Ayaz Arabaçı - Bilmədiyim dillərdə.

Ədəbiyyat 09:09 / 19.02.2026 Baxış sayı: 476

 

Eynidi hüzn, kədər,

Bilmədiyim dillərdə.

İnsan kimi ağlayır,

Ağlayanda, fillər də.

Bütün göz yaşlarının,

Damcıları eynidi,

Hardan dəyirsə dəysin,

Qamçıları eynidi..

Bütün qara xəbərlər,

Teleqramlar eynidi.

Bircə daşla tikilir,

Bütün damlar eynidi.

Bu dünyanın ağ yeli,

Qara yeli eynidi.

Fələyin qılıncının,

Yara yeri eynidi.

Eyni cürə çağlayır,

Bulaqların səsi də.

Eynidi yaz ətri, də,

Payız rayihəsi də.

Eynidi qarlı dağlar,

Həm dərələr eynidi.

Uzaqları göstərən,

Pəncərələr eynidi.

Yurdun da, qürbətin də,

Kədəri eyni daddı.

Neynəsək də günümüz,

İyirmi dörd saatdı.

Üç il, beş il,on beş il,

Ömür elə ömürdü.

Nə qədər zərə tutsan,

Xatirələr kömürdü..