Arzu Əsəd - Uşaqlıqda Rəsul Rzadan oxumuşdum...

YAZARLAR 13:10 / 19.02.2026 Baxış sayı: 461

Uşaqlıqda Rəsul Rzadan oxumuşdum, biri deyir, igidin başı gərək qeylü qalda olsun, bir başqası da cavab verir ki, gərək bu qeylü qalın özü də bir şeyə dəysin axı. Dostlarımız arasındakı növbəti konflikt barədə yazılan status və rəyləri oxuyanda yadıma düşdü. Bir də "Molla Nəsrəddin" jurnalında Mirzə Cəlilin xoruz döyüşdürən, it döyüşdürən yekə-yekə kişilərimizə "sizi deyib gəlmişəm, ay mənim qardaşlarım" müraciəti yadıma düşdü. Həmin milli psixologiyadır. Həmin şzofrenik mühitdir. Sadəcə forma dəyişib.

Konfliktdə olan insanları sakitləşdirmək, bu mənasız qeylü qalı yatırtmaq əvəzinə hərə əli, qucağı tutduğu qədər çır-çırpı, odun, benzin gətirib ocağın üstünə tökür. Axtarsan Azərbaycanda həbsxanalarda yatanların bəlkə də yarısı yolda bir-birinə çəp baxmaq, söz atmaq, söyüş söymək üstündə bıçaqlayan, güllələyən bədbəxt insanlardır. Onların biri qəbirdə, biri sibirdə olanda kənardan qızışdıran o xoruz döyüşü maraqlılarının heç biri nə qəbirdə olanın yanında uzanıb çürümür, nə də həbsxanada olanın ac qalan arvad uşağına baxmır.

Bu da bir azartdır, stavkaya insan hissləri, heysiyyatı, insan taleləri qoyulan qumardır, psixi xəstəlikdir, nevrozun bir növüdür. Konfliktdə olan insanları qızışdıranlar öz nevrozlarını sakitləşdirmək istəyirlər, nəyin bahasına olur olsun, təki tamaşa olsun, məhkəmə olsun, bıçaqlanma olsun...Həbsxanadakından soruşacaqlar ki, filankəsi niyə öldürdün, 15 il ömrünü burada nəyin naminə çürüdəcəksən? Cavab verəcək ki, mənə istedadsız demişdi. Qəbirdəkindən də soruşacaqlar ki, səni kim göndərdi bura, o da deyəcək ki, filankəsə istedadsız demişdim, o da məni söydü, məsələ uzandı, gəldi çıxdı bu yerə. Həbsxanadakı avtoritet adlananların, qəbirdəki inkir-minkirin başlarını bulayıb təəccüblə bu adamlara baxmaqdan başqa çarələri qalmayacaq.

Əlbəttə, həbsxanadakı və qəbirdəki personajların yerini dəyişmək də olar, amma mahiyyət, daha doğrusu, mahiyyətsizlik yenə dəyişmir. Yenə həmin absurd teatrıdır...Başqa bir ssenari də var. Ramazan ayı başlayıb.Şeytanların zəncirlənən ayıdır. "Lənət şeytana" deyib, hər kəs də öz elədiyindən bir qədər peşmançılıq duyub, ibrət götürüb o böyük Allahın verdiyi bu gözəl həyatın zövqlərini dadmağı, fərdi inkişaflarını, cəmiyyətə xidmətlərini davam etdirsinlər. Hətta ortada oturub bir iftar süfrəsində bərabər, qardaşcasına sənətin, istedadın meyarları barədə diskusiya da eləmək olar...Konfliktin bu neoklassik həllinə nə deyirsiniz, cənab istedad etalonumuz?