Rəfail Tağızadə - Günah

Ədəbiyyat 22:03 / 24.09.2026 Baxış sayı: 324

 

Üzəcək tərəddüd, üzəcək səni,

o kövrək ürəyin tab etməz buna.

O hisslər, duyğular bir etirafdı,

üzünü min kərə çəksən də yana.

 

Sənin etdiklərin günahdı, günah,

sənin etdiklərin özünə qəsdi.

Çırpınıb üstümə yüyürən ürək

sinəmdə car çəkir: dözdüyüm bəsdi.

 

Sən niyə qənimsən özün-özünə,

fikirlər hissini boğur hər gecə.

Gah dolub - boşalan, dəyişən halın

o kövrək qəlbini yaşatsın necə?

 

Hər gülü anlayan, çiçəyi duyan

özünü duymurmu? İnanmaq çətin.

Əlimdə gizlənən titrək əllərin

söyləyir: yanmaq da, danmaq da çətin.