Qəşəm İsabəyli - BABANIN TƏZƏ DƏB AYAQQABILARI
(miniatür hekayə)
Təzə ayaqqabımı ayağımda görən kimi nəvəm içini çəkdi:
–Uxxxx... baba....
–Nə olub, a bala?!
–Bu ayaqqabı hardandı səndə?
–Oğurlamşam.
–İnanıram oğurlamağına!
–Şəmşəm, nə demək istəyirsən?!
–A kişi, bu sənin zövqün deyil axı?!
–Zövq də şəxslə bağlıdı, bala?
–Əlbəttə.
Gözlərimi qıyıb, üzünə baxdım.
–Belə ayaqqabıları biz geyə bilərik! Bu bizim yaşımıza yaraşır.
–Sizin acığınıza özüm geyəcəm.
–Gey... qızlar ayaqqabına baxıb... bəyənəcək!
–Məni?!
–Xeyr, ayaqqabını. Üzünə baxanda... incimə... qaqqıldayıb – şaqqıldayacaqlar.
–Qoy ürəkləri açılsın?!
–Səni tələbə yoldaşın çaşdırıb.
– Hansı tələbə yoldaşım?Aydını deyirsən, İxtiyarı deyirsən, Bahadırı deyirsən?!
–Nizami baba. O günü deyirdin axı, qızı İlahə xa¬nım ona modnı ayaqqabı alıb. Mən də alacam. Deməli, belə ayaqqabıları geyəcəksiniz indən belə... hə?!
–Əmin ola bilərsən!
–Sözüm yoxdu, vallah!
–Bala, nə sözün olacaq?! İndi də geyməsək, haçan geyəcəyik?! Nə paxıllıqdı, qoysana ayaqlarımız sevinə.
–Sağlıqla geyinin. Onsuz da indi komediya yazan yazıçılarımız qalmayıb. Adamların gülmək yadından çıxıb.
23.09.2026