SÜLEYMAN ABDULLA. - SU KİMİ ADAMLARIN ŞEİRİ
Sulardan
tərsinə axmağı
umduğumuz zamandır, dostum...
Oysa ki,
dibsiz dərələr ağzını açmış bulaqlara
və iliyini sümürür sızıntıların.
Bulaq çay olmaq istər,
damla şırnaq...
Ən sısqa axıntıların çağlamaq istəyi var,
Ən kiçik hövzələrin sunami qopartmaq...
Ən uca zirvələrin
möhtəşəmliyinin təsdiqidir ən sərt enişlər...
Gurlamaq üçün
enmək lazımdır,
hətta,
ən xırda təpələrin ayaqlarına.
İnsan da su kimidir,
axmağa meyllidir hər çuxura,
doldurmağa can atır hər boşluğu...
Var nohur adamlar,
var ümman adamlar.
Heç demirəm
yağış suyu kimi bəndi-bərəni basanları...
Dibi lilləmiş seloyuqlarla
ala bilməzsən qarşısını kükrəyən zaman...
Amma, suları tərsinə üzmək,
yanlamaq nəhrləri tərsinə?!
Bir başqa məsələ,
bir başqa söhbət...
Ummaqdan başqa
nəyə gücümüz çatar,- bəlli deyil.
Bəlli deyil!