Südabə Sərvin -ÇIXIB DA GETDİN
Ədəbiyyat
13:00 / 28.06.2026
Baxış sayı: 484
Bir bahar qəlbimdən salıb yolunu,
Bir payız eləcə çıxıb da getdin.
Nə bilim bu sevgi tale oyunu?!.
Könlümü yandırıb yaxıb da getdin.
Sən mənim ömrümə gəldin yarımçıq,
Gəlib qismətimi böldün yarımçıq.
Yazdın bir xatirə, sildin yarımçıq,
Qüssəli-qüssəli baxıb da getdin.
Sərvinin qəlbində quzeyə döndün,
Həzin xatirəli muzeyə döndün.
Niskilli, yanıqlı bir neyə döndün,
Ülkər ulduzu tək axıb da getdin.
2005