Ayaz Arabaçı - Olanlar...
Özlərinə başı qarlı dağ deyir,
Adicə bir yulğun kolu olanlar.
Günümüzü göy əskiyə düyüblər,
Yamanlığın sağı-solu olanlar.
İnananlar hapa-gopa, azalır,
El-el itir, oba-oba azalır,
Qucaq-qucaq, topa-topa azalır,
Sabahına ümid yolu olanlar.
Hansı köpün küləyini boşaltsın,
Hansı yükdən kürəyini boşaltsın,
Gedib kimə ürəyini boşaltsın,
Min-min dərdnən qəlbi dolu olanlar.
Aır-ağır fikirlərə dalmışıq,
Səsimizi içimizə salmışıq..
Niyə belə topal kimi qalmışıü,
Niyə belə əli-qolu olanlar.?
Bəyənmir də,zordu yəni, bəyənmir
Danışanda səni-məni bəyənmir,
Qızılgülü, yasəməni, bəyənmir,
Əsli-zatı ayaqyolu olanlar..