Unudulmaz qəhrəmanlıq

YAZARLAR 14:00 / 24.09.2026 Baxış sayı: 486

 

2000-ci il dekabrın 16-da  Biləsuvar rayonunun  Əliabad kəndində dünyaya göz açan   Səməd İkram oğlu  Kərəmli  canından artıq sevdiyi Vətən torpağının azadlığı uğrunda son damla qanına qədər vuruşub şərəfli ölümü ilə adını qəhrəmanlıq tariximizə yazıb. Özü cismən aramızdan getsə də, 20 yaşında öz xalqına elə bir  mənəvi sərvət qoyub ki, onda yurdumuzun daşına, torpağına, divarına  ilahi bir sevgi yaşayır.  Odur ki, qərinələr ötsə, nəsillər bir-birini əvəz etsə belə Səmədin adı heç vaxt unudulmaz, onun qısa ömür yolu örnək sayılar.

Ömrünü Vətənin azadlığına, xalqın xoş gələcəyinə həsr edən Səməd Kərimli  orta məktəbdən sonra, yəni  2016-cı ildə Biləsuvar rayon Peşə liseyinin "Kompüterustası" ixtisasına qəbul olunub, burada  oxuduğu müddətdə  müəllimlərinin və tanışlarının sevimlisinə çevrilib. Hər kəs Səmədi zarafatcıl, şirindilli, zəhmətkeş və digər müsbət xüsusiyyətlərinə görə  sevib.

Məktəbin təşkilatı işlərində  fəal göstərib,  hətta Xocalı faciəsinə həsr olunmuş tədbirdə rol alaraq şəhidin ölüm səhnəsini göstərib. Üç ildən sonra Vətən, torpaq sevgisi Səmədi şəhidlik zirvəsinə ucaltmaqla oynadığı rol həqiqət olub.

 Ürəyində Vətənə məhəbbət, düşmənə nifrət hissi gəzdirən  Səməd  Kərimli  2019-cu ilin iyul ayının 2-də ordu sıralarına   yola düşüb. Andiçmə mərasiminə kimi Ağcabədi rayonunda yerləşən hərbi hissədə olub. Onu   Beyləqana göndəriblər. Burada Azərbaycanın müqəddəsliyini hər şeydən əziz tutmaqla əsgəri borcunu şərəflə yerinə yetirib. Vətəninə, torpağına  bitib-tükənməyən sevgisi ona komandirlərin, əsgər yoldaşların hörmətini qazandırıb. Ən əsası müqəddəs yurd yerimiz Qarabağın azadlığı uğrunda savaşa həmişə hazır dayanıb. Müharibə meydanında yağıya qalib gəlmək üçün  bacarığı, biliyi, çalışqanlığı hesabına seçdiyi topçu peşəsinə mükəmməl  yiyələnə bilib.  Vətən torpaqların  erməni işğalı altında olması  ona  pis təsir edib, əsgər yoldaşlarına deyib ki, əsir Qarabağımız öz xilaskar ərənlərinin yolunu  həsrətlə gözləyir.  Virana yurdumuzu azadlığa qovuşdurmağın  vaxtdır. Bu yolda şəhid olmaq belə bir övlad kimi  bizim şərəfli borcumuzdur. Mən düşmənlə döyüşə tam hazıram, hər an Ali Baş Komandanın əmrini səbirsizliklə gözləyirəm. Ən böyük istəyim  mübarizə meydanında namərd dığaları o dünyaya göndərib qələbə ilə evə dönməkdir.

Azərbaycan və dünya hərb tarixinə qızıl hərflərlə yazılan,2020-ci il sentyabr ayının 27-də başlayan haqq savaşımızda  əsgər Səməd Kərimli  ilk gündən  ön cəbhədə yağıya qarşı vuruşa girib. Sinəsini yanar oda döndərib erməni dığalarını qıra-qıra  qələbəyə doğru inamla irəliləyib. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan şəhərlərinin işğaldan azad olmasında həmişə ön sıralarda vuruşub,böyük hünər və cəsarət göstərib, düşmənə ciddi itkilər verib.

 Vətənə, torpağa məhəbbəti sayəsində neçə-neçə  ağır sınaqlardan zəfərlə çıxan Səməd Kərimlinin sonuncu döyüşü Şuşada baş tutub. Noyabrın səkkizində gedən ölüm-dirim döyüş zamanı igid əsgər  ağır yaralanıb. Həkimlərin səyinə baxmayaraq Vətənlə bir döyünən ürəyi dayanıb.  9 noyabrda doğmaların, yaxınların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə  boya-başa çatdığı  Əliabad kəndində torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları əsasında “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Şuşanın,  Xocavəndin və Cəbrayılın azadlığına görə medallarına layiq olub.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü