Şakir Xanhüseynli -SUDA OD VAR, ODDA ÇÖRƏK
su oddu, ruhun yuyunsun;
isinib dərdini soyut.
ocağa bax, necə də gur
axır odu, düz yolu tut...
ocağından od arxı çək;
bir qurtumla od-suyundan...
çörək də axsın bu arxdan,
su da sellənsin hər zaman...
ayaq açıb yerisin qoy,
bərəkət alsın sağ-solu;
adamlar çörək gəzməsin,
çörək tapsın adamları...
var bir qədər dərinliyə,
gör Tanrı verib nə qərar;
göy-təndirə bircə çörək
yapıb, o da işıq saçar...
könüllərdə od axını;
hər damcısı bir köz salır...
hə, qəlbə çınqısı düşən
sözləri də bir köz sanın...
bu ocaqlar- od zəmisi;
adam, od ək, alov da biç.
ocaq
ancaq susuz etmir,
ocaq həm də su verir iç.
bəzən ürəkdəki yanğı
od ilə də yatır, bilək.
kimsə əlini ocağa
haqqına uzadır, bilək...
odla suyun yolu birdi,
nəsə demirəm özümdən;
qəlbimdə odu yandıran
suya yol verib gözümdən...
közü də bir tikə kimi
ağzına qoy, gör nə dadır!
insan bir çimdik duz təki
özünü odlara atır!
su arxı çək ocağından,
axsın suyu alov-alov.
olar-
bir soyuq baxışdan,
bax, ocaq da bağlar qırov!..