Könül Nuriyeva - Məndən olsa…

YAZARLAR 12:50 / 28.06.2026 Baxış sayı: 511

 

Məndən olsa, səni gecənin bitməyən sükutuna çevirərdim;

Yatmayanlar bilir, onun necə uzun olduğunu.

Məndən olsa, səni əl-ələ tutub üfüqə doğru qaçan aşiqləri qarşılayan günəş adlandırardım;

Sevənlər bilir, onun necə istilik yaydığını.

Məndən olsa, səni ürəyimə, saçlarıma,

Sonra da ovucunda gilas gizlədib, bağçadakı ilk məhəbbətinin

qulaqlarına sırğa kimi taxan

dörd yaşın saflığına əkiz edərdim.

Məndən olsa, küləkləri cibimə yığardım ki,

sənə toxunmasın.

Yağışı ovurdlarıma doldurub, hər damcısını sevgi adıyla

çiyinlərinə qondurardım.

Məndən olsa, səni dəniz, səma, rənglər, səhra, çəmənlik, torpaq adlandırardım;

Çünki onlar bitmir, nəhayətsizdir, fərqlidir, daimidir.

Məndən olsa, səni köynəyimdə gizlədərdim.

Bilirsən, niyə?

Çünki gecənin könlünü yatanlar qırır,

günəşin səmimiliyini soyuqqanlılar.

Küləyin çılğınlığını yağış yatırır,

səhra sözləri havaya sovurur,

dənizin də ki… sağı-solu bilinmir.

Səma isə dəyişir, hərdəmxəyal adamlar kimi.

Məndən olsa…