Tofiq Əmrahov -  ATA, MÜQƏDDƏS VARLIQ!

YAZARLAR 15:00 / 04.08.2026 Baxış sayı: 485

 

...Sən indi həyatda yoxsan, ata.

Yetim böyümüşdün. Səni nənəm min bir əziyyətlə boya-başa çatdırmışdı. Ata nəvazişindən məhrum qalsan da, böyüyəndə mənə elə bir ata oldun ki, ömrüm boyu ata sevgisinin istiliyini duydum.

Bu gün mən özüm də atayam, həm də babayam. Övlad sevgisinin də, nəvə məhəbbətinin də nə demək olduğunu artıq yaxşı bilirəm. Amma buna baxmayaraq, səni həmişə Böyük Ata, özümü isə sənin yeriməyi öyrətdiyin o balaca uşaq sayıram.

Səni unutmuram, ata... Unutmaram da.

Qəbrini ziyarət edəndə, övladlarım – sənin nəvələrin başdaşını ehtiramla silib üstünə gülab səpirlər. Mən isə asta-asta yaxınlaşıb əlimi başdaşındakı şəklinə qoyuram.

— ATA!..

Bu bir kəlmənin içində neçə illərin həsrəti, sevgisi, nisgili yatır...

Çoxdandır yollarına baxıram.

Niyə gəlməyirsən bizə, ay ATA?

Çoxdandır gəlmirsən yuxuma...

Heç olmasa bir gecə gəl yuxuma. Gəl, həmişəki kimi üzümə baxıb gülümsə. "Oğlum..." deyə məni çağır. Mən də yenə o körpə uşaq kimi sənə sarılım, qəlbim bir anlıq da olsa rahatlıq tapsın.

Bilirəm, geri dönüşün yoxdur. Amma bilirəm ki, insan yalnız unudulanda ölür. Sən isə heç vaxt unudulmayacaqsan.

Sən mənim qəlbimdə, dualarımda, xatirələrimdə, övladlarımın və nəvələrinin sevgisində həmişə yaşayacaqsan.

Sən mənim qəlbimdə həmişəyaşarsan, ATA!

Çoxdandır gəlmirsən yuxuma...

Heç olmasa gəl yuxuma...

Gəl, ATA...