi qayıdıb gələndə günortadan xeyli keçmişdi. Çapanın da susuzluqdan ciyəri yanırdı. Heyvan yuvasından çıxıb bağın qapısına yaxınlaşdı və kişiyə baxdı. Kişi öz işində idi. Çapa onu maraqlandırmırdı. O, küknarlı bağın qapısını açıb içəri keçdi. Orada su kranını açdı və vedrəyə su doldurmağa başladı. Suyun səsi Çapanın susuzluğunu bir az da artırdı və heyvan zingildədi. Sonrakı hadisə iti elə sevindirdi ki, heyvan elə bildi qonşu bağda olan adam elə onun sahibidir. Çünki həmin kişi su ilə dolu vedrənun dəstəyinə ip bağlayıb onu Çapa olan bağa salladı. Kişi vedrəni ehmalca yerə qoyub, ipin o biri ucunu özü tərəfdə nəyəsə ilişdirdi və bağdan çıxıb getdi. Çapa da vedrədən doyunca sərin su içdi və dünən gecə daşıdığı ərzaq qalıqları ilə qarnını doydurmağa çalışdı. Bir saata yaxın “səmərəli” vaxt keçirən Çapa nisbətən rahatlandı və yuvasına keçib, mürgüləməsini davam etdirdi.

Axşam sərini düşəndə Çapa da bu bağa girib-çıxdığı dəliyin yanına yaxın yerdə yerini rahatlayıb, həyətə baxa-baxa qaranlığın düşməsini və bu bağdan çıxıb, zibilxanalarda veyillənəcəyi zamanı gözləyirdi. Həyətə üst-başından paslı dəmir və maşın yağı qoxusu gələn, nisbətən arıq və simaca mehriban görünən bir kişi gəldi. O, yorğunluğunu çıxarmaq üçünmü, ya da siqaret sümürmək istəməsinə görə, daş pillələrin birində oturdu. Zənbilini yanına qoyub, cibindən siqaret və alışqan çixardı. Sən demə siqaret sonuncu idi. Kişi bu sonuncu siqareti damağına qoyub, boş qutunu həyətin ortasına atdı.

Kişinin yanındakı zənbildə isti çörək vardı. Çörəyin ətri Çapanı özündən çıxardı. Heyvan iki ağız hürüşə oxşar səslər çıxardı ki, bəlkə bu “mehriban” adam ona bir tikə çörək verə, bəlkə... Kişi Çapanın səsini eşidən kimi yeridən qalxdı və heyvanın sahibinin ünvanına söyüş söydü. Sonra gözləri ilə ətrafdan Çapaya vurmaq üçün daş axtardı. Çapa qaçıb hinə girdi. Elə bir az keçməmiş həmin adam Çapanın yerini bilməsə də onun qaraltısına iri bir daş tolazladı.

Qorxudan əsim-əsim əsən Çapa öz it başı ilə düşündü ki, insanlar bir-birindən çox fərqlənirlər. Çapa it ola-ola ilk baxışdan insanları tanıya bilmir. Bəs, görəsən, insanlar bir-birilərini necə tanıya bilrlər... Səhər zəhimli bir kişi, əlində kürəklə həyətin zibilini təmizləyir, Çapaya mehribanlıq göstərir, ona su verir və özündən də kabinet ətri gəlir. Bu paslı dəmir və siqaret qoxusu verən kişi isə həyəti zibilləyir, özündən acizinə zalımlıq edir, ac olana bir tikə çörək atmaq əvəzinə daş atır...

Hadisədən bir az keçmiş, küçədən həyətə bir avtomobil gəldi. Həmin avtomobil ikinci mərtəbədə yaşayan söyüşkən kişini gətirmişdi. Arıq kişi ilə söyüşkən kişi uzaqdan-uzağa salamlaşdılar. Amma arıq kişi bu söyüşkən kişiyə elə yaltaqlanmağa başladı ki, Çapa öz sahibinə belə yaltaqlana bilməzdi. Yaltaq söyüşkənə Çapadan, söyüşkən yaltağa Çapanın gecə ulamalarından danışdılar. Bunların danışıqlarından Çapa elə nəticə çıxardı ki, guya, yazıq Çapa bunlardan birinin “başını yemək” üçün bu həyətə gəlib!.. Hələ söyüşkənlə arıq kişi Çapanın taleyi haqqında bir qərara gəlməmişdilər ki, qırmızı avtomobil həyətə gəldi. Avtomobilin sahibi – səhər Çapaya su verən kişi, avtomobildən düşüb, söyüşkən və arıq qonşuları ilə salamlaşdı və heç kimə heç nə demədən bağın qapısına yaxınlaşdı və Çapanı çağırdı:

-Çap!..

Çapa yerindən sıçrayıb,qapının qabağına gəldi və quyruğunu bulaya-bulaya, qəşəng, yumuru və qara gözlərini bu kişinin gözlərinə zillədi.

Kişi:

-Necəsən, Çap?!. – dedi və əlindəki balaca bağlamanın içərisindən ona bir neçə tikə çörək, kolbasa və kotlet verdi. – Günorta yeməyimdir,sənə qismət oldu, Çap! Yəqin ki, bunların sənə çatması üşün bizi günorta yeməyinə qonaq etdilər... Yaxın gəlsənə, Çap! Ye də!..

-Müəllim! Bu sənin itindir? – deyə Söyüşkən kişi qırmızı avtomobilin sahibinə müraciət etdi. – Bu it səhərə kimi bizi yatmağa qoymayıb. Eşitmirdiniz, səhərə kimi neyvət-neyvət ulayıb...

-Heyvandır də! Qərib yerə düşüb, kimsə gətirib azdırıb bura. Görmürsünüz, yaxşı ov tulasıdır. Yəqin, sahibinin başına bir iş gəlib ki, belə ulayır...

-Açar kimdədir? Çıxaraq, qovaq getsin! – deyə Arıq qonşu söhbətə qarışdı.

-Açarın kimdə olduğunu bilmirəm, istəyirsən qov! – deyə müəllim Arıq qonşusuna cavab verdi.

-Siz də iti-pişiyi yemləyib, bu həyətə dadandırmayın! – deyə Arıq qonşu Söyüşkən qonşuya baxaraq, ona arxalanıb, uca səslə, müəllimə göstəriş verməyə başladı. Arıq qonşunun bu hərəkəti Çapanı hirsləndirdi və it özünü qapının metal toruna çırparaq ona hürdü.

Çapa hürür, arıq kişi də həyətdən daş axtarırdı ki, Çapanı vursun. Amma Çapa öldü var döndü yoxdura keçmişdi. İt qapıdakı torun açıq yerindən həyətə çıxmaq üçün bağın küncünə cumdu. Elə bil Müəllim Çapanın nə etmək istədiyini duymuşdu. O, ayağı ilə keçidin qabağını bağladı və iti sakitləşdirdi. Sonra acıqlı səslə yaltağa müraciət etdi:

-Sənin nə borcuna ki, mən burada nəyi yemləyirəm?!. Zənbilini də götür get buradan, yoxsa, buraxaram iti!..

Söyüşkənin köməyinə arxalanan Arıq qonşu onun dinmədiyini görüb, pilləkənə yaxınlaşdı və zənbilini götürüb, deyinə-deyinə yuxarı qalxmağa başladı. Söyüşkən də başını bulaya-bulaya onun dalınca öz evinə getdi.

Çapa artıq müəyyən etmişdi ki, buradakı insanlar bir-birindən çox fərqlənirlər. Yazıq heyvan üçüncü mərtəbədə yaşayan bu arıq kişinin niyə Çapaya düşmən kəsilməsinin səbəbini anlamırdı. O kişi Çapaya nə qədər nifrət edirdisə, Çapanın da ondan o qədər zəhləsi gedirdi. Kənddəki evləri olsaydı, mütləq bu kişiyə doyunca hürər, hələ imkan olsa, yəni əlində onu vura biləcək bir ağacı, daşı olmasa, hücum da edər, baldırından bir dişlək də alardı.

                                             

                                    ***

Bu minvalla Çapa azdırıldığı həyətdə bir həftəyə yaxın yaşadı. Bu bir həftə Çapaya çox şeylər öyrətdi. Gördü ki, buranın adamları evlərini təmizləyib, zibili həyətə tökürlər. İkinci mərtəbədən olan qadın, səhər işə gedəndə, zibil torbasını öz qarajlarının qapısından deyil, ona “Çap” deyən müəllimin bağının metal tor çəpərindən asır. Kişilər siqaret kötüyünü və boşalmış siqaret qutusunu,cavan gəlinlər isə çağalarının pampersini ayaq altına atırlar...

Çapa öz-özlüyündə müəyyən etmişdi ki, bu qadınlar istədikləri adamdan umacaqları olanda onlara “bəli” demələri “yox” deməkdir, “yox” deyirlərsə, deməli, “bəli” deyirlər. Məsələn, əri arvadına deyir ki, dostlarımla görüşümüz var, axşam evə gec gəlsəm olarmı? Arvad:

-Olar! – deyir. Bu qanmaz isə anlamır ki, ona “yox” deyilir. Hələ, qadın desə ki, “nə isəyirsən, onu da elə!”, hiss olunur ki, kişi bu cavabdan razı qaldı. Amma bədbəxt başa düşmür ki, arvad ona “bu elədiklərinə görə cavab verəcəksən və əvəzini alacaqsan!” demək istəyir.

Bunlar hamısı bir yana, Çapanı “Çap” deyə çağıran müəllimin arvadı həmişə müəllimi danlayır ki, müəllim adamlarla sərt davranır, onlara qarşı kobudluq edir. Bu deyilənlər müəllimi hirsləndirir, amma bu kişi də başa düşmürdü ki, arvadı istəyir ki, əri həmişə onun dedikləri ilə oturub-dursun, vəssalam!

Çapa üçün daha maraqlısı, yenə ikinci mərtəbədə yaşayan cavan ailənin oğlu idi. Bu balaca uşaq hər şeydən – qaranquşdan, pişikdən, toyuqdan və siçandan qorxurdu. Bir dəfə də Çapanı görüb, blokun qapısından ikinci mərtəbəyə “ana!” - deyə qışqıra-qışqıra qaçdı. Oğlanın hirsli anası da həyətə düşüb bir ətək daş yığıdı və Çapanı axtardı. Yaxşı ki, bağın qapısı bağlı idi, yoxsa, nahaq yerə Çapaya bir-iki daş dəyəcəkdi. Ona görə Çapanın o uşaqdan da zəhləsi gedirdi.

                                             

                                        ***

Havalar getdikcə istiləşir, Çapanın suya ehtiyacı da artırdı. Hər dəfə su içməyə gedəndə müxtəlif hadisələr ilə üzləşirdi. Bir dəfə də sahibinin arvadını gördü. Xanım İkramın avtomobilinin yanında durmuşdu. Sevincdən az qaldı ki, yazıq heyvanın ürəyi partlasın. İt sahibəsinin ayaqlarına düşdü, ona yaltaqlandı. Amma bunları heç etməsə, yaxşı idi! Arvad yerdən toyuq yumurtası boyda daş götürüb Çapaya tolazladı. Daş heyvanın bud sümüyünə dəydi və göynərtisindən Çapa uzun-uzadı vəngildədi, zingildədi, sonra çəkilib bağa-yuvasına getdi.  

Bir ara şəhərə güclü leysan yağdı. Havalar sərinləşsə də, bu şəhərin özünə məxsus problemi – susuzluq, başladı. Heç yerə su gəlmirdi. Məhəllənin adamları çox narahat idilər. Sən demə bu boyda şəhər bir yağışa bənddir ki, susuz qalsın. Əhalı suyu maşınlarla daşıyır, demək olar ki, axşama kimi əllərində su vedrələri – su axtarırlar. Müəllim də haradansa su gətirir, bir balaca vedrəni də doldurub Çapa olan bağa qoyurdu. Çapa da o su ilə dolanırdı. O bir balaca vedrədən təkcə Çapa deyil, pişiklər, quşlar, hətta siçovullar da su içirdilər. Vedrədə su azaldıqca Müəllim ora su əlavə edir, Çapaya yemək üçün quru çörək qırıntılarını da elə o vedrədəki suya salırdı. Çörək orada yumuşalır və Çapa üçün vacib qidaya çevrilirdi.

Bir axşam da həyətə tünd göy rəngdə kiçik ölçülü “Mersedes” markalı avtomobil gəldi. Qonşuların gələnlərlə görüşməsindən məlum oldu ki, onlar birinci mərtəbədəki mənzilin sakinləridirlər. Çapanın yaşadığı bağ da bunların imiş. Qonşu qadınlardan biri həmin evin sahibəsinə çuğulladı ki, bəs Müəllim sizin bağda it saxlayır. Bağın sahibəsi:

-Bəs, o it bağı murdarlamır? – deyə təşvişlə tor çəpərin üstündən bağa doğru boylandı. Sözsüz ki, heç nə görmədi. Çuğulçu qadın yenə bağın sahibəsini qızışdırdı:

-Görərsən, gecə o it necə ulayacaq!

-Aaz, sən nə danışırsan?! Mən dəli olaram! Bu dəqiqə doxdura deyəcəyəm, rədd eləsin o murdarı bizim bağdan. İt istəyən öz bağında saxlasın!

Qadının dediyi kimi də oldu. Orta yaşlı daz baş bir kişi gəlib bağın qapısındakı qıfılı açdı. Sonra bağın qapılarını da taybatay açıb, arvadının evdən gətirib ona verdiyi döşəmə silən ağacı götürüb bağa girdi. Yəqin ona deyiblərmiş ki, it hində yatır. O, Çapanın yatdığı yerə ehtiyatla yanaşaraq onun üzünə yazıq-yazıq baxan heyvana hücum etdi. Kişi hələ hinə çatmamışdan, tula vəngildəyə-vəngildəyə bağın açıq qapısından çıxıb, aşağı həyətə doğru götürüldü. İt bağdan çıxanda “doxdurun” lap ayaqlarının yanından keçdi. Kişi qorxub geri çəkildi, amma itin heç bir ziyanlıq vermədən onun yanından ötüb keçməsi bağ sahibini ürəkləndirdi. O, əlindəki ağacı itə tərəf tolazladı, ağac albalı agacının budağına ilişdi və Çapa bu zərbədən yayındı.

Axşama kimi orda-burda veyillənən Çapa, aranı sakit görən kimi “yuvasının” olduğu bağa yaxınlaşdı. Amma içəriyə girə bilmədi. Doxdur bağın qapısında olan bütün dəlikləri məftil ilə hörmüşdü. Çapa da bağın çöl tərəfində gəzişir, necəsə bağa girə biləcəyinə inanırdı.Lakin həyətə gələn və bu blokda yaşayan sakinlər əllərinə keçəni Çapaya atırdılar. İt əlacsız qalıb həyətin o biri tərəfindəki hündür alaq otları və cicitkən bitmiş sahibsiz bağa köçdü. Bura çox zibilli idi və siçovullarla dolu idi. Siçovullar Çapadan qorxmurdular, amma onun bu bağda yaşamağa başlaması onları narahat etməyə başlamışdı. Bir neçə iri və ana siçovul Çapanı dişləməyə də cəhd etmişdi. Onlar birlikdə Çapaya yatdığı yerdə hücum edirdilər. Lakin Çapanın hirsli-hirsli mırıldaması siçovulları qorxudur, yaxınlaşmağa cürət etmirdilər.

Siçovullar Çapaya yaxınlaşa bilməsələr də onların gəzdirdikləri birələr itin tüklərinən arasından dərisinə daraşırdılar. Çapa dişi və dırnağı ilə nə qədər çalışsa da, bu parazit həşəratların öhdəsindən gələ bilmirdi. Ona görə Çapa bu siçovul məskənini tərk edib həyətin aşağı tərəfinə köçdü. Özünə suyun yuyub gətirdiyi və qurumuş lil ilə dolu balaca bir çala tapdı. Dırnaqları ilə lili qazıb toz halına saldı və yaxşıca o yan bu yana çevrilərək tük və dərisıni lilə bulaşdırdı. Bundan sonra siçovullardan keçən birələr onu tərk edib dağılışdılar. Çapa isə sakitləşib bir çimir yuxu ala bildi.

Onu yuxudan ayıldan zibildaşıyan maşının gur səsli siqnalı oldu. Məişət Xidməti İdarəsinin işçiləri zibili toplamağa gəlmişdilər. Onlar həyəti üfunətə bürüyən zibilxananı təmizləyib, maşına yüklədilər. Sonra isə həyətə dörd ədəd yaşıl rəngli zibil qutusu qoyub getdilər. Əvvəl-əvvəl bunun nə ilə nəticələnəcəyi Çapanın vecinə deyildi. Lakin qutular gələn gündən həyətdə zibil azalmağa başladı. Sakinlər evlərindən gətirdikləri məişət tullantılarını zibil qutularına atır, qapağını bağlayırdılar. Bu da həyətə yığılan bütün it, pişik və siçovulların ac qalması demək idi. Çapa da ac qalmağa başladı. Yeməyə heç nə yox idi. Yenə pişiklər öz qarınlarını doydura bilirdilər. Onlar siçovullara qalib gələ bilməsələr də, onların balalarını ovlaya bilirdilər. Çapanın isə bu gəmiricilərdən zəhləsi gedirdi deyə siçovul tutmaq üçün heç səy də etmirdi. Beləliklə, Çapa bir neçə gün ac-yalavac yaşadı. Başqa həyətlərə gedə bilmirdi. Oranın öz itləri var idi və onlar Çapanı görən kimi qovdu-qaçdı başlanır, onu qovub bu həyətə saldıqdan sonra qayıdıb gedirdilər.Tərs kimi qırmızı avtomobilin sahibi də harasa getmişdi. Bir həftə olardı ki görünmürdü.

Vəziyyət çox ağır idi. Çapa arıqlayıb, çöpə dönmüşdü. Yerindən qalxıb yeriyə bilmirdi. Heyvan sürünə-sürünə, ləhləyə-ləhləyə qırmızı avtomobilin sahibinə aid olan bağın qapısına gəldi. Küknarların kölgəsində, metal tor çpərin lap dibinə - zoğal budaqlarının altına girib yatdı. Oradan keçənlər Çapaya acıqlanıb onu qovmağa çalışsalar da, Çapa onlara hürməklə cavab verdi və yerindən tərpənmədi. Əslində tərpənməyə taqəti də yox idi.

Yaxşı deyiblər: Kor quşun da Allahı var! Axşam tərəfi qırmızı avtomobil həyətə gəldi. Maşından o şəfqətli müəllim və onun xanımı düşdülər. Çapanın burada olduğunu ilk görən xanım oldu. O, ərinə müraciətlə:

-İtin səni gözləyir... Gör, özünü hara soxub!.. Elə bil, bu məhlədə buradan başqa yer yoxdur! Ciyəri yanmış!..

Müəllim Çapanın yatdığı səmtə yaxınlaşıb, diqqətlə ona baxdı və dedi:

- Paho, bu heyvan acından ölür ki! – Sonra Çapaya doğru əyilib onu çağırdı. – Çaaap! İt Müəllimin gözünün içinə baxıb zingildədi.Qalxmaq istədi, amma qalxa bilmədi. Müəllim qamətini düzəldərək xanımına dedi. – Sən evə çıx, mən görüm neyləyirəm. Yazıqdır, bu heyvan acından ölür...

- A kişi, nəyinə lazımdır?! Şəhərin bu sahibsiz it-pişiyinin dərdi sənəmi qalıb?.. Yorğun adamsan, gəl, bir əl-üzünü yu, bir loxma çörəyini ye, sonra ona baş çəkərsən!... - deyə müəllimin arvadı deyindi.

Müəllim isə etiraz əlaməti olaraq başını buladı və dedi:

- Sən get, mən də gəlirəm!

                                        

                                        ***

Müəllim gələndən sonra Çapanın keyfi kökəlmişdi. O, balaca bağa köçürülmüş, gündüzlər həmin bağda – küknarların kölgəsində və su kranının yanında yatır, müəllim onun yem-suyunu verir, axşam da bağdan həyətə buraxırdı. Beləliklə, bir həftədə Çapa ətə-cana gəldi, tükləri də gözləri kimi parıldamağa başladı.

İndi Çapa çox xoşbəxt idi. Heyvan yeni sahibi olan Müəllimi çox sevirdi. Hər səhər Müəllim ilə onun xanımını işə yola salır, axşam da onları qarşılayırdı. Daha gecələr ulamır, əvvəlki sahibinin xiffətini də çəkmirdi. Bir sərin payız səhəri-istirahət günü, müəllim ovçular mağazasından yeni aldığı xaltanı Çapanın boynuna bağladı, tüfəng və qətərini maşına qoyaraq Çapanı maşına mindirdi. Onlar Əhmədbəyli meşəsinə gəldilər. Müəllim avtomobili meşə yolunun içərisində saxladı. İdmançıların geydiyi formada olan paltarını geyindi, qətərini bağladı, çantasını belinə taxdı və tüfəngi çiyninə keçirib, Çapanın xaltasına bağlanmış qayışı açdı. Çapa maşından düşdü və onlar meşənin içərilərinə doğru yeriməyə başladılar. Çapanın sevincinin həddi-hududu yox idi. O, kolların arasını axtarır, irəli - geri, sağa-sola qaçır, lakin müəllimdən uzaqlaşmırdı.

Xırda kolluqlu bir talada Çapa ov iyi aldı. O dayandı və qulaqlarını şəkləyib irəliyə doğru baxdı. Müəllim qolunun üstünə aşırdığı tüfəngə patron qoyub, ehmalca bağladı və onu hazır vəziyyətə gətirdi. Çapa komanda gözləyirdi. Müəllim:

-Hə! – deyən kimi Çapa irəli atıldı. Koldan bir-birinin ardınca iki meşə toyuğu qalxdı. Müəllim də ovçu imiş! İki atəşlə quşların ikisini də vurdu. Vurulmuş quşları Çapa çox həvəslə tapdı və müəllim onları çantasına qoydu. Çapanın başını sığallayıb:

-Çaap! Sən əla tulasanmış! – dedi. – Afərin sənə, Çaap!

Onlar bir qədər də gəzdikdən sonra bu dəfə Çapa dovşan iyi aldı. O, ora-bura qaçır, hürür, meşənin içərilərinə gedirdi. Hər tula dovşanı ovçuya tərəf qova bilməz. Bunu bacarıqlı tula edə bilərdi! Çapa da o bacarığı nümayiş etdirirdi. Əslində bu bacarığa malik olan tulanın sahibi də arif olmalı, heyvanın manevrlərini anlamalı, lazım olan bərəni kəsməlidir. Müəllim də meşənin içərisindən keçən köhnə araba yolunun kənarında dayanıb, Çapanı gözlədi.

Nəhayət, Çapa qarşı tərəfdən yaxınlaşdı və müəllim ona:

- İşşi! – yəni “axtar” dedi.

Çapa yenidən meşənin içərilərinə doğru getdi. Onun səsi gah bu, gah da digər tərəfdən gəlirdi. Çox keçmədi ki, səs yaxınlaşdı və kəsildi. Müəllim hazır vəziyyətdə dayanmışdı. Gördü, doğrudan da, dovşan ona tərəf gəlir. O, tulanın yaralanmaması üçün dovşanın yaxınlaşmasını,  əlverişli mövqenin yaranmasını gözlədi. Dovşan yaxınlaşmışdı və ovçunu görmür, ancaq tulanı yayındırmağa çalışırdı. Lakin...

Atəşdən sonra heç iki saniyə keçməmişdi, Çapa hazır oldu və yerdə uzanmış dovşana ovçudan tez çatdı. Qəribə idi, quşlarla çox ehtiyatlı davranan tula, dovşana qarşı hirsli görünürdü. Müəllim onu sakitləşdirdi və dovşanın uzun ayaqlarının birindən tutub qaldırdı və bıçaqla əlində tutduğu ayağın dirsək yerində dəlik açdı. Sonra dovşanı qaldırıb həmin dəlikdən ağacın budağına keçirməklə, dovşanı başıaşağı asdı. Tüfəngi və çantanı bir tərəfə qoyub, dovşanın dərisini soymağa başladı. Çapa kənarda yatıb, ləhləyir – yorğunluğunu alır və ona çatmalı olan içalatın nə vaxt hazır olacağını gözləyirdi.

 

                                         ***

Sonuncu ovdan sonra Çapanın güzəranı xeyli yaxşılaşmışdı.Müəllim Çapanı necə tərifləmişdisə, onun xanımı da tulaya qarşı mülayim münasibət bəsləyirdi. Müəllim iti vaxtı-vaxtında ilıq su və sabunla çimdirir, dəsmalla qurulayır, qarajda onun üçün hazırlanmış rahat yerdə yatdırırdı. Çox vaxt da Çapa müəllimin dalınca üçüncü mərtəbəyə qalxır, onun ayaqlarının altını yaş dəsmalla silib təmizlədikdən sonra içəriyə buraxırdılar. Amma Çapaya dəhlizdə onun üçün ayrılmış balaca xalçadan o yana keçməsinə icazə verilmirdi. Tula da orada–sərin mənzildə, rahat yatırdı. Axşam gəzintisindən sonra Çapa, əvvəlkilər kimi, səllim buraxılmır, küknarların altında–onun üçün düzəldilmiş yuvaya salınır, it orada gecələyirdi. Yuvanın ətrafı dərmanlanmışdı və bu da Çapanı siçovul birələrindən qoruyurdu. Bundan başqa, gecələr bağın qapısı bağlı olduğundan digər itlərdən də qorunmuş olurdu.

Çapa bura sahibsiz it kimi azdırılmışsa da, o, bu günkü vəziyyətinə görə İkrama minnətdar olmalı idi. Lakin Çapa it olduğuna görə belə şeyləri başa düşmürdü və yaxşı da edirdi. Axı onun qəddar sahibəsi, bir də o insafsız İkram haradan bilirdilər ki, Çapa adi it deyil, çox gözəl təlim almış tuladır, həm də tək quş tulası yox, ümumiyyətlə, əla tuladır və indi ona sahib olmaq istəyənlərin sayı artmışdı.

Bir dəfə səhər-səhər həyətə bazarlıq etmək üçün gələnlərdən bir neçəsi metal torun arxasından Çapaya xeyli tamaşa etdikdən və itin xoşlamadığı Arıq qonşu ilə söhbət etdikdən sonra müəllimi çağırdılar. Onlar elə danışdılar ki, guya bu tula onlarındır və tulanın “tapılıb qorunduğu” üçün Müəllimə pul təklif etdilər. Xahiş etdilər ki, o, Çapanı qaytarsın. Müəllim onlarla çox danışmadı. Bir onu soruşdu ki, əgər bu it sizindirsə adını deyin. Onlar da dedilər ki, bu tulanın adı Çapdır. Müəllim yalançılara güldü və daha heç nə demədən maşını sürüb getdi.

Yalançı sahiblər əl çəkmək istəmirdilər. Onlar metal tor çəpərə yaxınlaşıb Çapaya yaltaqlandılar, onu

-Çap, Çap! – deyə çağırdılar. Çapa əvvəl bunlara əhəmiyyət vermədi, sonra gördü yox, lap zəhləsini tökürlər, onlara mırıldanıb, bir-iki ağız hürdü. Bundan sonra yalançı sahiblərin işi ilə maraqlanan digər adamlar başa düşdülər ki, müəllim haqlıdır və özlərini “sahib” kimi qələmə verən bu adamlar yalan deyir. Ona görə camaat bu yalançıları qınadılar. Yalançılar da çəkilib getdilər.

Bu həyət şəhər bazarının lap yaxınlığında olduğuna görə, hər gün bura çox adam gəlib-gedir. Onların içərisində Çapanı tanıyanlar da vardı və onlar Arıq qonşuya çuğullamışdılar ki, bəs, bu itin adı Çapadır. O da eşıtdiklərinin döğru olmasını yoxlamaq üçün bağın metal toruna yaxınlaşdı və yaltaq-yaltaq Çapanı çağırdı:

-Çapaa...Çapaaa...

Çapa yerindən sıçrayıb, ona hücum etdi və özünü metal tora çırpıb, hirslə hürməyə başladı. Arıq qonşu qorxdu və geri çəkildi, sonra Çapaya tüpürərək getdi.

Çapa, əvvələr olduğu kimi, insanların danışdıqlarına qulaq asmır, onların gündəlik insan həyatı bu heyvanı maraqlandırmırdı. Sakit və səssiz it həyatını – daha doğrusu tula həyatını, yaşayırdı. Bir gün – səhər, İkram kişi gəldi. Yəqin ki, o da nəsə eşitmişdi və gəlib küknar bağında yatan Çapaya baxdı.

-Çapa!..Çapa! – deyə itə yaltaqlandı. İt başını qaldırıb İkramın üzünə baxdı, onu tanıdı və üzünü yana çevirdi. Amma İkram yenə ona baxırdı. Əgər Çapa bacarsaydı, durub onun üzünə tüpürərdi. İnsan kimi danışa bilsəydi, dünyanın ən təhqiramiz sözlərini İkramın ünvanına söyləyərdi. Amma nə etsin, dili yox, danışığı yox, heyvandır! Bu - insan cinsindən olan həyasız İkram da gəlib durmuşdu Çapanın qarşısında. İt bir onu elədi ki, yatdığı yerindən qalxıb üzü divara tərəf çevrildi. Başını yerə qoyub, quyruğunu yanına sıxıb yatdı. Yatdı ki, bu ürəksiz insanın üzünü görməsin.

İkram eşitmişdi ki, Çapa xoşu gəlməyən adamlara hürür. Ona hürmədiyi üçün kişi ürəkləndi və müəllimi axtarmağa getdi. Ona dedilər ki, müəllim işə gedib, axşam tərəfi qayıdacaqdır. İkram da kağız - qələm tapıb müəllimə qısa məktub yazdı ki, bazar günü gəlib, iti ondan alıb sahibinə qaytaracaqdır. Məktubun sonunda müəllimdən xahiş edirdi ki, mümkün qədər sabah evdə olsun. Əgər onun işi olub başqa yerə gedəcəksə, yəni, sabah evdə olmayacaqsa, yaxşı olar ki, səhər gedəndə iti kisəyə, ya da karton qutuya salıb, ona zəng etsin. İkram məktubun altında adını və soyadını, hansı kənddən olduğunu və telefon nömrəsini yazıb, onu dörd yerə qatladı və müəllimin mənzilinin qapısının dəstəyinə keçirdi.

Bütün bunları İkram xüsusi bir təkəbbürlə və Arıq qonşunun müşayəti ilə edirdi. Arıq qonşu da düşünürdü ki, budur e! Onun zəhməti yox, müəllimin əziyyəti boşa çıxacaq... İtin sahibini o “tapmışdı” və İkramı razı salmışdı ki, tulanı ona 100 dollara satsın. O da Çapanı sırağagün gələn və əliboş qayıdan ovçu qohumuna 300 dollara sata biləcəyinə əmin idi. Çünki, sırağagün gələn yalançı sahibləri də elə bu Arıq qonşu gətirmişdi.

Sırağagün işin alınmadığını görən Arıq qonşu ovçu qohumunu inandıra bilmişdi ki, müəllim tulanı satmaq istəyir. Yalandan  demişdi:

-Müəllim tulanı 250 dollara satmaq istəyir. Deyir baxmağa yerim yoxdur. Bunun payızı var, qışı var! Tulaya baxmaq elə asan iş deyil a!.. Müəllimin də işi başından aşır. Yəqin, ona görə satmaq istəyir... Görüm, onu 200-ə razı sala bilərəmmi?!

Ovçu qohumu da:

-Lap 250-yə versə, al! Mən səndən o iti 300-ə alaram... – demişdi. Elə o gündən keçən bu iki günü gəzməkdən Arıq qonşunun ayaqları qabar olmuş, bahasına da olsa, iti əldə edib satmaq qərarına gəlmişdi. Əvvəlcə Çapanı oğurlamaq fikrinə düşdü. O, qonşuluqda yaşayan və həyətə gələn maşınları yerbəyer edən kök oğlandan kömək istədi. Onu tapıb dedi:

-Bacıoğlu, səndən bir şey xahiş edəcəyəm, amma yox demə!

-Noolub, qonşu?!

-Bu gün müəllimin tulasının dalınca mənim qohumum gəlmişdi. Tulanı istədi, müəllim heç onunla danışmadı, kişinin təklifi rədd edildi. İndi o kişi acığa düşüb və deyir ki, kim o iti ona verə bilsə, əvəzinə 250 dollar verəcəkdir... Arıq qonşu susdu və kök oğlanın nə deyəcəyini gözlədi, gördü o dinmir, soruşdu: -Sən nə deyirsən?

-Mən nə deməliyəm ki?!

-Sən mənə kömək elə, o iti əkək burdan! Müəllim sənə inanır. Deyərsən ki, bağdan çıxdığını görmüsən... İtdir də... Setkanın üstündən tullanıb, çıxıb... Deyərsən ki, hara getdiyinə fikir vermədin. Bir onu gördün ki, buralarda da kamnaxozun itatanları gəzirdilər, vəssalam. Sənə də 50 dollar verəcəyəm. Nə deyirsən? Razısan?!. Balam, axşama kimi burada nə qazanırsan axı?!. 50 dollar az puldur ki?!. 10 dollar da bağa girib, iti tutub karobkaya salmağına verəcəyəm, bu da eyləyir 60 dollar. Karobka da hazırlamışam... Fikir vermişəm, o it sənə hürmür. Neçə dəfə görmüşəm ki, sən onun başını sığallayırsan. Amma çər dəymiş, məni yaxına buraxmır...

-Qonşu! Mən Müəllimə yalan danışa bilmərəm. O tulanı da İkram gətirib bura azdırıb. Onu mən öz gözlərimlə görmüşəm!

-İkram kimdir?

-Əşi, həmişə bura “Jiquli”sində adam daşıyandır də... Onu sən də tanıyırsan! Neçə dəfə onunla fındıq alveri eləmisiniz...

-O İkram?!

-Həə.

-Onda, yaxşı, söz aramızda qalsın, haa!

-Əşi, mənim nəyimə lazımdır? Nə siz mənə o it barəsində bir söz demisiniz, nə də mən sizə İkramın o iti gətirib bura azdırması barəsində bir söz demişəm!

-Sağ ol, var ol! – deyə arıq qonşu kök oğlana minnətdarlıq etdi və maşın tutub İkramın yaşadığı kəndə yollandı.

 

                                       ***

Bazar günü İkram səhər-səhər Müəlimin qapısını döydü. Qapını Müəllim özü açdı.

-Salam-əleküm. Müəllim necəsiniz? – deyə İkram gülümsəyə-gülümsəyə müəllimi salamlayaraq keyfini soruşdu. Sonra heç müəllimin cavabını gözləmədən səsinin gur yerinə salaraq: - Əmanətin dalınca gəlmişəm. – dedi.

-Əleyküməsalam.Siz kimsiniz və hansı əmanətdən danışırsınız?

-Mən İkramam dəə... Dünən sizi evdə tapmadım, zapiska yazıb qoymuşdum qapıya...

-Hə, o kağızı siz yazmışdız, eləmi?

-Bəli.

-Siz mənə it əmanət eləmisiniz?

-Yoox... Mən, mən... – deyə İkram kəkələdi. – Aşağı qarajın qabağındakı tula bizimkidir.

-Bəs, o tula sizinki idisə, buralarda nə gəzirdi?

İkram qızardı və yenə yalan danışdı:

-Bilirsiniz, qanmadım, hirsləndim gətirib bura azdırdım...

Bu dəfə Müəllim hirsindən qızarıb, pörtdü:

-Ayə, adam! – deyə o, hirslə İkramın üzünə baxdı.

 -Şəhərin ortası, bazarın yanı sənə it azdıran yerdir?!. Onu azdıranda bilirdinmi ki, o heyvan quduzluq daşıyıcısıdır, ya yox? Sən nə karəsən ki, gətirib şəhərə it azdırırsan?! – İkram susdu. Müəllim davam etdi: - Mən səni çoxdan axtarırdım, elə, yaxşı ki, öz ayağınla gəlmisən! İndi qulaq as, sənin o yazdığın – nə deyirdin adına? – İkram susurdu. Müəllim davam etdi: - O kağız parçasını vermişəm sahə müvəkkilinə. Gedib onunla birlikdə gələrsən və itini apararsan!..

İkram zorla eşidilən səslə mızıldandı:

-Müəllim! Siz Allahınız, hirslənməyin! Mənim, o it mənim deyil, qonşunundur. O vaxt deyib, - apar azdır, indi deyir, - filan yerdədir, get gətir...

-O qonşun filan yerin bura olduğunu haradan bilib?

-Sizin bu – qapıbir, qonşunuz gəlib mənin dalımca... Sırağagün kəndə gəlmişdi ki, bəs, gəlim sizə deyim ki, o it mənimdir. Adı da Çapadır... O, dedi ki, mən itin adını sizə düzgün desəm, siz onu mənə verəcəksiniz, sonra da mən onu bu qonşuya satacaqdım...

İkram bu sözləri söyləyəndə dal-dalı pilləkənləri düşməyə başladı və üç pillə aşağı enəndən sonra çevrildi və, sözünü yarımçıq qoyaraq, demək olar ki, qaça-qaça pilləkənləri düşüb, gözdən itdi

İkram gedəndən sonra Müəllim qonşunun qapısının zəngini çaldı. Qapıya evin xanımı gəldi. Müəllim ona salam verdi və onun ərini görmək istədiyini bildirdi.

Qadın təşvişlə:

-Müəllim! Sizə noolub, rənginiz niyə belə ağarıb?.. O, Müəllimin dinmədiyini görüb: -Məndən başqa evdə heç kim yoxdur. - dedi.

-Ərin evə gələndə ona de ki, it almaq istəyirsə, özü gəlib alsın. Başqalarını niyə narahat edir?!

- İt?.. Nə it?.. O, iti neyləyir?

-Özündən soruşun! - deyə Müəllim qayıdıb mənzilinə girdi və qapını arxasınca örtdü.

Qonşu qadın heç nə başa düşməmişdi və dayanıb xeyli müddət müəllimin arxasınca baxdı, sonra o, da içəriyə girib qapını bağladı.

Bu hadisədən bir ay keçənə qədər heç kim Çapaya görə müəllimi narahat etmədi və Çapa da öz rahat həyatını yaşadı. Heyvanın heç xəbəri yox idi ki, onu çuvalda gətirib bura atan İkramın başına nə işlər gəldi. İkramı Polis İdarəsinə çağırdılar və müstəntiq onu sorğu-suala çəkdi. İkram da and içib, aman edirdi ki, iti azdırmağı ondan qonşusu – Çapanın sahibəsi xahiş etmişdi.O, iti şəhərdə buraxmaq fikrində olmayıbmış, çuvalda olmasına və qaça bilməyəcəyinə arxayın olduğu üçün avtomobilin yük yerinin qapağını ehtiyatsız açmış, it də çıxıb qaçıb...

Müstəntiqin:

-Bəs,niyə Sanitar-Epidomoloji Stansiyaya xəbər vermədin? – sualına İkram belə cavab verdi:

-Vallah, qanmamışam! Mən haradan biləydim ki, it əldən çıxıb qaçanda doxdurlara xəbər vermək lazımdır...

-Bilmədiyin üçün məhkəmə qarşısına çıxarsan və sizin kimilərə məlum olar ki, heyvanların da öz haqları var! Onları yerli-yersiz incitməyə, hara gəldi azdırmağa nə haqqınız var, axı?! Hər bir heyvanın və ya olsun quşun, lap elə meşədəki ağacın özünün də bizim kimi yaşamağa haqqı var!.. Hələ ola ki, bu heyvanın xəstə olub-olmadığını bilmədən gətirib şəhərə azdırasan!..Müstəntiq hədə-qorxularına bir az ara verib qovluqları eşələdi və, nəhayət, üzünü İkrama tutub:

-Niyə dinmirsən, danışsana?!-dedi.

-Nə danışım, rəis? Danışmağa sözüm qaldı ki?! Bir it azdırmağın bədəli bu boyda olubsa, ağzımdan bir söz qaçırsam, onun bədəli nə olacaq?...

Müstəntiq gülümsündü və diqqətlə İkramın gözünün içinə baxdı. Baxışa tab gətirməyən İkram, nəzərlərini yana çevirdi.

-Bura bax! – deyə müstəntiq yumşaq səslə İkrama müraciət etdi. –Mən elə bu etirafı gözləyirdim, axır ki, özün başladın... Başlamısan, davam et! Bədəl sözü xoşuma gəldi, haa!.. Dinsənə!

- Nə deməliyəm ki, rəis?

-Nə deməlisən?... Yaxşı, qoy mən başlayım! Danış ki, kişi Rusiyada, cavan gəlin kənddə - sənin qonşun... Bu it də sizə mane olurdu!... Bunu necə başdan eləməyi planlaşdırdınız, elə deyilmi? Arvad torbaya saldı, sən də azdırdın, işiniz düşdü avanda...

İkram ilan vurmuş adam kimi yerindən dik atıldı.

-Yalançının ataba-atasına...

-Sakit, sakit! – deyə müstəntiq onu bir az da qızışdırdı. – Soğan yeməmisən, niyə için göynəyir?!

İkram qayıdıb yerində oturdu və cibindən dəsmal çıxarıb, hirsindən yaşarmış gözlərini sildi, sonra qəhərdən göynəyən boğazını arıtladı və qurumuş dodağını quru dili ilə yalayaraq, islatmağa çalışdı. Nəhayət, kədərli səslə dilləndi:

-Rəis! Borcumu deyin! Mən çox axmaq adamam!.. Özgə iti azdıranın özü it gününə düşər! Mənə hələ az olur!..

-Ay sağ ol! – deyə müstəntiq ayağa qalxıb, otaqda var-gəl etməyə başladı.Təqsirini hələ indi anlamısan. Yoxsa, başlamısan Müəllimdən küsüb-inciməyə... O kişi mənə, şəxsən, heç nə deməyib, sahə müvəkkili rəisimizə təqdimat yazıb, o da işi araşdırmaq işini mənə həvalə edib, vəssalam...

Müstəntiq danışır, İkram isə düşünürdü ki, layiq olduğu bu narahatlıqları ona Allah göndərib. Əvvəllər də çox günahlar eləmişdi və elə bilirdi ki, onun etdiklərindən heç kimin xəbəri olmur. İndi anladı ki,  Allah hər şeyi görür!...

                                     

                                    ***

Noyabr ayının ortaları idi, havalar soyumağa başlamışdı. Ağaclar əlvan rəngə boyanmış, köçəri quşlar da uçub gedirdilər. Hər işlərinin sahmanda olmasına baxmayaraq Çapa indi ova getmək üçün darıxmağa başlamışdı. Müəllim işdən gələn kimi onu çılğınlıqla qarşılayan it, dili olsa yalvarardı ki, Müəllim onu ova aparsın. Amma bu kişinin o qədər işi-gücü vardı ki, Çapa ilə məşğul olmağa vaxtı nə gəzirdi?.. Ona görə Çapa xiffət edir, zingildəməyə, ulamağa başlamışdı.Yenə qonşular narahat olur, öləcəklərindən qorxurdular.

Müəllim də nə edəcəyini tam müəyyən eləməmişdi. Qarşıdan qış gəlir, bu heyvan üçün  lazım olan şərait yox idi. Onun ova getməyə də vaxtı yox idi və tulanın bu ehtiyacı ödənmirdi. Digər tərəfdən də qorxurdu ki, iti oğurlasalar hərə bir şey xəyal edəcəkdir ki, görəsən, Müəllim iti satdımı, neçəyə satdı, və s. Belə bir böhranlı dövrdə, bir bazar günü səhər Müəllimin qapısı döyüldü. Pay-pürüşlə gələn ər-arvad Çapanın sahibləri idi. Müəllim onları çox hörmətlə qəbul etdi.

Kişi dedi:

-Müəllim, biz sizdən çox razıyıq! Sizin yaxşılığınız, vallah, yerə-göyə sığmaz! Gəldiyim elə üç gündür, Hamısını eşitmişəm... Çatan kimi Çapanı soruşdum,- dedilər şəhərdədir. Düzü, başa düşmədim ki, niyə belə olub? Sonra bu xanım – deyə, arvadını göstərdi, – izah elədi ki, itin ulamaqlarından təngə gəlib, qonşudan xahiş edibmiş ki, onu bir müddət kənddən uzaqlaşdırsın...

“Bir müddət” sözü müəllimin xoşuna gəlmədi və daha kişiyə qulaq asmadan yerindən qalxıb:

-Mənim işim var, getməliyəm! – dedi. - Nəyə gəlmisiniz onu deyin!

Qonaq bir az pərt olub soruşdu:

- Müəllim! Mən nə isə qələt söz danışdım? - Müəllim gördü ki, qonaq arvad qorxusundanmı, ya da utandığındanmı, qızarıb pörtdü.

Müəllim anladı ki, burada əsas məsələ arvadın kişiyə yalan danışmasıdır. O qayıdıb oturdu və kişiyə müraciətlə:

-İcazə verin arvadınız danışsın! - dedi.

Kişi çevrilib arvadının üzünə baxdı, sonra təşvişlə:

-Arvad, yoxsa, Çapanı satmısan?! – Arvad dinmədi və başını aşağı salıb, susdu.

-Yox, - deyə müəllim sözə başladı. – O, Çapanı heç kimə satmayıb. Birdəfəlik məhv eləmək üçün azdırıb. İtin haraya azdırılmasından bu xanımın xəbəri olmayıb. Mən Çapanı sahibsizlik ucbatından məhv olmaqdan qorumuşam...

-Müəllim! Allah sizdən razı olsun! O yaxşılığı ki, siz etmisiniz, Çapa sizindir. Əgər o heyvanın üzərində mənim haqqım qalıbsa onu sizə halal edirəm!

Müəllim bir qədər susdu, sonra kişiyə müraciətlə:

-Siz o heyvanın sahibi olmusunuz və indi də ona sahibsiniz. Çapanı götürün, aparın! Amma yaddan çıxarmayın ki, heyvanın da öz haqqları var! Bir halda ki, onun başına ip salmısınız, onun yemini verib, qayğısına qalmalısınız!

Kişi bilmirdi ki Müəllimə necə təşəkkür etsin. Arvad da təqsirini başa düşdüyünü və Çapaya qarşı çox böyük haqsızlıq etdiyini etiraf edərək dedi:

-Mən bu kişinin çörəyini yeyib, elə bilmişəm ki, Çapanın buna haqqı yoxdur. Qonşuya yalvarıb, ona pul vermişəm ki, iti azdırsın. Amma, yaxşı ki, o, iti bura gətirib və siz burada olmusunuz!.. Sağ olun, siz mənə çox böyük dərs verdiniz. Mən bundan sonra nəinki Çapanın, heç evdəki pişiyin də haqqına xor baxmaram!..

Bəli, Çapa öz həqiqi sahibi ilə getdi. İndi heyvan çox xoşbəxtdir. Sahibəsi də Çapanı sevir, sahibi də vaxtı-vaxtında tulasını ova aparır.

Şəhərdəki həyətin sakinləri də xoşbəxtdirlər: onlar gecələr rahat yatır və Çapanın hürməsinə görə, vaxtsız öləcəklərindən qorxmurlar.