Şakir Xanhüseyn : - Qələbə elə şey ki...

Ədəbiyyat 07:27 / 14.06.2024 Baxış sayı: 1051

***

Qələbə elə şey ki,

hamı səni ovcuna alar,

ovuclarda heç bir alpinistin də

ucalmadığı bir ucalığa ucalarsan;

çoxlarının arzusudu o ucalıq,

xəyalıdı;

arzu, xəyal ucalığı,

dağda qar ucalığı,

inam, etibar ucalığı!

Qələbə bu yer, bu göy ki,

bütün istəklərin üstünü üstlərsən,

hamıya üstünlüyünü göstərərsən,

tək-tək hamı olarsan,

Bax, hamının ilham qaynağı--

İLHAMI OLARSAN, İLHAMI,

HAMI OLARSAN, HAMI,

HAMININ OLARSAN!

Hə, qələbə elə bir şey ki,

artıq susarsan,

şöhrətin başlar danışmağa,

şanın başlar,

yeni bir dövrün sənin başlar,

xəyalların, ümidlərin ehtişamı başlar,

artıq bu saatdan sonra

Damarlarında yeni bir qan dolaşımı başlar,

Qan dolaşımı!