SÜLEYMAN ABDULLA. - TƏSƏLLİ
Əslində aldanışdır həyat bir az da...
Bəzən kimsə səni aldadır,
çox zamansa özün özünü...
Gərək vaxtında anlayasan gerçəkliyi,
ümid o şeydir ki,
varlığına güvənirsən,
olacağına tamdır inamın.
Oysa ki, olmur çox zaman...
Olanlardan dərs almadıqca
cəzalandırır adamı olmayacaqlarla tale.
İnsanı çörəklə sınağa çəkir zaman,
"bal-barmaq" söhbətini
xatırlamaq arı pətəyinə əl uzadanda...
Hər şirinin bətnində
və mütləq var bir acı nəsə...
Qaçdığı çıxır qarşısına adamın,
ən uzun marafonların da
bir təəssüf dolu sonu var, biləsən.
Həmişə aş asılmaz hisli qazanda,
xəyalplov bişirməlisən arada...
"Nə yatdım, nə yuxu görüm"
məsəli göz qaytarmaq üçündür
gizli təsəvvürlərin şirinliyində...
Bağdaddakı kor xəlifə də bilir
"burda mənəm..."
deyənlər o qədər çoxalıb ki...
Kim düşmədi ki, xəlifəlik həvəsinə?
Özündən qırılmaqdır
bütün aldanışların sonu
və bir daha özünə qayıtmayacaq yol...
Həyat
bir az da özünü aldatmaqdır əslində!