Ağaevli Əli Hacı - Ürəyimin daş başına
Ədəbiyyat
10:48 / 14.08.2026
Baxış sayı: 726
Ürəyimin daş başına,
düzü qoyub,dağa düşüb !
Yol-izinə rəng vurmağı
saralan yarpağa düşüb !
Açıb yaxasını dünya,
yeri verib oda,suya .
Buda doğulubdu guya...
dünyadan qırağa düşüb !
Keçib hamının böyründən,
sevməyib özün böyüdə.
Həm kiçikdən,həm böyüdən
bir addım uzağa düşüb !
Sözə ac qalıbdı,sözə
sözə qocalıbdı,sözə !
Söz əkib,dünya düzələ
söz-şoran torpağa düşüb !