Məmməd Qədir

Ədəbiyyat 11:05 / 19.02.2026 Baxış sayı: 529

 

Elə sevdi ürək səni,

Dilin xəbəri olmadı.

"Çiçəyimsən... "pıçıldadım,

Gülün xəbəri olmadı.

 

Ümidlərim bir şam, - yandı,

Canımda ölü oyandı,

İçim elə işıqlandı,

Çölün xəbəri olmadı.

 

Vüsal gördü yuxusunda,

Bihuş oldu qoxusunda,

Uyudu yar yaxasında,

Əlin xəbəri olmadı.

 

Dolaşdım yolu, meşəni,

Axtardım kolu, həşəmi,

Elə öpdüm bənövşəni,

Kolun xəbəri olmadı.

 

Bir bəy idim, qula düşdüm,

Sərçə kimi kola düşdüm,

Sevə - sevə yola düşdüm,

Yolun xəbəri olmadı.

 

İnandım ulduza, bürcə,

Azıb qaldım, çökdü gecə,

Eşqdə yox oldum sadəcə, -

Ölüm xəbəri olmadı...