Əbülfət Mədətoğlu  : - GƏLİM

Ədəbiyyat 08:58 / 25.09.2022 Baxış sayı: 1406

 

Yastığını qucaqlama gecələr

Qoy qolların yol gözləsin - mən gəlim.

Deyirsən ki, işıq düşər görərlər -

Yaxşı, onda, dönüb olum çən gəlim!

 

Səhər mehi, çəmən şehi, quş səsi

Qoy sındırsın

ürək sıxan qəfəsi.

Qatmaq üçün

nəfəsinə nəfəsi -

Sünbül kimi,

vağanayıb dən gəlim!

 

Xoş qismətdi anlamaq da,

anmaq da,

Sonuncuyam sevdiyimi danmaqda.

Sənin üçün diri gözlü yanmaqda -

Çətin ki, mən Əbülfətə tən gəlim!..