Şakir Xanhüseyin - DÜYÜN
Ədəbiyyat
19:16 / 28.06.2026
Baxış sayı: 148
öyrən, öyrən düyün vurmağı,
yolunu, haqqını tanı;
səhəri açıb
onu gecə düyünləyir Tanrı.
elə açılır,
bərələ qalır
gözünə yuxu düyünləyə bilmirsən.
nədir, axı, gördüyün,
kör düyündü, kör düyün;
həyat düyün, gor düyün...
ayağına düyün vur,
açanda yolun da açıla...
dodaqların düyünlənməsə,
çətin dilin də açıla...
min illərdi
haqq qapısı açılmır üzümüzə,
olsun ki,
istəyimizcə düyünlənməyib bəxtimiz,
eh, biz...
eh, sən;
qaranı elə düyünlə ki,
ağ aça biləsən...