Tural Cəfərli -  Ağac olub, kölgəmdə dincəlirəm

10:00 / 24.09.2026 Baxış sayı: 526

 

Ağac olub, kölgəmdə dincəlirəm,

Küləklər qoparır yarpaqlarımı.

Böyüdükcə, içimdən incəlirəm,

Yaxınlar tanıdır uzaqlarımı.

 

Hanı o əvvəlki gecələr, hanı?

Barışmayan ulduzlarımız söndü.

Nə vaxtsa unutmaq ümid kimiydi,

Sonra nə oldusa, həsrətə döndü.

 

Özümdən də sıxılmağım var hələ,

Asılmışam neçə vaxtdır havadan.

Ağac kimi yıxılmağım var hələ,

Gözləyirəm, quşlar uçsun yuvadan.