Vaqif Yusifli  : -  Ay Bəniz Əliyarın şeirləri haqqında

YAZARLAR 09:00 / 24.04.2025 Baxış sayı: 1250

 

 

Kim istər ki, kağız üzərində də, yazdığı şeirlərdə də şairliyi görünsün, o gərək əvvəlcə qəlbən şair olsun və öz təbiətinə uyğun olaraq, həyatın poetik tərəfini görsün. Poeziya təkcə kitablarda deyil: - o, həyatın öz nəfəsindədir.

V.Q.Belinski

 

Mən qəlbən şair olan Ay Bəniz Əliyarın şeirlərini müntəzəm oxuyuram. Onun mətbuatda çap olunan ilk şeirləri və ilk şeirlər kitabı haqqında da söz demişəm. Ay Bəniz Əliyarın şeirləri ən çox onun isti poeziya ocağı hesab etdiyi “Azərbaycan” jurnalında işıq üzü görür. Onun şeirləri çağdaş şeirimizin müasir durumunu əks etdirən bir səviyyənin göstəricisidir. Əsl şeir necə olmalıdır və o şeir şairin poetik duyğularını necə əks etdirir? sualına Ay Bəniz Əliyarın şeirlərində cavab tapıram.

 

Mən yazıram, içimdəki od sönsün deyə,

Yazıram ki, ağrılarım dinə, danışa...

Mən yazıram, qanad olum eşqə, sevgiyə,

Yazıram ki, dönsün ürək yaralı quşa.

 

Nə hikmətsə, yazdıqlarım güc verir mənə,

Bu gücümü dostlarla da bölə bilərəm.

Nəfəs alıb verən kimi yazıram yenə,

Mən yazmasam boğularam, ölə nilərəm.

 

Şairliyi, poeziya vurğunluğunu öz həyat idealı sanan hər kəs “nəfəs alıb verən kimi yazıram” deyə bilər. Ay Bəniz Əliyar üçün “həyatın poetik tərəfi” onun öz hislərindən, duyğularından keçir. O duyğularda, o hisslərdə Vətən də, torpaq da, ocaq da, ağac da, bir şəhid də, “Hardasa bir ümid də”, xatirələr də, sevgi ömrü də poeziya rənglərinə, naxışlarına bürünür.

 

Bir gül əkəsən bağında,

Gülüstana tən qoxuya.

Uca dağdan ev tikəsən,

Duman ala, çən qoxuya.

 

Çala, susmaya tütəyin,

Boşala,dola ətəyin.

Adına Vətən dediyin,

Qucağı Vətən qoxuya.

 

Ümid ola saxladığın,

Kədər ola doğradığın.

İçin-için ağladığın

Saçların da dən qoxuya.

 

Bəxti yolundan siləsən,

Haqqa tanrıdan gələsən.

Öləndə elə öləsən

Torpağın da sən qoxuya.

 

“Qoxuya” rədifi üzərində köklənən bu şeir öz adi mənasından (qoxlamaq, iyləmək)  uzaqlaşaraq poetik mənalar kəsb edir.

Ay Bəniz Əliyarın bədii dili ifadə vasitələrinin zənginliyilə seçilir. Məcazlar, təşbihlər, metaforalar, simvollar,  mübağilələr – bu poetik  füqurlar onun şeirlərinin ŞEİR kimi qavranmasını şərtləndirir.

Qəlbimi oxşadı bahar yağışı,

Tutub buludları ilməyə hördüm.

Bir ovuc dumandan çəkdim başıma,

Bir çimdik bənövşə ətiri dərdim.

 

Bir süfrə başına cəm olduq yenə,

Dörd bacı, üç qardaş, doldu boş masa.

Həsədlə baxırdı eşikdən günəş,

Balaca daxmadan boylanan yaza.

 

Deyim ki, Ay Bəniz Əliyar metaforalar  şairidir. Bir-birinə oxşar məfhumların müqayisəsi zamanı məfhumlardan birinin  atılaraq əvəzində onun bir xüsusiyyətindən istifadə yolu ilə yaradılan metaforalar hər hansı şeirdə yeni bir məna çaları yaradır. Bir kiçik şeirə müraciət edək:

 

(Yağış yağır, yenə yağır,

Hər məhləyə, tinə yağır.

Doluxsunub uşaq kimi,

Sallayıb alt dodağını.

Bu buludlar mənə tanış,

Eşidirsən?

YAĞIŞ YAĞIR...)

 

Ay Bəniz Əliyarın bu çağacan oxuduğum şeirlərində mən ayrıca dağa, dənizə, çiçəyə, çölə, ilin fəsillərinə, gölə, dumana həsr olunan elə bir şeirinə rast gəlmədim. Amma onun şeirlərində təbiət və onun atributları təyinedici rol oynayırlar. “Kötük”, “Kəsilən ağac”, “Kəpənək eşqi”, “Ay tutulması” və.s. şeirlərində təbiət həm özü bir obraz kimi diqqəti cəlb edir, həm də obrazlılığı təmin edir. Kəsilmiş ağaclardan az şeir yazmayıblar, Ay Bəniz Əliyar da bu faciəni əsl faciə kimi mənalandırır:

Sən kəsirdin ağac kimi,

Dili yox idi danışa.

Sözü yox idi ağlaya,

 Əli yox idi savaşa.

 

Nə olsun, kəsdiyin yerə

Axmadı bir damcı qanı...

Günahına günah qatdı

Tumurcuqların fəğanı.

 

Ay Bəniz Əliyarın şeirlərində gözəllik anlayışı aparıcıdır desəm, yanılmaram. Gözəllik təkcə gözəl olan əşyaları, sifətləri tərənnüm etmək deyil, bu gözəlliyi insan həyatında, bu insanın işıqlı duyğularında, sevincdə, sevginin səni yaşatmaq qüdrətində, təbiətin hər zərrəsində görmək deməkdir. Hətta kədərin, qəmin özündə də gözəllik yaşar.

“Kəpənək eşqi” şeirində gözəllik antigözəlliklə qarşılaşır. Bir başqa şeirində  sevgi ilə ayrılıq üz-üzə dayanır. “ Hər  şey qəfil olur, qəfil, çox qəfil, Birdən sevgi yağır, birdən ayrılıq”. Deyərdim ki, onun bir çox şeirlərində sevgilərlə ayrılıqlar, həm təzadlı qütblər kimi diqqəti cəlb edir, həm də hardasa birləşirlər.

Ay Bəniz Əliyar “Poeziya həyatın öz nəfəsindədir” (Belinski) formuluna da şeirlərində riayət edir, yəni həyatın mənası nədir, insan necə yaşamalıdır suallarına cavab axtarır və mənim fikrimcə, doğru cavablar tapır.

Ən gözəl hislər də xərclənib bitir,

Yeni heç nə qalmır dişinə dəyən.

Onda yaşamağın mənası nədir?

Heç nə qalmayıbsa yenilənməyən?

 

Sahib durmaq olmur bir çox hisslərə,

Bəzən əcəb belə həddini aşır.

Bir başqa baxırsan olduğun yerə,

Ömür günü-gündən mənasızlaşır.

Əlbəttə, kiçik bir yazıda mən Şabranda yaşayan bu istedadlı şairin - Ay Bəniz Əliyarın şeir yaradıcılığı haqqında geniş, əhatəli söz aça bilərəm. Amma "Görünən kəndə nə bələdlik" deyirəm.

Amma çox arzu edirəm ki, Ay Bəniz Əliyar müasir həyatın dərinliklərinə də baş vursun, öz gözəllik anlayışının hüdudlarını genişləndirsin, real həyata daha çox yaxınlaşsın. Sonda onun altı il əvvəl qələmə aldığı ( “Azərbaycan” jurnalı, 2019, 11) bir şeirindən üç bəndlə sözümü bitirirəm:

 

Özünə çəkilir tənha adamlar,

Dolur ayrılıqlar boş küçələrə.

İndi qərib-qərib yağışlar yağır.

Göylərin kölgəsi düşməyən yerə.

 

Yenə ehtirasla söndürür Bahar

Payız yatağında gül nəfəsini.

Tozlu sinəsində basdırır yollar,

Tənha qadınların addım səsini.

 

Üstümə çəkmişəm ağ saçlarını,

Sanki işığlanıb günüm-gündüzüm.

Eləcə dənlənən saçların kimi

Getdiyin yollarda ağarır gözüm.