Saqif Qaratorpaq : - Nə vaxtdı bir görüş həsrətindəyik

Nə vaxtdı bir görüş həsrətindəyik,
Yollar izimizə tamarzı qalıb.
Saralıb varağı yaddaşımızın,
Hələ yazılmamış çox yazı qalıb...
Əriməz saçıma yağan qar daha,
Üşüdər əlini qışın şaxtası.
Sən uşaq deyilsən,səhv eləyəsən,
Nə də mənim sinəm yazı taxtası.
Düşüb aramıza bir sual durur,
Bir vergül uzaqdı adımdan adın.
Bu gizli sevgini sirr kimi saxla,
Xəbəri olmasın qohumun,yadın...
Biz sevda dərsinə yaman gecikdik,
Könül dəftərinə nə yazaq indi?
Silinib nə varsa əzbərimizdən,
Yoxsa əlifbadan başlayaq indi?