Rafiq Yusifoğlu - CƏNNƏTDƏ CƏHƏNNƏM ƏZABI
Qismət oldu yenidən
Dönə bildim kəndimə.
Həyəcandan əsirəm,
Bəs neyləyim indi mən?
Təpələr gəl-gəl deyir,
Yamaclar gəl-gəl deyir.
Beş-on dəqiqə olar
Mənim bura gəldiyim.
Duruşuyla təsəlli
Versə də Səngər dağı,
Heç nə sağalda bilmir
Ürəyimdəki dağı.
Məğrur Qızlqayanı
Baxışımla öpürəm...
Gözlərimin yaşını
Çəmənlərə səpirəm.
Dağ şahidlik etsə də,
Bu ilk vüsal anına,
Kimdi məni buraxan
Evimizin yanına?
Ötən bəxtəvər günlər
Bir-bir düşür yadıma.
Niyə yanıb kül olmur,
Kol-kos mənim oduma?
Tapdamaqdan qorxuraım
Günahsız böcəkləri.
Xatirələr oyadır
Zərif dağ çiçəkləri.
Viranə ürəyimdə
Arzular yuva qurur...
Kəpənəklər uçuşur
Bülbüllər cəh-cəh vurur.
Can dərmanı olsa da
Havası, alışıram.
Bircə qurtum suyuyla
Kükrəyirəm, daşıram.
Burda hər dağ, hər dərə
Mənə doğma, tanışdı.
Seyr elədim dörd yanı
Xatirələr danışdı.
Görəndə ona baxan
Həsrət dolu gözləri,
Elə bil yamacların
Çiçəklləri közərir.
Yer altından səs gəlir
Elə bil Həcətgədə:
-Minalanmış yerlərdə
Nə gəzir höcət gədə?
Qorxmurmu o, görəsən
Havaya sovrulmaqdan?
Xatirələr sacında
Buğda tək qovrulmaqdan?
Doğma məkan olubdur
Nə üçün yad dərəsi?
Tutqundur Cam bulağı,
Küskündür Bad dərəsi.
Bulud kimi dolmuşam
Gözümdə yaş qaynayır.
Dəli bəbəklərimdə
İldırımlar oynayır.
Tənhalıq ağır dərddi,
Göz yaşım puçur-puçur.
Çağırsam da, qayıtmır
Uşqlıq da gen qaçır...
Yamacda gül-çiçəyin
Yoxdu sayı-hesabı. –
Cənnətdə çəkilərmi
Heç cəhənnəm əzabı?!
13.06.2026. Çardaxlı