Lilpar Cəmşidqızı - Dəli olmuşam ...

Bir sevda könlümə od salıb yenə,
Bir eşqin əlindən dəli olmuşam.
Qarışıb tüstümə ruhum ölməyib,
Yanıb öz külümdən mən doğulmuşam.
Çox gec daddırıbdı tale bu tamı,
Anlamır ürəyim, görmür xatamı.
Artıq xəzan vurub şehli butamı.
Bilmirəm nə zaman, harda solmuşam.
Gizlənpaç oynayır söz qələmimlə,
Bəhsə girə bilməz Leyli mənimlə.
Yormuşam ruhumu dərd, ələmimlə,
Bir eşq aləmindən, yar, qovulmuşam.
İstədim zirvədə ev tikim, könül,
Üstünə sevgidən tor çəkim, könül.
Yoxdur dərman verən bir həkim, könül,
Çarəsiz gəzirəm, bax, yorulmuşam.
Lilparam, gəlməyir yar ətri mənə,
Yandıqca od vurur, nar ətri mənə.
Gəldikcə utandım ar ətri mənə,
Hardan biləydim ki, mən vurulmuşam.