ATA ƏMANƏTİ - yazdı - Tofiq  Əmrahov 

YAZARLAR 09:23 / 17.04.2026 Baxış sayı: 145

 

(Hekayə)

Fələyin acı yelləri Sona xanımdan da yan keçmədi. Halbuki hər şey nə qədər gözəl başlamışdı: Yenicə isti bir yuva qurmuşdular, şirin bir ailə...

Sona xanım hər səhər bir aşıq mahnısından bu kəlmələri zümzümə etməyi çox sevərdi:

"Bağbanın bağında barı olmasa,

Bağça nəyə lazım, gül nəyə lazım..."

Çox keçmədi ki, bu evdən körpə səsi gəldi. Dünyaya gələn oğlan uşağına Mənsur adını qoydular. Sap-sağlam, gözəl-göyçək bir körpə idi. Valideynləri Aqil və Sonanın sevinci yerə-göyə sığmırdı. Tanrıya nə qədər şükür etsələr də, sanki bu böyük bəxtəvərliyin qarşısında duaları yetmirdi. Amma atalar demiş: "Sən saydığını say, gör fələk nə sayır".

Mənsur böyüyürdü. Artıq yeriyir, evdə qaçıb-dolaşırdı. Atası işdən gələndə sevincindən işqıra-işqıra qabağına qaçar, qucağına atılardı. Aqil onu öpüb oxşayar, atamın yadigarı deyərdi:

– Elə bil baban Mənsursan, mənim Mənsur balam...

Sona xanım isə kənardan bu mənzərəni izləyib:

– Allah sizi bir-birinizə, məni də sizə çox görməsin, – deyərdi.

Bazar günü idi. Aqil üzünü Sona xanıma tutub:

– Sonacan, bilirsən də ən çox hansı xörəkləri sevirəm?!

– Bıy, başıma xeyir, niyə bilmirəm? Plov, bir də xəngəl.

– Ay sağ ol! Həə, bax orda dayan, xəngəldə dayan.

– Elə hərlənib-fırlanıb məqsədin xəngəl bişirtməkdi, onu da bu saat bişirim.

– Amma bir şərtlə – anam bişirdiyi kimi olsun.

– Məni imtahana çəkirsən? – Sona gülümsədi.

– Yox, Vallah! Sadəcə deyirəm görüm rəhmətlik anam bişirdiyi kimimi bişirirsən, yoxsa...

– Yaxşı, onda deyim qulaq as. Soğanı yağda bişirirəm, qızartmıram ey, bişirirəm. Üstünə xırda doğranmış kartof, şabalıd, qara gavalı qurusu və kişmiş əlavə edirəm...

– Halaldı, Sonam, halaldı. Anam da elə bişirərdi. İndi sən xəngəl bişirməyin tədarükünü gör, mən də gedim dükanlara baş çəkim. Həm Mənsuru sevindirim, həm də səni...

Aqil qayıdanda əli dolu idi. Mənsura təzə paltarlar, sharlar, pultla idarə olunan oyuncaq maşın almışdı. Evdə bayram ab-havası vardı. Mənsurun sevinci yerə-göyə sığmırdı, özünü atasının üstünə atıb, o üzündən, bu üzündən öpdü. Sona xanım süfrəni hazırlayarkən Aqil oğluna aldığı paltarları geyindirir, onun sevincini izləyib xoşbəxtlikdən uçurdu.

Sona xanım masaya yaxınlaşıb: "Allah bu günümüzə şükür, təki həmişə belə olaq," – demək istəyirdi ki, Aqil qəfildən "off" edib yerə yıxıldı. Sona hər şeyi yerə atıb özünü onun üstünə saldı:

– Aqil, nə oldu sənə, Aqil? – deyərək özünü onun üstünə atıb başını qucağına aldı. – Qurban olum sənə Aqil, nə oldu birdən-birə...

Aqil güclə, qırıq-qırıq səslə:

– Sona məni vurdular...

– Kim vurdu, nə deyirsən özünü ələ al, Aqilim.

– Arxadan, kürəyimdən vurdular, Sona!

Mənsur atasının boynunu qucaqlayıb "Ata, qalx!" deyə hönkürürdü. Sona saçını yola-yola 103-ə zəng etdi:

– Həkim lazımdır, həkim! – deyərək hay-həşir qopardı.

Aqil isə son nəfəsində onu deyə bildi: "Mənsuru sənə əmanət edirəm, Sona..." Aqilin gözləri yumuldu, başı Sonanın qolları arasına düşdü.

O gecə bu evin işığı söndü. Aqil əbədiyyətə qovuşdu. Sona onun məzarı başında fəryad edirdi:

– Rahat yat, Aqilim. Mənsuru dediyin kimi böyüdəcəm. Yeməyəcəm yedizdirəcəm, geyməyəcəm geyindirəcəm. Təki sənin ruhun şad olsun Aqilim!!!

Sona qəbrin üstünü örtmüş torpağı öpdü-öpdü. Göz yaşları ilə islatdı o torpağı.

...Vidadan xeyli vaxt keçsə də Sona xanım özünü ələ ala bilmirdi. Elə hey göz yaşı tökürdü. Balaca Mənsur anasına yaxınlaşar, onun göz yaşlarını silər:

– Ağlama, ana, yalvarıram ana! – deyə ona təsəlli verərdi.

– Yaxşı mənim balam, ağlamaram. Sadəcə necə dolanmamızı fikirləşib kövrəlirəm.

– Yox ana, kövrəlmə. Tezliklə böyüyəcəm, işləyəcəm, o maşının yekəsindən alıb səni də hər yerdə gəzdirəcəm. Görərsən ana, görərsən heç fikir eləmə.

– Allah qoysa mənim balam, Allah qoysa...

Qonşu arvad da hər axşam gələr, söhbətləşərdi. Bir axşam qayıda ki:

– Biçarə Sona, necə dolanacaqsınız, bu uşağı necə saxlayacaqsan. Bax, eləcə sənin dərdini çəkirəm, ay bacı. İndi hər şey baha, dolanmaq olmur Vallah.

Sona dedi:

– Bizim fikrimizi çəkmə, qonşu, taxıl əkən özü bilir onu necə biçmək lazımdır...

– Niyə acığın tutur, ay Sona, məsəlüçün deyirəm dəə...

– Mən atasına söz vermişəm əllərimin zəhmətiylə, alın tərimlə, namusla, qeyrətlə Mənsuru böyüdəcəm, oxudub atasına layiq övlad olmasına nail olacam.

– Allah arzuna çatdırsın, qonşu...

İllər keçdi. Sona xanım sözünün üstündə durdu. Gündüzlər süpürgəçi işlədi, gecələr corab, jilet toxuyub satdı. Mənsur həm təhsildə, həm idmanda fərqlənən qürurlu bir gənc oldu. Sağlam bədənli, sağlam ruhlu bir gənc idi Mənsur. Anası boyunu əzizləyər, mənim baş tacım deyərdi. Nəhayət, universitet həyatı başladı, anasının arzuladığı həyat... Sevdi də, sevildi də...

Nərgiz adlı bir həmkəndlisi ilə əhdi-peyman da eləmişdilər. Ancaq anasının razılığı və xeyir-duası ilə. El adəti ilə elçi gedildi, nişan üzükləri də taxıldı... Toy hazırlığı görəndə Sonanın ürəyindən qəribə nigaranlıqlar keçirdi: "Görəsən, gəlin bizlə dolana biləcək? Axı biz ana-bala bir-birimizə çox bağlıyıq... Əgər bu da başqa gəlinlər kimi olsa... Bilmirəm, bilmirəm!!!"

Digər tərəfdən, Nərgizin anası Telli xala da qızına tapşırırdı:

– Ay qız, haa, getdiyin evdə səbrli ol, böyüyə, kiçiyə hörmət, diqqət göstər... Amma bir şeyi də unutma, hər deyilənə "baş üstə" deməklə bərabər öz ağlını da işlət... Qızım, qaynanan böyük əziyyətlər çəkib Mənsuru böyütmək üçün, oxutmaq üçün. Elə edərsən ki, o, çəkdiyi əziyyətləri qismən də olsa unutsun... onu öz anan bil, hər zaman hörmətini saxla.

– Yaxşı ana... elə edəcəm ki, o elə şeyləri heç ağlına gətirməsin, – deyərək Nərgiz anasına söz verdi.

...-Mənsur söhbətlərinin birində üzünü Nərgizə tutub:-Deyirəm ayrıca bir ev alım, toydan sonra köçək ora anamdan ayrı yaşayaq. Axı, qaynanalar gəlinlə, gəlinlər də qaynanalarla yola getmir...Nə?, Nə dedin Mənsur?...-Mən bilsəydim sən belə oğulsan səni sevməzdim, sənə hə deməzdim. Mənsur de görüm o Ananın bizə nə ziyanı həə?-Səni boya- başa çatdırıb ki, bu gün onu atasan?-Mənsur onu bil ki, mən bayquş olmaq istəmirəm. Tək yaşayan "bayquşlardı"...Mənsur gülərək Nərgizin alnından öpüb deyir:- Mənim ağıllı Nərgizim səni yoxlamaq üçün deyirdim, əzizim!

...

Budur, "Vağzalı" sədaları... Evə gəlin gəlir, hamı sevinir, şənlənir. Amma şənliyin şirin yerində Sona xanım bir müddət gözə dəymədi. Sən demə, o, tələsik Aqilin qəbrini ziyarət etməyə gedibmiş; ruhundan halallıq istəyib, sevincini onunla bölüşmək üçün...

Sona xanım qayıdıb gələndə dəsmalına büküb saxladığı "toy xərcliyini" — illərlə yığıb saxladığı pulları xanəndələrə, maşın sahibinə payladı. Hamı bir ağızdan: “Allah mübarək eləsin, xoşbəxt olsunlar!” - deyə dua edirdi.

Bu evdə bayram ab-havası sürməyə başladı. Sona xanım Nərgizə öz doğma qızı kimi yanaşır, hər işdə ona kömək edirdi. Nərgiz də öz hörmətini əsirgəmir, sakit və təmkinli davranırdı. Bir gün Nərgiz Mənsurdan soruşdu:

– Səni min bir əziyyətlə boya-başa çatdıran bu xanıma necə müraciət edim? Ana,mama,xala, yoxsa bibi?

Mənsur bir anlıq duruxdu. Bu sual sadə görünsə də, mənası çox dərin idi. Sakitcə cavab verdi:

– Necə ürəyin istəyir... Amma bil ki, o, "ana" sözünü eşitməkdən çox xoşbəxt olur.

Nərgiz başını yüngülcə tərpətdi, gülümsədi...

Ertəsi gün səhər süfrə başında Sona xanım çay süzmək istəyirdi ki, Nərgiz asta səslə ona mane oldu:

– Ana, icazə versəniz, mən süzərdim...

Sona xanımın əli havada qaldı. Üzündə qəribə bir ifadə yarandı: həm sevinc, həm kövrəklik, həm də illərin yorğunluğu...

– Ay qızım... – dedi, səsi titrəyərək. – Allah səni xoşbəxt eləsin.

O gündən sonra evdə sanki istilik, nur bir az da artdı. Bir gün Nərgiz plov bişirmək istədiyini deyəndə, Sona xanımın köhnə xatirələri oyandı:

– Gətir bişirək, qızım. Rəhmətlik qaynatan həm aşı, həm xəngəli çox xoşlayardı. Zalım fələk imkan vermədi ki, sonuncu dəfə bişirdiyim xəngəlin dadına baxsın...

Qazan ocaqda qaynayarkən Sona gəlininə yaxınlaşdı:

– Qızım, sənə kiçik bir sirr deyim. Yemək də insan kimidir, ona səbir və təmkin lazımdır.

Nərgiz gülümsəyərək:

– Ana, sizin hər sirriniz mənim üçün həyat dərsidir, – dedi.

Mənsur süfrəyə gələndə ilk qismətdəcə plovun dadından vəcdə gəldi: "Bu gün aşın dadı bambaşqadır!" Sona ilə Nərgiz bir-birinə baxıb gülümsədilər. O plovda təkcə düyü, başqa çərəzlər yox, sevgi və qarşılıqlı anlayış vardı. Və ən əsası, orada "gəlin" və " qaynana" yox, bir-birini ürəkdən anlayan iki doğma insan vardı.

...Aradan bir müddət keçmişdi. Nərgizin anası Telli xala qızına zəng edib soruşdu:

– Necəsiniz, qızım? Qaynanan necədir?

Nərgiz zarafatla:

– Ana, dediklərinin hamısını etmişəm, indi o elə haldadır ki, deyir kaş keçmiş günlərim geri qayıdaydı, – dedi.

Telli xala qorxuya düşdü, qızının nə demək istədiyini anlamadı. Ürəyi tab gətirməyib qudasıgilə qaçdı. Sona xanım qapını bir az "qaşlı-qabaqlı" açaraq:

– Xoş gəlmisən, buyur əyləş, – dedi.

Bu da gəlinlə qaynanasının qurduğu kiçik bir oyun idi. Telli xala həyəcanla soruşdu:

– Necəsiniz, Nərgiz hardadı? Düzünü de, Sona bacı, qızım sənə necə gəlinlik edir? – Vallah, nə deyim... hələ təzədir, cavandır...

Elə bu vaxt Nərgiz içəridən səsləndi:

– Ana, çay hazırdır! Şəkərini də çox qoymuşam ki, qudalar daha şirin olsunlar!

Anası başını bulayır:

– Ay qız... mən sənə nə demişdim, nə tapşırmışdım?! – deyərək xəcalət çəkə-çəkə qapıdan çıxıb getmək istəyərkən gəlinlə qaynana Telli xalanı qucaqlayıb öpdülər.

Sona xanım qudasına təşəkkür etdi: "Telli bacı, sağ ol ki, belə övlad böyütmüsən. Nərgiz mənim həm gəlinim, həm qızım, həm də gözümün nurudur". Telli xanım üzünü Sona qudasına tutaraq:

– Əgər Nərgiz mənim dediklərimi etməsəydi, sənə mən anasından artıq baxmasaydı südümü ona halal eləməzdim. Mən özüm də gəlin olmuşam, əzazil qaynana görmüşəm.

– Çox sağ ol, Telli quda! Allah sənə heç vaxt acılar qismət eləməsin, şirin günlər nəsibiniz olsun...

– Di məni yola salın gedim... Ağız ey, Nərgiz, bir də şıltaqlıq edib məni qorxutma haaa!

...Nərgiz bir gün özünü halsız hiss edir. Sona xanım onun üzünə diqqətlə baxıb soruşur:

– Qızım, ağrımırsan ki?

Nərgiz bir az tərəddüdlə gülümsədi:

– Bilmirəm ana... son günlər tez yoruluram, ürəyim də bulanır.

Sona xanımın baxışları dəyişir. O baxışlarda illərin təcrübəsi, qadın hissiyatı var idi. Yavaşca dedi:

– Qızım, sabah həkimə gedək...

Bir-neçə gün sonra hər şey məlum oldu... Nərgiz ana olacaqdı. Sona xanımın gözləri doldu. İllər öncəki gəncliyi, Mənsuru ilk dəfə qucağına aldığı günlər göz önündən keçdi. Nərgizi bağrına basıb dedi:

– Qızım, sən mənə ikinci dəfə analıq sevincini yaşadırsan...

O gündən sonra Sona daha diqqətli olur, Nərgizin çox çalışmasını, yorulmamasını qoruyurdu.

– Sən otur, mən edərəm, – deyirdi.

Nərgiz isə:

– Ana, birlikdə edək. Siz tək öyrəşmisiniz, amma mən sizinlə bölüşmək istəyirəm, – deyirdi.

Qış gecəsinin birində Nərgiz sancı ilə oyandı. Mənsur həyəcan içində idi. Nə edəcəyini bilmirdi. Sona isə sakit və qətiyyətli idi:

– Qorxma, oğlum, hər şey yaxşı olacaq!

Gecədir... xəstəxanada iki nəfər var-gəl edir. Həkimdən, tibb işçisindən xoş bir xəbər gözləyir bu ana və oğul... Axır ki, qapı açılır. Hər ikisi qapıya yaxınlaşır... ağ xalatlı gənc bir tibb bacısı üzündə sevinc:

– Mənim muştuluğumu kim verəcək, kim?

– Mən qızım, mən verəcəm, – deyərək Sona bir iyrimilik basdı qızın cibinə.

– Di bu da sənin muştuluğun.

– Xala, sap-sağlam, gözəl-göyçək bir qız nəvən oldu. Gözünüz aydın.

– Çox sağ ol qızım. Allah səni də xoşbəxt eləsin.

Mənsur üzünü anasına:

– Ana, bilirsən necə sevinirəm? – Sona adlı sən anam vardın, indi də Sona adlı qızım da oldu.Evdən üç nəfərlə çıxmışdılar, çox şükür ki, dörd nəfərlə qayıtdılar

Körpənin ilk ağlama səsi evə elə bir həyat gətirdi ki, sanki divarlar da canlanırdı... Sona nənəsi körpəni qucağına alıb pıçıldadı:

– Xoş gəldin, balamın balası!

Nərgiz yorğun, amma xoşbəxt halda onlara baxırdı. O an artıq aralarında heç bir məsafə qalmamışdı, – ana-bala məsafəsi. Günlər keçdikcə Sona Nərgizə analığın sirrlərini, incəliklərini öyrədirdi:

– Uşaq təkcə süd yox, ana qəlbi ilə böyüyür qızım.

Nərgiz sakitcə dedi:

– Ana, yaxşı ki, siz varsınız.

Sona onun əlini sıxaraq:

– Yaxşı ki sən gəldin bu evə, qızım, – dedi.

Mənsur kənardan onları izləyirdi. O, başa düşürdü ki, bu evin xoşbəxtliyinin sirri böyük şeylərdə deyil. Kiçik anlayışlarda, səssiz qayğıdan və səmimi "ana" sözündədir.

...Bir axşam Nərgiz qaynanasını divanda əyləşdirib dedi:

– Ana, mənə icazə ver... Corablarını çıxarım... ayaqlarını isti suya qoyaq, bir az dincəlsinlər.

Sona xanım utansa da, Nərgiz inad etdi: "Bəs mən sizin qızınız deyiləmmi?" Mənsur işdən gec gəlib pəncərədən içəri baxanda gördüyü mənzərədən qəlbi fərəhlə doldu. Nərgiz anasının ayaqlarını yuyur, qayğısını çəkirdi. İçəri girib sevincini gizlətmədi.

Nərgiz ona səsləndi:

– Mənsur, yaxşı gəldin, təmiz su gətir, ananın ayaqlarını durulayaq. Bir də siyirmədə ayaq kremi var onu da gətir.

Sona xanım divanda əyləşib gəlininin süzdüyü çaydan içərkən, dili ilə deyə bilmədiklərini ürəyində Tanrıya pıçıldayırdı. Allahından necə də razıydı bu ərsiz, fədakar qadın!!!