Fərhad Tapdıqoğlu - Bir az da təbəssüm

YAZARLAR 09:15 / 05.08.2026 Baxış sayı: 645

 

Döşəməni döşədilər...Döşəməni döşəyənlərin eninə-uzununa döşədilər,döşəməni yaxşı döşəmədiklərindən...

Amma döşəməni döşəyənlər döşəməni döşəməyə görə əvvəlcədən aldıqları pulla restoranda araqdan vurub,quzu kababından bir az öncə yaxşıca döşəmişdilər...

=

Əvvəllər ironiya ilə deyərdilər ki,"kişi bazarda kulok satar"...

Daha bazarda da kulok satılmır.Bəs o kişilər necoldu?!...

=

Korrupsiyanın "pionerləri" indi olublar dövlətin ən yüksək pensiya alan "pensionerləri"...

=

Qarnının qulu ( qarınqulu ) adamın mədəsi elə qarnı boyda olur,deyəsən...

=

Açıq-saçıq geyinənləri ittiham etməyin!

Mal satılmayanda reklam olunar...

=

Dərdindən xəstə düşəsən ,stasionar müalicəyə ehtiyacın ola...

Palatan onun qucağı,həkimin isə onun özü ola...

=

Gözlərim mənim yanımda gözü kölgəlidirlər.

İcazəm olmadan gözəlliyə baxdıqlarını görmüşəm.

Utandıqlarından üzümə baxa bilmirlər gözlərim...

=

"Mız elə bir şeydir ki, onu hər adama,hər bir şeyə:canlı,cansız qoymaq olur...

"Mızqoyma" bəziləri üçün gündəlik işdir.

=

Yamaqlı paltarlar da,cırıq şalvarlar da dəbdədir.

Çirkli paltarlar , cırıq corablar dəbə nə vaxt minər ,görəsən?

=

Cavanlarımız olub keçmişdə...it boğuşduranlar,xoruz döyüşdürənlər...

Bu cavanların iş -gücləri yox imiş deyəsən...

=

Quşbaz quşdulandı,quş buraxdı...

=

Ən gözəl sakitlik "qurbağanın gölünə atılan daşdan" sonra yaranan sakitlikdir...

=

Bəzi adamlar evləndikdən sonra ,onların ömür karvanının sarvanı arvadları olur...

=

"Qulaqlarına sırğa eləmir deyilənləri",çünki sırğanı qulaqlarına yox,burnuna taxır.

=

Meşənin bəyi "meşəbəyi" hesab olunsa da,meşədə yaşayanların öz bəyi,xanı, nökəri...olur.

=

Hərənin öz yolu var,hər yolun öz yolçusu.Kimin hansı yolun yolçusu olduğunu bilənlər də...

=

Tanıdığım şəxslərdən biri deyir ki,"azadlıqdan məhrum etdiyim nəfsimi əfv etmişəm".

=

"Vozduşnu" ( hava) öpüş də şirin olur,ürəkdən gələndə...Sanki insana dünyanı bağışlayırlar.

( Bir sevən gəncin dediklərindən)

Bəs həqiqi olsa...

=

Gələcəkdə qulağa ehtiyac qalmayacaq.Onu qulaqcıqlar ( nauşniklər) əvəz edəcək...

P.S.Yalan vədləri eşidən qulaqdansa,elə qulaqcıqlar yaxşıdır.

=

Gənədən saz olan Çənə ( Çingiz) Çəndirli zirzəmidəki çəlləyin çənbərini( qurşağının,həlqəsini) keçirib,sonra su çənini su ilə,köhnə "Zapı"sının yanacaq çənini yanacaqla doldurub,"Zapı"nı işə salıb,dumanlı- çənli gündə ,çənəsi işləyə-işləyə Çənlibel kəndinə yola düşdü...