Balayar Sadiq : - Başsağlığı

Buludların
göz yaşına bükün
ölüm xəbərimi.
Kəndimizdə
bir alça ağacının
xatirəsində qazın qəbrimi.
Kəndimizin alça ağacları,
Uşaqlığımın
ətrinə bələnmiş
xatirə boğçası.
Səngərlərdə
barıt qoxusu hopmuş ömrümün,
Bir kənd saflığında
unudulmuş parçası –
kəndimizin alça ağacları.
Hər səhər
quşların nəğməsi yağar,
naxış-naxış, xana-xana.
Bir alça ağacının
tənhalığına.
Dostlar,
bir yaz axşamı,
Oxşayın bir alça ağacının
boyunda bitən başdaşımı.
Silin göz yaşını
misralarımla
alça çiçəklərinin.
Uşaqlığım – alça ağaclarına
başsağlığı verin.