Əşrəf Veysəlli - TƏNDİR

Ədəbiyyat 09:15 / 17.04.2026 Baxış sayı: 143

 

Göyün ulduzları köksünə axar,

Yanıb qızaranda yaşayardı o.

Söndümü,- döyüşdən təzəcə çıxan

Bir top lüləsinə oxşayardı o.

 

Elə ki közünə anam su çilər

Odun dövrəsində əli gəzinər,

Üstü yumurtalı çörəkləriylə

Dönərdi kəhrəba xəzinəsinə.

 

Bayram eyləyərdik o yanan günü,

Aclıq qorxuları odda bişərdi.

Hardasa yadına bir döyüşçünün

Qızıl zəmilərin ətri düşərdi.

 

Təndir- gözdə işıq, qolda tutardı,

41- dən 45- ə az yanardı o.

Çox zaman bizimlə birgə yatardı,

Anam oyadanda oyanardı o.

 

Yaxın həmdəm idi, dost idi bizə,

Bir az da işsizlik yormuşdu onu.

Torpağa— yaşayış vərəqəmizə

Anam möhür kimi vurmuşdu onu.

 

Döyər qapımızı tez- tez ehtiyac,

Aclıq dönə -dönə yoxlardı bizi.

Təndir bir qarnı tox, bir qarnı da ac,

Qızara- qızara saxlardı bizi.

 

Odda ütə- ütə kirpiklərini,

Dünyanın qeydinə qalardı anam.

Elə bil Vətənin beş əsgərini

Əjdəha ağzından alardı anam.

 

Xırda kişilərdik o zaman biz də,

Sevinci anlayar, dərdi duyardıq.

Qılçıq da görəndə yolda, ya rizdə

Öpüb gözümüzün üstə qoyardıq.

 

O vaxt fikirliydi bu göy də, yer də,

O vaxt fikirliydi bu qaya, bu daş…

Zamanın qərdişi heç kəsi bir də

Çörəklə çəkməsin imtahana kaş!..

1982- ci il.