Şahverən Cavad - Keçdik dəhlizindən fani dünyanın

Ədəbiyyat 20:14 / 28.06.2026 Baxış sayı: 257

 

Tanrı sevgi ilə yaratdı bizi ,

Dünya yaxasından keçirmədi , heç .

Keçdik dəhlizindən fani dünyanın ,

Bizi yaddaşına köçürmədi , heç ,

 

Hər ömrə toxum tək əkildi bir ad ,

İnsanın ilk mülkü , bəlkə , ad olub .

Vaxtın dumanında yox oldu adlar ,

Zamanı yaşadan kəs- ustad olub .

 

Həyat bir məktəbdir - sınağı ağır ,

Çoxu imtahandan keçə bilmədi .

Mətni yazılıbmış qaralama tək -

Çox alın yazını seçə bilmədi .

İçində boğulan burulğanam mən ,

Uşaq arzularım - don vurmuş çiçək .

Kəsirdə qalıbdır uşaqlıq çağım ,

Anamın yarımçıq qalan ömrü tək .

Anasız böyüyən ağaclar ki , var ,

Saralan yarpaqlar çəkir ağrını .

Zülmət gecələrdə çox dinləmişəm ,

Tənha ağacların ağlamağını .

28 . 06 . 2026

Türkiyə . Samsun şəhər