Əli Hacı Ağaevli - Qapım açıq qalib,göndər qəmini

Ədəbiyyat 14:15 / 05.08.2026 Baxış sayı: 536

Qapım açıq qalib,göndər qəmini

Gözdən işıq verim,qəlbdən sevgimi !

Ona süfrə açıb göz yaşlarımdan,

Saxlayım vüsala yetənə kimi !

 

Sözü vərəq-vərəq biçib əyninə,

Şərab da içərəm könlün almağa !

Ona unutdurub gəldiyi yeri,

Onu yaşadaram vətən olmağa !

 

Ver,qonşu uşağa məktub gətirsin,

Ya havadan göndər,ya özün gətir !

Sənin ki,üzünə qapım açıqdı,

Dur, qəmin adına özünü gətir !

 

Yollarda izini itirib daha,

İzində ot bitib,qəlbində nifrət !

Xərclənib bitmişəm,vaxt yox,yol salam

Məni istəyinə bulayıb həyat !

 

Adın isti qalıb,qaldığı yerdə

Özünsə Ay batıb,uzaq getmisən !

Qapım açıq qalıb,gətir qəmini

Sevinim,nə gözəl pay gətirmisən