Kəmalə Abiyeva :- TƏLƏBƏYDİM

Ədəbiyyat 07:58 / 24.04.2025 Baxış sayı: 1020

 

 

Bu həyatda

agrı dolu, sevinc dolu yollar keçdim.

Gör ömrümdən neçə-neçə

aylar keçdi, illər keçdi...

Gəncliyimdən nə vaxt belə iraq düşdüm,

bilmədim mən...

İlk sevgidən, ilk həsrətdən,

O bəxtəvər günlərimdən

nə vaxt belə uzaq düşdüm,

bilmədim mən...

Tələbəydim...

Bər-bəzəksiz o adicə mühazirə otagları

gözəl idi aman necə!

Hər gün ötüb keçdiyimiz

o dəhlizlər əziz idi,

orda ötən günlərimiz əvəzsizdi...

Arabir də bir-birinə

oğrun-oğrun baxan gözlər,

pıçıltılar, gizli sözlər necə safdı, təmiz idi...

Tələbəydim..."Bu dərs bitsin,

tez qutarsın bu imtahan”deyə

yaman tələsirdim mən çox zaman.

onda mənə çətin gələn hər imtahan

nə asanmış, heç bilmirdim...

Həyatdakı neçə çətin imtahandan

xəbərsizdim....

Bu həyatda qiymət almaq

müşkül imiş, heç bilmirdim...

Tələbəydim...

Bir binanın divarları arasında

yaşayırdım xoşbəxtlərin sırasında.

Bəlkə elə bu dünyanın

lap ən kiçik bucağında

bəxtəvərdim səadətin qucağında...

Səadətdən xəbərsiz tək vurnuxurdum

hey səadət sorağında...

Tələbəydim...

Gəncliyimlə mən həyata naz edirdim

Bu həyatın hər nazından xəbərsizdim...

aman necə xoşbəxt idim!..

Həyat bütün sevinciylə mənim idi,

heç bilmirdim...

Tələbəlik...

Ömrümüzə şirin, kövrək

xatirələr yazan illər.

İllər ötür..

Ötən illər ömrümüzə sən yazanın

bir anını yaza bilmir...

Tələbəlik...

Ömrümüzün sədəfini pozan illər

Ömrümüzdən sən yazanın

bir anını poza bilmir...

Tələbəlik...

Ömrümüzdən neçə illər ötsə belə

o illərin sevincini tapa bilmir ürək hələ...