Kəmaləddin Qədim - GÖRÜNMƏSİN
Qara günlər gör necə ağ eləyib başında,
Saçlarına xına qoy ağları görünməsin.
Neyləyib zalım zaman haqq eləyib başında,
Nə et, nə yap, ətrafa haqları görünməsin.
Sən gedəndən hələ də göynəməkdə yerin, bax,
Sökülmədin dan kimi, qürub kimi görün, bax.
Qapqara zülmətlərə, gecələrə bürün, bax,
Üz-gözünün o bom-boz vaxtları görünməsin...
Tək sevmişdin, gör necə qoyub getdin tək məni,
Keçmiş yadına salmaz, görməz gələcək məni.
Gəl də son nəfəs kimi çək, içinə çək məni,
Elə çək ki, sinənin dağları görünməsin...
Mən çəkən mənə bəsdi, sən çəkən sənlə getsin,
Qalan qalanla qalsın, gedən gedənlə getsin.
Beş-on xatirə qalıb, bir-bir kəfənlə, getsin,
Ölmüşlərin içində sağları görünməsin...