Vahid Aslan - Quşcuğaz
Çiynim başına yastıq, ovcum əlinə yuva,
Payız yorğun görünür, bir az tutqundu hava,
Xəzərin sahilində yenə qələbəlikdi,
Yenə dərsdən qaçmışıq, neynək tələbəlikdi,
Dəniz bizsiz darıxar, dəniz tanıyır bizi,
Vaxtında gəlirik ki, ağlatmayaq dənizi,
Bizim öz yerimiz var dünyanın bir küncündə,
Bizdən başqa kimsə yox bizli dünya içində,
Dayanmışıq sahildə dəniz gözündən dayaz,
Ovcum quş yuvasıdı, əlin körpə quşcuğaz!
... Gözlərini yumursan ətrafı görməyəsən,
Nə qohumu, nə dostu, nə yadı görməyəsən,
Görməyəsən dünyanı, gözlərini yumursan,
Yalnız mənli dünyada arxayın uyuyursan,
Dönüb bizə baxdıqca dəniz də duyğulanıb,
Oxuyur həzin-həzin ləpələr yırğalanıb,
Elə gözəl andı ki, sənə toxunmaq olmaz,
Arzuların qanaqlı, özün körpə quşcuğaz...
15.10.201