Tökülür - Ramiz Qusarçaylı

Ədəbiyyat 13:34 / 05.08.2026 Baxış sayı: 547

 

Dolu yağır yay ayına

Sanki göydən tut tökülür.

Tut çürüyür budağında

Tutdan yerə qurd tökülür.

 

Tanı dərdin tündlərini

Tənbəlliyin fəndlərini,

Boşalan dağ kəndlərinin

Yaddaşına çat tökülür.

 

Yer yalanı göydə bitmir,

Əl dəyişir, əməl itmir,

Hər havada şeytan ritmi

Günah-günah lad tökülür.

 

Var üstündə qovğa çıxır,

Şil yabı da yorğa çıxır,

Qohum-qardaş yoxa çıxır

Ortalığa yad tökülür.

 

İtir mizanlar, ölçülər,

Ocaq söndürür külçülər,

Günəş üşüyür gecələr

Yerdən göyə od tökülür...