Sona Vəliyeva - DÜŞÜBDÜ
Haqq nuruyam, haqdan gəldim,
Dönüb tanrıma yüksəldim,
Nadana “ənəl həqq” dedim,
Gördüm səhv başa düşübdü.
Nur dedim, nurumuz hanı?
İnsan oğlu yer sultanı,
Bu xalqın tale kotanı,
Daşa düşübdü, düşübdü.
Dərdin ağlayaq bu dərdin,
Haqdan gələn haqdı dedim.
Bəxtinə bəxtsiz millətin,
Savaş düşübdü, düşübdü.
Bu dünya nağıl, əfsanə,
Tövbəsiz könül viranə,
Yollarıma xanə-xanə
Yağış düşübdü, düşübdü.
Vətən deyib yola varan,
Zülmdə də haqq axtaran,
Şuşaya ilk bayraq asan,
Könlümə qardaş düşübdü.